Ailə söhbəti
Əzizim, ürəyim yaman sıxıldı, bəlkə bir az ali hisslərdən, sənətdən danışaq.
Nə dedin? Xumar yaxşı müğənnidi? Marşrutda oxuyanda ona gözün düşüb. Bu
saat kişilərin hamısının onunçün ürəyi gedir. Üstümə niyə şığıyırsan.
Kimdi e.. mübahisə eləyən. Mənim özümün onları eşidəndə ürəyim axır, başım
dumanlanır. Axır vaxtlar lap zəifləmişəm, deyəsənə marşruta çox minirəm.
Mənə qalsa gözüm Namiqi tutub, amma Aygün tutduğunu buraxandı ki, bizə
də bir şey düşə. Xariclə ulduzlar geyilmiş paltarlarını pərəstişkarlarına
bağışlayır. Görən zəhləsini tökəndən sonra onu neynəyəcək? Söz ver hirslənməyəcəksən,
sonra deyim. Müğənni səhnədə oxuyanda arxasında iki –üç cavan , çox vaxt
lüt ətcəbala ilan kimi qovrulur. Yəqin mahnıdan ekstaza düşürlər. Elə
xoşuma gəlir!.. Yalan demə, o gün Samir Bağırovun yanındakı qızlara necə
baxdığını görmədim, bəyəm?
Düz deyirsən ayaqlar qulaqlarından başladısa oxumaq nəyə lazımdı? Sənin
ayaqların futboldan əyilməsəydi düz ayaqlara belə həsədnən baxmazdın.Yaxşı
da özündən bel niyə çıxırsan? Uy, uy qapazlama. Səniynən mədəniyyətdən,
sənətdən danışmaq istədim! Sənsə?
Bax, istəyirsən televizoru da keçirim səninçün. İntim şərait yaradım,
gözün məndən başqasını görməsin. Deyirsən dözə bilməzsən? Televizorsuz
yaşaya bilməzsən? Yaxşı, onda mən çəkildim qırağa. Sən allahın, de görüm
kimi televizora dəyişə bilərsən? Ciddi deyirsən? Təsəvvür elə evdə televizor
əvəzinə tumbanın üstündə Röya oturub. Və oxuyur. Ay Allah, onu heç razetkadan
da çıxarmaq mümkün olmaz. Özün bil, hava haqqında da, futbol haqqında
da, sənətdən də onunla danışmalı olacaqsan ha!.. Dözə bilərsən? Fikrin
oxumağına getməsin. Nənəmin cehizi olan qədim komodun üstündə oturub danışmalı
olsa divar qonşumuz Şovkət xala elə biləcək ki, 15 ildə sənə demədiyim
ürək sözümü dilimə gətirib 7 arxa dönənini söyürəm. Nə bilsin ki, özüm
Röyanı evə buraxmışam.
Fikrim dabıldı, bağışla, biz nədən danışırdıq? Sənətdən? Onda Xumarın,
Röyanın, Namiqin bura nə dəxli var?.. Axı bizim nəyimizə qalıb kim, harda,
neyniyir? Bax, ütü yanıb, kartof qurtarıb, bu gün-sabah işığımızı da kəsəcəklər,
televizora həsrət qalacaqsan. Sən evə yuksək səviyyəli kartof alanda mən
özüm o qədər gözəl, ali hisslər keçirirəm ki, heç sənətə ehtiyac qalmır.
Bu kartofu yağın içində elə çığırdaram, televizordakıların fonaqramlı
oxumasından da yaxşı alınar. Bax ha, elə eləyənsən hər axşam sənə şam
əvəzinə Rəqsanənin kassetini qoyub gözünü də, qulağını da doyuraram.
Mənə təzə ütü alsaydın bu qədər deyinməzdim. Bu elə sənin də xeyrinədi.
Xumar haqqında qaynar fikirlərinlə şalvarını ütüləməyəcəm ki. Elə demə,
məncə onlar xalqa çox lazımdı. Ütünü deyirəm e, onsuz heç olmur. Nə dedin,
kim axmaqdı? Otaqda bizdən başqa birisi də var? Hə, televizoru deyirsən?
Ürəyim düşdü. Bax bunu lap düz dedin, nə qədər oyun, konsert, xit parad
olar. Sən də insafsız, televizora axmaq demə. Bu da bir dəbdi də….
Sənə tam şüurlu şəkildə deyirəm, televizor Aygündən yaxşıdı. Çünki səni
televtzorla başbaşa qoya bilərəm, onunla isə yox. Yenə də söyürsən? Yalandan
başımı bişirirsən ki, kamodun üstündə televizor əvəzinə Aygün olsa onun
sənnən işi olmaz. Eşit inanma, guya onun barəsində deyilənlər hamısı şaiyədi?
Mən ayağımı bayıra qoyan kimi tumbanın üstündən sürüşüb sənə yalvaracaq.
Bəli, bəli, elə bilirsən bilməyəcəm? «Arvadının bişirdiyi o kartof qızartmasından
mənə də ver» deyib zəhləni tökəcək. Məndən gizlədiyin axırıncı pula içki
alıb eyvanda gizlədiyim şorabayla «zakuska» edəcəksiz. Sən deyənlər hamısı
şaiyədi, kim deyir ki, o, ….yenə fikrim dağıldı.… veqetariandir. Xeyr,
necə lazımdı yeyib içəndi. Lazım olar gedib artığını kəsdirər. Bilirsən,
mən televizor məsələsində kompromisə gedərəm, amma evimdə çömçəni heç
kimə etibar eləmərəm. Heç Aygün öz mikrafonunu mənə verər?
Bir az da sənətdən danışaqmı? Mən heç nə qanmıram? Bax, gəl mərc gələk.
Televizoru açıb sənət rubrikasında yenə də bu söhbətləri eşitsək bu gün
qabları sən yuyacaqsan! Danışdıq? Səni televizorsuz qalasan!