Əncir ağacı ilə müsahibə
Göz
qaytarmaq üçün döyəcləməyə taxta axtaranda
məlum olur ki, dünya allüminium və plastikdən ibarətdir.
Flaqq
Nardaranın sahibsiz, daha doğrusu hasarsız torpaqlarında arabir qoca əncir ağacları görünür. Təbiətin hər üzünü, eləcə də insanların min cür sifətini görmüş ağaclar dilə gəlsəydi nələr deyə bilərdi…
- Əncir ağacı, sənə əmidən, babadan bir şey desəm inciməzsən?
- Mən çoxdandı ki, incimirəm. İnsanların mənə deyəcəyinə qulaq versəydim
bu yaşacan çatmazdım.
- Burda təklikdə darıxmırsan ki?
- Tək niyə oluram. Siz insanlar burnunuzdan uzağı görmürsüz ki. Gör nə
qədər canlı var torpağın üstündə də, altında da. Biz bir-birimizi anlayırıq.
Başa düşmürəm ki, siz niyə özünüzü kənara çəkmisiz.
- Onda insanları da yaxşı tanımış olarsan.
- Düzdü, onlar mənə yalnız işi düşəndə yaxın gəlirlər. Gün başlarına döyəndə
kölgəmdə sərinlənirlər. Bir də ki, əncir dəyəndə canıma daraşırlar. Amma
mən onları çox yaxşı tanıyıram.
- Yəqin yaxşını da pisdən ayıra bilirsən?
- Ağaclar yaxşı və pisi ayırmaz. Qabaqlar insanları itlərdən fərqləndirirdim.
Olurdu ki, iti gövdəmə bağlayırdılar ki, ətrafı qorusun. O da zalım balası
hər gələnə-gedənə hürüb başımı dəng eləyərdi. İndi insanlar da elə olub.
Bir parça torpağa bağlanırlar. Sonra birisi həyətinin yanından keçməyə
peşman olur. Söyüş, qarğış «yağışına» düşür. Görürsən ki, bir qarış torpağa
görə bir-birinin qanına bais olurlar. İt bir qırıq sümükçün hürür. Bəs
insana nə düşüb?
- Onsuz da hamı torpağa qarışacaq.
- Amma mən əncir kimi doğulmuşam, əncir ağacı kimi də öləcəm. İt kimi,
canavar kimi, çaqqal kimi, dovşan kimi yaşayıb, adam kimi ölmək olmur.
- Dil tapa bilsəydik nə yaxşı olardı. İçindəkiləri insanlara danışardın.
- Qan yaddaşına, babalarının məsləhətinə qulaq verməyənlər məni dinləyəcək?
- Keçmişin adamları indikilərdən nəylə fərqlənir?
- Keçmişdə kişilər mənə qiymət verə bilirdilər. Hasar əvəzinə torpağının
sərhədlərində əncir ağacı əkərdilər. Torpağını çəpərləməyi də sevməzdilər.
Buralarda buna mərz deyirlər. Torpağı bir qədər hündürləşdirib öz yerini
qonşununkundan ayırardılar. Onsuz da zamanın qarşısında heç nə dayana
bilmir. Bilirdilər ki, insan ömrü qazandıqlarını əldə saxlamağa imkan
vermir. Əkər, uşaqlarına, nəvələrinə nişanə kimi qoyardılar ki, bəs bu
ağacdan o ağaca qədər filankəsindir. Buralarda öz torpağını beləcə tanıyardılar.
Heç qonşu da göz dikməzdi mərzin o tayına.
- Bəyəm əncir ağacı ölmür?
- Əlbəttə ölür. Amma qoca ağac başını yerə qoyan kimi yanındakı cavan
budaqlara imkan verir ki, özündən sonra böyüsün. Ona görə də əncirin tamam
ölüb izsiz getməsini heç kim görmür.
- İnsanlar da yerini nəvə, nəticəsinə miras qoyur.
- Ətrafa bir göz gəzdir, hamısı boş torpaqlardı. Görürsən nə qədər köhnə
hasar qalıqları var. Qabaqlar hasarı qaya parçalarından tikərdilər. Sizin
indiki karyer daşından min dəfə möhkəm idi. Görürsən, onlar da sökülüb
gedib. Küləklər, yağış və qum onları ovub parçalayıb. Bəzi yerlərdə hasarların
qalıqları görünür. Amma biz ağaclarsa hələ ki, dururuq. Çünki bizim kökümüz
var. Yaradanla da, yaşadanla da əlaqəmizi pozmamışıq.
- Kökünüz dərindir də…
- Ona görə də cavan budaqları aparıb hara əksələr tutur. Çünki onlar da
öz kökünü unutmayıb.
- Yəqin insanların bilmədiyi həqiqətlər sənə agahdır?
- Eşitmişəm ki, sizin kökünüz göylərdədir. Göylərnən əlaqənizi kəsən kimi
ikiəlli torpaqdan yapışırsız. Nə bizə gün verirsiz, nə özünüz adam kimi
yaşaya bilirsiz.
- Onda belə çıxır ki, sənə elə insanlarsız daha yaxşıdı.
- Onlar tez-tez gəlirlər. Ətrafımdakı torpaqları satırlar, alırlar, ölçürlər,
sonra çıxıb gedirlər. Hər dəfə də məni hasarın içinə salmağa çalışırlar
ki, sonra «mənim əncir ağacım» deyə bilsinlər. İnsanlar gəzdiyi torpağın
üstünü tanıya bilmir, altını hardan bilsin?
- Deyirlər, su quyularının hər metrinə vergi qoyacaqlar.
- Mənim köküm gedib yerin təkində su tapanda heç kimdən lisenziya istəmir.
Bu da sizin adamlığınız. Bütün canlılar aralarındakı yazılmamış sazişə
əməl eləməsək hamımız məhv olarıq. Nədənsə siz heç qırılana oxşamırsız.
- Görəsən torpaq da bu xəyanətkarlığımızı bağışlayarmı?
- Torpağı bilmirəm, amma mən bağışlayacam. Görürəm ki, belə getsə insanlar
yenə də əncir yarpağına möhtac qalacaq. Bir vaxtlar eyiblərini örtməyə
əncir yarpağından başqa bir şey ələ düşməmişdi…