Eyvan əməliyyatı

Evdar xanımın həyatından bir gün

Tıq-tıq-tıq!.. Cı-ı-ır-rr…
- Xanım, söküntü işi sizdə gedir?
- …
- Mən MİS-in işçisiyəm. İcazə verin baxım.
- …
- Vay-vay. Gör neynəmisiz! Mətbəxin eyvana olan divarını sökəndə bilirsiz nələr ola bilər?!
- …
- Noolsun beşinci mərtəbədir. Ağırlıq daşıyan divardı. Birinici, ikinci mərtəbələrə ziyan dəyə bilər.
- …
- Bu, əsil saymamazdıqdı. Belə işi tutmazdan əvvəl bizə desəydiz… İndi məsələ çox qəlizləşdi. Evin kişisi hardadı, dediz?

Tıq-tıq-tıq!.. Cı-ı-ır-rr…
- Sahə müvəkkiliyəm. Bu da vəsiqəm.
- …
- Bəli, bir il olmaz dəyişdiriblər. Köhnə uçastkovını görüm-baxım eləmişdiz? Hə, belə kök oğlandı.
- …
- Mən bilmirəm, bizi niyə belə tez-tez dəyişirlər. Hadisə olub ki, gəlmişəm.
- …
- Evin kişisinin nömrəsini vermirsizsə geyinin mənimlə gedək. Mütləq cinayət olmalıdır ki, mən gəlim. Bax yanımdakı «uqolovnı rozısk»dı. Gör necə quzu kimi dayanıb. Çünki cinayət işi yoxdur.
- …
- Əlbəttə, məni vəzifə başında təhqir eləsəz o heç də sakit dayanmaz. Məsələn, başıma bir daş tullasaz o saat milləti tökər bura.
- …
- Biləsiz ha, mənim də qürurum var. Mən nömrə qoymuram, ancaq götürürəm.
- …
- Xeyr səhv eləyirsiz. Bizim sökmək səlahiyyətimiz də var, protokol yazıb məhkəməyə vermək də. Gedin 186-cı maddəni oxuyun.
- …
- O, day məhkəmənin qərarından asılıdır. Qanunsuz tikilini ya sizin elə öz hesabınıza sökürlər, ya da sementdən, qumdan alıb böyür başını da düzəldirlər ki, yazıqdı, ev-eşiyi yoxdu. Yaxşı, kişinin harda işləməsini niyə gizlədirsiz?
- …
- Bəs bilmirsiz ki, başladın gərək tez tikəsən. Borcnan-xərcnən olsun, amma gərək tez ola. İmkansızlıq elə hamıyçün var. Bəyəm, mənim balalarım yoxdu?.. Amma yanımdakına çörək vermədiz ha…

Tıq-tıq-tıq!.. Cı-ı-ır-rr…
- Xanım, sizi MİS-nin baş mühəndisi narahat eləyir. İcazə verin içəri baxım.
- …
- Xeyr, əvvəl gələn mənim tabeçiliyimdə olan işçi idi.
- …
- Evə buraxmırsızsa qoyun bu xanım baxsın və mənə desin. A- aaz, ayaqqabılarını çıxart içəri girəndə.
- …
- Hm, təkcə pəncərənin altını sökmüsüz? Cəmisi? Müdirlə də danışmısız?
- …
- Yoldaşınızın telefonunu verməsəz heç olmaz. Biz sizinlə belə mədəni rəftar elədik, amma siz…

Tıq-tıq-tıq!.. Cı-ı-ır-rr…
- Sizi ictimai təhlükəsizlik idarəsindən narahat edirlər. Qanunsuz tikiliyə görə. Şəxsiyyət vəsiqəsini göstərin.
- …
- Mənim vəsiqəmi neynirsiz, xanım. Bəyəm forma-zad tanımırsız. Paqonlara baxın da!
- …
- Aeroport yarmarkasında belə forma tapa bilməzsiz. Baxın, bu qovluqdakı kağızın üstündəki möhür və imzanı görürsüz? Onlar heç saxta ola bilər?
- …
- Noolsun eyvan artıq tikilib. Onda səs-küyü indi niyə çıxır, bəs?
- …
- Bizim idarənin yerini bilirsiz? Yoldaşınız harda işləyir?
- …
- Necə, necə?! Bu evdə qeydiyyatsız yaşayır? Bu ki, qanun pozuntusudur! Sonra deyirsiz biz qanunu pozmuruq.
- …
- Heç narahat olmayın, bildiriş də göndərərik, lap o yana da keçərik.

Ciring-ciring! Cirnig-ciring!
- Alo, salam! Niyə belə əsəbisən.
- …
- Neynək, biz ki, vətənimizi özümüz seçməmişik. Bu da bir qismətdi. Vallah, düz deyirsən, hamısı dilənçilik eləyir. Heç kimdə mənlik qalmayıb, nə cavanda, nə qocada.
- …
- Gəlib-gedəni qınama, onları da yuxarıdan sıxırlar ki, gətir. Onların ağzına bir az atsaydın əl çəkərdilər. Böyüklərindən qorxurlar da…
- …
- Ay qız, belə havada evdə niyə oturursan ki, qapını hər cür it-qurt döysün. Eyvanı da neynirsən, onsuz da şəhərdə bir udum hava yoxdu ki, ciyərinə çəkəsən. Kondisioneri qoş, otur içəridə. Bu ən salamatıdır. Qəzetdən, kitabdan al əlinə, oxu da…
- …
- Mən də yazıçı olmaq istəyərdim. Bir romanlıq əhvalat yaşadın, yaz da. Bacarırsan ki?!
-…
- Yazıb qəzetə-zada vermiyəsən ha! Onsuz da jurnalistin günü it günüdür. Çarpışır, vuruşur, yazır, çəkib göstərir. Sabahı günü hamısını unudurlar. Yazıçının yalan yazmaq şansı var. Heç gör bir dənə klassik əsər taparsan ki, orda «uçastkovı»dan bir cümlə olsun. Yazıçılar ideal aləmlər yaradıb başımızı aldadır ki, reallığın ağrısını bütün ağırlığıyla duymayaq.
- …
- O da olar. Get gör jurnalist diplomunu hara atmısan. Redaksiyalardan birinə işə düzəl. Rüşvətxorluqdan, korrupsiyadan 2-3 yazı yazarsan, adın çıxar. Qonorarını toplayıb rüşvət verərsən ki, eyvanını tikib qurtarasan…