Həyata vəsiqə
Bakı şəhəri. Şəhər qimnaziyalarından birində birinci sinfə qəbul imtahanından
sonra müsabiqənin cavablarını gözləyərkən valideynlərin söhbətindənıı:
- Sizə neçədə gəlməyi dedilər?
- Səhər 9-dan burdayıq. Dünən də gəlmişdik, bu günə keçirdilər. İndi də
deyirlər ki, cavabları 2-dən sonra elan edəcəklər.
- Səbrim tükənib, az qalıram uşağın sənədlərini götürüb gedəm. Direktor
olanda nə olar, valideynlərə hörmət eləməzlər. 2 gündü avara edib bizi.
- Bəs bilmirsiz niyə? Gözləyir ki, valideyn səbirsizlik edib vasitəçilik
axtarsın ki, rüşvət verə.
- Eşitmisiz, 500-dən, 1000-dən dəm vururlar?
- Deyim ki, biz razı idik pul verək, imtahana gəlməyək. Amma dedilər ki,
uşaq mütləq müsabiqəni keçməlidir.
- Azərbacanda rüşvəti qanuni işə görə alırlar. Bacarıqsız, biliksiz uşaqdan
heç pul da almazlar. Burda pulu biləndən alırlar.
- İmtahanda elə suallar verirdilər ki, elə bil uşağı instituta qəbula
gətirmişdim. Mənimkindən soruşurdular ki, tərəziyə çıxmısan, çəkin 20
kq-dır. Bir ayğını qaldırsan çəkin nə qədər olar?
- Gör bir nə soruşurlar!? Uşaq nə bilsin ki, bir ayağının çəkisi nə qədərdi.
- Hələ 1-ci sinfə getməmiş uşaqdan işğal olunmuş rayonların adını soruşarlar?
Guya bununla vətənpərvərlik hissini yetişdirirlər.
- Hə, gücləri elə bağça uşaqlarına çatır. Onlan o yana uşaqlar heç nəyi
öyrənmək istəmir. Hətta qaçqın da yalnız öz rayonunun və kəndinin adını
gücnən bilir.
- Biz o qədər şeir hazırlamşdıq, heç soruşmadılar. Deyirlər ki, ananın
adını hecalara böl. Məktəbə getməmiş uşaq heca nə bilir?
- Hə də… Mən də onu deyirəm. Uşaq hər şeyi bilib məktəbə gələcəksə bəs
siz nə öyrədəksiz ona?
- Biz içəri girən kimi soruşdular ki, nə bilirsiz? Dedik Azərbaycana aid
nə varsa hamısını bilirik. Bizdən İngiltərənin paytaxtını soruşdular.
- Gör bir! Heç ingilisin uşağından Azərbaycanın paytaxtını soruşarlar?
Elə bir azərbaycanlı balasına qalıb rusun da, ingilisin də, farsın da
paytaxtını bilmək.
- Bizdən ikimərtəbəli məsələlər, bir məchullu misallar soruşurdular. Elə
bil riyaziyyat təmayüllü məktəbə girirdik.
- Hələ şükür elə. Mənim uşağımdan soruşdular ki , 5 dənə 20 qəpiklik nə
qədər edər? Mən də ki, belə şeylərə dözmərəm, qayıtdım ki, bəyəm mən bazarkom
yetişdirirəm? Məqsədə uyğun suallar verin. Soruşun bayrağımızın rənglərini,
mənasını. Herbimizi, himnimizi…
- Vay, bişdik istidən. Allah bunlara insaf versin. Bilsəydim özümlə yemək,
su gətirərdim. Nə müşkül məsələ oldu bu məktəb işi.
- Bəs nə bilmişdin, burda uşağına normal təhsil vermək hər kişinin işi
deyil. Gör hələ sonra nə qədər soyacaqlar.
- Heç müəllimlərindən gözüm su içmədi. Qapıda biri vardı, adama lap «avçarka»
kimi baxırdı.
- Biz imtahan verəndə müəllimlərdən biri çıxıb qapıda əlini belinə qoydu
və dedi: «Xahiş edirəm, uşaqlarınızın cavablarını diqqətlə izləyin. Sonra
artıq söz-söhbət olmasın. Bilirsiz də, müəllimə nə var. İki dəqiqəyə sübut
edərəm ki, uşağınız «tupoy»du».
- Yəqin direktor aldığı pullardan onlara heç nə vermir, ona görə acıqlıdırlar.
- İçəri keçən kimi qapıda biri dayanmışdı, deyəsən elə o müəllim idi,
yaman donquldanırdı: «Bayırda uşaq oyun çıxarır, içəri girən kimi deyirlər
ki, uşaq özünü itirdi». Cavabında dedim ki, istidi də, uşaqları bir yerdə
saxlamaq çətindi. Lap özündən çıxdı: «Bəs biz 35 uşağı necə saxlayırıq?!».
Bir-iki kəlmə xoş söz deyib, ürəyini almaq istədim: «Sizə medal vermək
lazımdı!» dedim. Heç vecinə almadı. «Verin də, heç olmasa taxtadan verin»
deyib tapanca kimi açıldı. Bilsəydim müəllimlərə bir sovqat gətirərdim
ki, uşaqları çox incitməsinlər. Kaş uşağım ona düşməyəydi…
- İmtahanı cırhacıra salanda belə olacaq da. Bizim bəxtimiz gətirdi, tez
keçdik. Axşamacan gözləyənlər vardı. Uşaqlar lap əldən düşmüşdü.
- Qapıda dayanan polisə yoldaşım 20 manat verdi ki, bizi tez içəri salsın.
Pula baxdı, ağzını büzdü. Bu nədi – dedi - 30 elə.
- Bu hələ harasıdı… Məktəbə girməmişdən başlayırsan paylamağa, uşağın
saçı-başı ağaranadək xərcin bitmir. Ver ki, verəsən. Hamının gözü əlimizdədi.
Məktəbi bitirəndə də ver, attestat alanda da. İnstituta ver, hər sessiya
bir ətək pul payla. Sonra işə düzəltməyə də ver. Pul tapmasan o boyda
xərcin batacaq. Uşağın ali məktəb diplomuyla daş daşıyacaq.
- Ora bix, qapıları niyə bağlayırlar? Cavabları bu gün də deməyəcəklər?
- Yox e. İndi kağızları asacaqlar, qorxurlar ki, valideynlər içəri hücum
çəkər.
- Hə…, şüşələri silirlər. Vərəqi içəridən yapışdıracaqlar. Elə bil biz
heyvanıq, kağızları cıracağıq, nədir!? Sən münasibətə bir bax.
- Sən mənim canım, mən o basa-basa girsəm ölərəm. Mənim də uşağımın adını
siyahıda tap. Elə hündürdən yapışdırılar ki, heç eynəklə də oxuya bilmərəm.
Bəlkə uşaqlarımız bir sinifdə oxuyacaq.
- Keçdi? Sizinki də keçdi? Mənimki taxtabaş, atılıb düşməyinə baxmayın,
keçmədi. Gedim görüm iki tin aşağıda da bir məktəb var. Hələ qəbulu bitməyib.
Axır hansısa biri götürəcək…
P. S. Tərəzi ilə testin cavabı belədir ki, adam ayağını qaldırsa, lap bir barmağı üstdə dayansa da çəkisi dəyişməz. Uşaqlar olmasa da böyüklər bunu bilməlidi.