Kafe del Mar
Azadlıq mövzusunda variasiyalar
Musiqi kütlənin ruhunu ifadə etməlidir
Sitat xalqındır
Bizdə hər şey xalqındır. Adam arasına çıxarılası musiqimiz
də, qonaq-qaraya göstərəcək sənət əsərlərimiz də, hətta demonstrativ
azadlığımız da. Bizdə şəxsi azadlıq anlayışı yoxdu. Şəxsiyytin azadlığı
deyəndə əksəriyyəti uzaqbaşı Azadlıq meydanındakı mitinqləri dumanlı
şəkildə xatırlayır. Bəzən xatırlayan kimi azadlıq sözünü dilinə gətirənin
həmən dəqiqə başına qaxanc edirlər ki, kiminsə əliylə idarə edilirdiz,
ay azad insanlar!
Bizdə öz evində də azad ola bilməzsən, sevdiyin, bəyəndiyin adamla xəlvət
küncdə də. İstəsələr çəkərlər, göstərərlər, rüsvayi cahan edərlər. Sonra
ömrü boyu azadlıqdan danışanlar da hamıya qoşulub sənin fiziki quruluşunu,
imkanlarını, potensialını və üslubunu, partnyorunun görkəmini müzakirə
edəcək. Heç kim sənin azadlıq dairənə soxulduğundan utanmayacaq, nə
çəkənlər, nə də baxanlar.
Amma hardasa azad və xoşbəxt adamların olduğunu düşünməmək olmur. Heç
olmasa Kafe del Marda günəşi hər gün yola salan insanların xoşbəxt olduğunu
düşünəndə toxtaqlıq tapırsan. Bizdə də günəş var və o da Aralıq dənizindəki
kimi dənizdə batır. Amma bizdə günəşi və azadlığı vəsf eləyən musiqilər
yaranmır, Kafe del Marda isə yaranır. «Dəniz kənarında kafe» kimi tərcümə
edələn Kafe del Mar İspaniyada, İbitsa kurortunda yerləşir və Avropanın
ən dəbli istirahət yeri olmaqla bərabər azadlıq məkanıdır. Bu yerin
xüsusiyyəti ondadır ki, günəş nə sağda, nə solda deyil, düz ortada gözlərinin
qarşısında dənizə girir. Hər şey sahildə oturub tonqal ətrafında günəşi
yola salanlardan başlamışdı. Onlar burda yığışar, günəşə «hələlik» deyib
səhərəcən mahnılar oxuyardılar. Azadlığı pula çevirməyi bacaranlar 1980-ci
ildə burda bar-kafe açdılar və bu bar indi dünyanın ən adlı-sanlı bar-kafelərindən
biridir. 1994-cü ildən etibarən qürub edən günəşin verdiyi əhval altında
yaranan musiqilər disklərə yazılmağa başlandı. Diskləri burda səslənən
musiqilərdən diceylər tərtib edir.Hazırda 16 cildlik ayrı-ayrı disklər
və kafenin 20 və 25 illiyinə hazırlanmış disklər topluğu buraxılıb.
Göstərəsi musiqisi olanlar isə bunu ən əvvəl Kafe del Marda səsləndirmək
istəyər. Statistikaya görə günəşin qürubunu burda 9 milyon adam müşahidə
edib və 12 milyon disk satışı olub. Dünyanın 8 radiostansiyasında efirdə
səhər 7-dən-9-a qədər ayrılmış vaxtda fəlsəfədən danışılır və Kafe del
Mar muiqisi dinlənilir. İndiyədək 10 min 347 dəfə günəşi yola salıb
ardıyca ürəyi istəyən musiqini dinləib, yaradıb, bölüşüblər. Bura klub
mədəniyyətində böyümüş gənclərin yeridi. Təbiət, musiqi, ünsiyyət və
azadlıq… Del Mar artıq janr sayılır. Ayağı altında isti qumu hiss edənlərin
azıdlıq nəğməsini və mənzərələri disklərə yazıb satanlar milyonlar qazandı.
Bizdə də azadlıq gününü təbiətdə qeyd edənlər var. Tanışlarımdan biri
hər il mayın 28-i Araz və Kürün qoşağında dövlətimizin qurulduğu günü
günəşi qarşılamaqla qeyd edirlər. İki çayın qovuşduğu yerədə əmələ gələn
adacıqda bayrağımızı yellədir, himnimizi oxuyur və samovar çayı içirlər.
Amma bu il Kür daşıb azadlıq adasını da yuyub apardı və qoymadı ki,
rəsmiyyətdən uzaq yerdə bayrağımız dalğalansın.
Azadlıq musiqisi mütləq hinm olmaz ki. Ruhun pərvaz edən vaxtı nəyi
zümzümə edirsənsə o da sənin mahnın olur, mahiyyətini, azadlığını, ruhunu
ifadə edir. Bizim özümüzün marselyezamız yoxdu, çətin ki, ola. Xalqın
ruhunu isə Cəfər Cabbarlının bu mahnısı gözəl ifadə edir:
Azad bir quşdum,
Yuvamdan uçdum.
Torpağa düşdüm
Bu gənc yaşımda.
Millət isə xalq mahnılarını sevər:
Balam ey…..
Nə səs küydü sizin evdə, Gülcahan?
Toydu bizim evimizdə, Gülbadam
P. S. Ağıllı kitablar yanımda qalaqlanıb, komputerdə azadlıq mövzusunda
variasiyalar edirəm, dinamikdə Kafe del Mar səslənir. Əgər azadlığı
gözlədə bilirəmsə o biri işlər də gözləyər. Azadlıq mövzusu nədənsə
həmişə melanxoliya oyadır. Melanxoliyada nəsə xoş bir məqam var. Qadın
və kədər – nəsə oxşarlıq duyuram…