Tənhalıq haqqında oda

Qaynayan caydanın ritmində variasiyalar

Pəncərəmə quşlar doluşmaq istəyir. Bir-birinin ardıyca içəri can atırlar. Qanadlarını açır, çırpışdırır, dimdiklərini açıb üzümə baxırlar. Sapsarı quşcuğazlar. Ələ öyrəniblər. İnanıb əllərimdə mehribanlıq, qayğı axtarırlar. Qap, bax onun başını necə üzərdim! Qalanı heç nə anlamayıb yenə də yanımda gəzişir.
Çığırmaq lazımdı, onda mütləq eşidərlər! U..u..u.. Bir bax, gör nə həşirə düşdülər! Yaman sakitlik düşdü. Qulaqlarım çəkiləcək. Quş olub uçuşmaq necə də yaxşı olardı. Ot olub asfaltı deşmək də pis fikir deyil. Sətirlər arası otlar gözə dəyirmi, görən? Bilirəm onlar da sizin tapdağınız altında qalacaq.
Görüm də, kim ürək eləyim mənim otlağıma girəcək? Ayağıyalın! Sən? Balaca, qorxmursan ki, bura son mənzilin olar? Onda neynərsən? Çox yaxşı bilirsən ki, burda səni külək və donmuş quşlardan başqa heç nə gözləmir. Bilirsən, tənhalığa yoluxanın axırı necədir? Sənin yanına heç kim gəlmir. Soyuq yorğanının yanına portağal qoyub gülümsəmir. Yatağının yanında oturan da tapılmır ki, əllərini tutub «Tez sağal, sənsiz darıxmışıq» da demir. Get, istəyirsən lap elə sən də get. Bilmirəm qayıdında körpü davam gətirər, ya yox. Onsuz da dünən ürəyimin yağını ac itlərə yedirmişəm.
Səhər xırda boz yağış yağırdı. Plətədəki çaydanın ritmini pozmaq istədi. Alınmadı. Mənə çay yağışdan çox lazımdı, axı. Hər açılan səhərdən sehr gözləməkdən axmaq nə ola bilər ki? Payız indicə girib, yaza hələ çox var. Narahatlıq da imkan versə əgər. Qaz kimi bütün deşiklərə doluşur. Eşitdiyin hər mahnı ürəyini deşir. Sən də tənhasan? Desəm ki, gözəlliyi, dərinliyi, gücü tanıyanların qismətidi bu, özünü rahat hiss eləyə bilərsənmi? Məndə alınmır.
Gəl səni də ovcumda qızdırım. Sabah biz səninlə kağızdan təyyarə düzəldib laaaaap uzaqlara uçarıq, eləmi? Deyirsən pəncərəndən «novostroyka»dan başqa heç nə görə bilmirsən? Eybi yox, biz səninlə onun damına dırmaşıb yanımızdan ötən quşlara çörək ovub tökərik. Onda görərsən ki, göy necə də mavidir! Əllərini qızdırımmı?
Xahiş edirəm, bax o bulanıq gözlü quşu burdan yığışdırın! «Səni sevirəm» demişdi. Türk dükanına endirimli qiymətlə paltar almaqçün qolumdan dartışdıranda gözümə baxıb fikrindən döndü: «Onda sənə eşq dolu dünya bağışlaram». O da dediyini dandı. Bəlkə bacarmadı? Hə, hə, bax belə. Cınqırı da çıxmadı ki?İndi bir az düzəldim. Götürün, bu əski qanı canına daha yaxşı çəkir. O saat yaxalasaz izi heç qalmaz, qazın üstündə iki dəqiqəyə quruyar. Çox sağolun! Məni xilas etdiz! A...., bəs əllərinizi yumadız ki?
İmeylimdə iki məktub vardı. Biri yazır ki, türk dünyasına nəsə anlatıram. Düzü bir elə də qanmadım. O biri deyir ki, darıxmışam. Ona görən məndən nə lazımdı axı? Ondan möhkəmcə qorxuram. Əlindən salamat qurtarsaydım, nəzir verərdim. Eh, yenə də pəncərəyə doluşurlar! Boşboş danışmaqdan başqa nə bilirlər ki: «Bu gün yağış olacaq», «Ola bilməz, səma aydındır», «Bu barədə siz nə düşünürsüz?», «Özünü qoru», «Bu gün köşə olacaqmı?», «Bəlkə yemək yeyək», «Nədən yazırlar?», «Anla məni»..... Nə istəyirlər, axı? Əl çəkin də! Bəlkə pəngərəmi bağlayım?
Əlbəttə, günlər ağ-qara yox, rəngli mozaikadı...
Əlbəttə, bir gün mən də əbədilik boyu mənimlə birlikdə olana qaçıb çatacam, mütləq çatacam...
Əlbəttə, mənə qadın sözü diaqnozdur deyənə dişimin dibindən çıxanı deyəcəm....
Əlbəttə, yuxarıdan baxıb vəfasızlığıma görə mənə barmaq silkələyib hədələdiyini də bilirəm...