Hipnoz
Xalqın fobiyaları, yəni qorxularının iziylə
- Yat, yat....
yuxuya get! Bu gününü unut, keçmişə qayıt! Qorxularının mənbəyini tapmayıncı
ayılma, ayılma...
- ....
- Pasient, nə görürsüz? 20-ci əsrin sonunda nələri yaşadın?
- Boşluqdu, heç nə görmürəm.
- Bir az da geri gayıt. Pasient niyə titrəməyə başladın? Sizi belə qorxudan
nədir?
- Xocalı!.. Şuşa, Laçın!.. Xocavənd, Kəlbəcər, Ağdərə!..
- Bir az təmkinli olun.
- Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Ağdərə, Zəngilan!.. Hamısı getdi.
Var yoxumu dalıma şələdilər! Çöllərə düşdüm.
- Acılı günlərdən bir az geri qaçın, keçmişə doğru.
- A-zad-lıq! A-zad-lıq! Otur, dur! Kim oturmasa ermənidi! Ermənilərə
ölüm! Qarabağ bizimdi!
- Bu qədər həyəcanlansaz sizə ziyan olar. Meydandan əvvəlki dövrdə nə
var?
- Heç nə yoxdu. Mən kimliyimi dəqiq bilmirəm. Tı çto azsektor? Na azibijanskom
ya ne rozqovarivayu. Çuşka çto li?
- Bu dövrü unutmaq da olar. Dünya müharibəsindən əvvəl nələr görürsüz?
Rənginiz niyə ağardı? Yenəmi qorxursuz?
- Bu şotkabığ, gürcü ləhcəsiylə danışan kişidən hamı qorxur. Çox qorxuram.
Qara gödəkcəli adamlar gecəynən evdən aparanda qalanlarçün qorxurdum.
Onları pərdə dalından izləyəndə də səsimi içimə salıb boğulmuşdum. Vallah,
danosu da, nahaq tutulanların hökmü altında imzanı da qorxudan atmışam.
- Bəs daha əvvəl?
- İncilislərin tapdağı, erməni qırğını!.. Axı, Məmmədəmin Rəsulzadə
dövləti qurub əlimə verəndə niyə qanmadım. «Ruslar gəlməsə dolana bilmərəm»
deyib başıma daş saldım.
- İndi hönkürməyin nə xeyri. Ürəyini ovutmağa sənətdən-zaddan bir şey
yoxmu?
- Hə, hamı «Leyli və Məcnun»a baxmağa gedir. Şuşada bulaq başında Xanın
səsi ucalır: «Şuşanın dağları, başı dumandı»....
- Pasient, yenə də fikrindən bulaq daşında kabab yemək keçir?
- Arazı ayırdı-laaaar...
Qan ilə doyurdu-laaaar...
Mən səndən ayrılmazdım!
Zor ilə ayırdı-laaaar...
- Şer deməli bövrandı?
- Əti dırnaqdın, ananı baladan, o tayı bu taydan necə ayırmaq olar?
Parçalandım, iki tikə oldum, susduruldum...
- Pasient, bir az da geri, şanlı keçmişə doğru qayıdın.
- Həmişə ayaq altında qalmışam. Hər gələn üstümdən keçib, sinəmdə çapıqlarını
qoyub.
- Bəs Şah İsmayıl Xətai dövrü necə? Yəni Babəkin, Koroğlunu dövranı
olmayıb? Bunlar ki, əfsvnə deyil?!
- Məni rahat buraxın! Əl çəkin məndən! Nə istəyirsiniz, hər şeyimi vermişəm.
Xalçalarım dünya muzeylərində, sənətkarlarım qürbətdə, neftim, sərvətlərin
ciblərdə. Daha nə istəyirsiniz?!
- Belə getsə seansı kəsməli olacağıq.
- Mən özüm kimi olmaq istəyirəm! Öz taleyimi özüm yaşamaq istəyirəm!
Tariximi də özüm yazmaq istəyirəm! Bezdim belə yaşamaqdan, dizin-dizin
sürünməkdən. Mənə bir udum AZADLIQ verin! Bir parça çörəyə görə diz
bükmək mənim taleyim deyil! Nə qədər hədər yerə qan tökmək olar axı?..
- Pasient, sakit olun. Üç rəqəminə çatanda çırtıq çalan kimi oyanacaqsız.
Bir, iki, üç... Oyandız? Nə yaxşı ki, salamatsız. Artıq qorxmağa başlamışdım.
Bir baxın, hər şey əvvəlki kimidir. Cəmi 20 faiz torpaqlar işğal altındadı.
Qaçqınları da bir təhər yerləşdirmişik. Məktəblərdə, universitetlərdə
uşaqlar oxumaq, müəllimlər dərs demək istəmir. Məmurların yenə də rüşvətlə
dolanır. Görürsənmi, qorxmalı heç nə yoxdu. Körpülər tikirik, yollar
salırıq, şadlıq evləri boyhaboy ucalır. Bir ucdan toy eləyir, nəsil
artırırıq. Müharibə haqqında söhbətlərə bir o qədər inanma, bir növ
siyasətdi də...
- Doktor, yenəmi qan töküləcək?..