Serialsız gününüz olmasın!

Yol qırağında iki dilənçi oturub. Birinin görkəmindən klassik dilənçi olması bilinir. Küçələrdə keçirdiyi illər onun üzündə «professional» izlərini buraxıb. Yalnız işdə olarkən onun gözləri bu qədər həlimdi və sonsuz mərhəmət saçıb imdad diləyir. Əllərinin itaətkarcasına açılıb həyəcandan titrəməsini o anasından və nənəsindən miras alıb. Bu üsulları özü düşünüb tapsaydı ömrü yetməzdi. Öyrənənə qədər evdəki colma-cocuğu acından ölərdi. O, hər gün evə çörək və kontur pulu aparmalıydı.
- Acından qırılan balalarım sizə qurban, çörək pulu verin. Onlardan birini «bolnassiyada» qoyub gəlmişəm. Dərmana pulum çatmır. Uşağa dedim ki, anan ölmüş çıxıb dilənər, millətimiz səni darda qoymaz....(Və sair belə ruhda klassik dilənçi repertuarından seçmələrlər. Adətən belə dilənçinin ovcunda pul qəpikləri cingəldəməlidi ki, yağdırdığı alqışlar ünvanına çata bilsin. Keçib gedənlər bunu yaxşı bilir!)
İkinci dilənçiysə işini bacarmayan, necə deyrlər hələ «yaşıl», «dəyməmiş» personajdı. Əyninə geydiyi paltar nədənsə çin malı deyildi. Axı o bilməliydi ki, dilənçilərin başqa gür geyinməyə haqqı yoxdu. Peşə «etikası»nı pozaraq bir vaxtlar «Çinar» volyuta dükanından aldığı paltarını əyninə keçirmişdi. Yaxşı ki, sonuncu 10-15 il ərzində paltar bozara bilmişdi. Əyin-başından əsil milli müəllimə oxşayırdı. Aeroport alverçiləri müəllimləri iki kilometrdən, özü də geyimindən tanıyır. Əsil məqsəd millətin satan hissəsinin alan hissəsinə münasibəti deyil. «Tem bole» birincilər ikincilərdən çoxdu. Bu müəlliməni dilənməyə nə məcbur edə bilərdi. Onsuz da onların hamısı dilənçi kökündədir, hamısı küçəyə çıxmırlar ki?
- Televizorum xarab olub, ay rəhmdil millətim, mənə deyərmisiz ki, Xose İqnasio o canıyanmışın qulağına nə pıçıldadı? 3 gündür heç nəyə baxa bilmirəm, ürəyim partlayacaq, o dünyada da rahat ola bilməyəcəm. Bəs qasırğadan sonra fazenda salamat qaldı, yoxsa onu da su yuyub apardı? Ay Allah, mən heç bilmədim ki, Amandanın uşağının atası kimdi?!
Gəlib gedənlərdən kimsə belə tükürpədici səhnəyə etinasız baxa bilərmi? Hamı öz qaracünlüyünü gözləri qarşısına gətirib serialsız keçirə biləcəyi bir neçə günü dəhşət hissiylə düşünür. Bu yazığın işi nə olacaq? Mütləq «sveji» məlumatları naəlac qalmışa çatdırmaq lazımdı. Müəlliməni məlumatlandırmaqla qəlb əzablarından xilas etmək o biri dilənçiyə pul verib uşağını cism əzabından «xilas etmək»dən daha savab işdi. Bəlkə o dünyada əvəzi elə maraqlı seriallarla veriləcək? Ona görə də professionalın əlinə arabir pul salan tapılırdısa, serial dilənçisinin yanından laqeyd ötüşə bilən olmurdu:
- Kişinin gicgahı piano çalan yerdə tinə çaxılıb bədbəxti öldürdü. Onun ruhu Salvadora keçir ki, evinə qayıdıb arvadı İzabeli yenidən sevsin. Qaitanonun barından qayıdanbaş danışaram, tələsirəm.
- Allah əvəzini versin. Allah sizi naümid qoymasın!
....
- Özünə Santyaqo deməsinə baxma, o, Santasın özüdü. Mariya-Terezanı azdırmaqçün, bir az da əsəbləşdirməkçün adnı dəyişib. Yaxşı ki, o əclafın Mariya-Terezanın düşməniynən suda necə mazaqlaşdığını görmədin.
- Allah özü kömək olsun, sizi də mənim günümə qoymasın!
....
- Vallah bu rahib hamısını qırıb qurtaracaq. Bircə lənətlənmiş xaç tapılsaydı dəlisov Anastasiyanın canı qurtarardı.
- İnşaallah! Allah sizə pis gün göstərməsin. Mərhəmətini uzaq eləyib serialsız qoymasın!
Bu səhnəni qıraqdan müşahidə eləyən professional dilənçi bir əlindəki xırda pula, bir də «kolleqasının» reytinqinə baxıb axır dözmədi:
- Bağışla, işinə qarışıram. Necə olmasa müəllimsən, çox şeyləri məndən yaxşı bilərsən. Amma qabağına balaca kisə qoyub dilənsəydin çoxdan təzə televidorun pulunu çıxarmışdın. Deyirəm bu millət müəllimini yaman sevir! Gözümnən gördüm, yoldan keçənlərdən biri də sənnən ötüşmədi. Canım çıxsa da balacanı oxutduracam. Bizim sənətə hörmət qalmayıb...