Sonu nağıl kimi
Ağlama, bəxisizim, ağlama!
Sənə nədən danışım, əzizim!? Uşaqlıq eləmə, yenə də nağıl istəyirsən?
Gəl sənə xaricilərin həyatından danışım. Həm nağıl kimi səslənir, həm
də realdır. Özüm olmamışam, amma bəxti üzlə olanlar danışır. Deyirlər
orda adamın yaşamağı gəlir. İnanmırsan? Orda insanlar səhər duranda «Ay
Allah, yenə də işə» demirlər. Onlar «Görüm bu gün məni nə maraqlı şeylər
gözləyir» fikirləşir.
Bizi elə tərbiyə ediblər ki, guya hər şeyimiz var. 9 qurşaqlı iqlimimiz,
torpağımız, suyumuz, təbiətimiz və ən vacibi insanlarımız. Bəzən ağını
çıxarıb «təhsilimiz, iqtisadiyyatımız, güzaranımız və gələcəyə ümidlərimiz»
də deyirlər. Onlara fikir vermə. Fatalist adamlardı, bəxtə inanırlar.
Elələri lotoreyada udur. Fatalistlər bir lotoreya alıb bütün nəslinin
ev haqqında arzularını reallaşdırır.
Bizə uşaqlıqdan deyiblər ki, guya xaricilərin mənəviyyatı evimizdəki köhnə
aşsüzən kimi deşik-dişikdi, onların ürəyi daşdı və hətta gülüşləri də
saxtadı. 70 il irəlilədik, kommunizmə çatmadıq. Avropa «Burda kommunizm
kabusu dolaşır» deyib tükləri biz-biz ürpəşmiş halda gəzərkən sürünüb
kommunizmə çatdı. Biz elə bilirdik ki, asudəlik simvolu bildiyimiz komunizm
bir addım o yanadır, ağır yerimizi becit tərpətsək çatarıq. Onların isə
hər mağazasında, hər rəfində kommunizm adamın üzünə qayıdır. Yalan deyirəmsə
ömrü boyu Biləcəridən o yana çıxmayım.
Nə gözlərini bərəltmisən? Mənə sudan çıxarılmış xərçəng kimi baxırsan.
Xərçəng heç isti su vannasında qıpqırmızı «zaqar» alandan sonra da onların
boşqablarında uzananda gözlərini belə bərəltmir. Orda elə meyvələr var
ki, Miçurin özü görsəydi səndən də beşbətər gözlərini bərəldərdi. Sonra
əlacsızlıqdan özünü həyətindəki albalı ağacından asardı. Yaxşı day, zarıma,
söhbət eləyirik də. Ürəyinə salma.
Orda qapını döyəndə insanlar elə bizim kimi «Kimdi?» soruşur. Cavabında
isə «mənəm dəə..» əvəzinə adını deyir. «Sim-sim, açıl» deyirmiş kimi adını
deyən adama etibar edib açırlar. İnanmırsan? Çünki o, bilir ki, zəng eləməmiş
polisi dalında dayanacaq, telefon düyməsini basan kimi 911 xidməti. Xəta
olsa ürəyin gedənəcək, ağlın huşun ağ tunelə girincə sənə ürək-dirək verəcəklər.
İnanmazsan, orda adam kimi yaşamaq üçün oğurluq eləmək lazım deyil. Oğurluq
ayıbdı, rüşvət isə cinayət. Oğruların eybini irsi faktorla, psixi pozuntuyla
izah edib bağışlayarlar, amma rüşvətxora bəraət verməzlər. Orda fahişələri
yox, onun müştərilərini danlayırlar. Narkomanların isə xəstə kimi nazını
çəkirlər. Yəqin anlayırlar ki, hamı cavabdehdir, təkcə narkomanı qudurtmuş
atası yox.
Oturmusan, yox özünə zülm vermə, yanını yerə bas. Ayaq üstə dözməzsən.
Onların mehmanxanalarında balışüzünün ölçüsü balışlarla uyğun gəlir.Onlar
divanüstü balışların rəngini divar kağızıyla uyğunlaşdıra bilirlər. Deyirsən
bundan indi bizdə də var? Neçə ildi balışlarıma uyğun gələn balışüzü tapa
bilmirəm. Lap bahalısını da almışam, çox bahalısını da. Nə yorğana uyğunlaşırlar,
nə də yatağa. Yəni bizim fərqlərimiz bu qədər çoxdu?
Adam lap vahimələnir, amma onların qəhrəmanları da yoxdu. Sitat gətirməyə,
şəklini yapışdırmağa yəqin adam tapa bilmirlər. Millət liderlərin bioqrafiyasını,
başbilənlərinin kimlə, harda, nə etdiyini fərli-başlı bilmir. Nə şərəf
lövhəsi var, nə əməkdar insanlar.
Biz çox fərqlənirik. Onlar bura gələndə abidələrin qarşısında şəkil çəkdirir.
Biz ora gedəndə isə mağazaların qarşısında. Bax, indi sənə iki şəkil göstərim.
Birində Hötenin heykəli qarşısında, lap qucuqlaşmış pozada olum, o birində
isə super marketin çeşidli rəfləri qarşısında. Hansı fotoya dişşətlə baxmaq
istəyərsən? İkinci fotoda üstəlik bir qucaq sual da verərsən: «Arxandakı
filan mal orda neçəyə idi?»
Səni and verirəm, həftənin 3 gününü sizdə gecələyən qaynananın canına,
kədərlənmə, bizdə də nə vaxtsa belə olacaq. Xaricilərin bizə necə də mərhəmətlə
baxdığını görmüsən? Onlar bizim gələcəyimizə bizdən də artıq inanırlar.
Fikir vermisən, bizlərdən kimisini görəndə gülümsəyirlər, bəzən lap göz
də vururlar ki, çox fikir eləməyək. Yəqin həyatımızın çətinliyini ürəklərinə
salırlar. Təsəvvür elə, məhlənizə eybini yarpaqlarla örtmüş papuas gəlib.
Onun gününə acııb bağrımıza basıb öpmərikmi? Yazıq firmennı nədi, heç
Çin istehsalı olan tumanın nə olduğunu bilmir! Ona görə də xaricilər tez-tez
bizdən had-əhval tutur: «Yemək istəyirsiz? Bəlkə dərman göndərək? Vaksinasiyanızın
vaxtı keçməyib görən?». Bəzən həmrəylik rəmzi kimi bizim qəzetlərdən sitatları
maykalarına köçürüb şəhərdə gəzişirlər. Arzularımızı onların kürəklərində
oxumaq ona bir addım yaxınlaşmaq kimi gəlir.
Döz, əzizim, döz! Biz dözümlü xalqıq. Qloballaşmaya da bir şey qalmayıb.
Bu məsələnin incəliklərini bilmirəm, amma sonunda ya onlar bizim kimi
olacaq, ya da biz onlar kimi. Hər ikisi mənə sərf eləyir…