Şəhər saqası

İsmi hallandırdıqca, toplananların yerini dəyişdikcə cəm (cəmiyyət)
dəyişmir ki, dəyişmir

 

- Bu ŞƏHƏR kimindi axı?
- Əlbəttə, onun sakinlərinin.
- Yəni ki, şəhəri qurub düzəldənlər də, qayğısını çəkənlər də, bu şəhərdə yaşamaqdan ləzzət alanlar da onlar olmalıdı?
- Şəhərin sakinləri onu çox sevir, yəqin. Adam yaşadığı yeri sevməzmi?
- Bəs elədirsə niyə hamı şəhəri zibilləyir? Tumu çırtlayıb yerə tullayandan tutmuş zibili 5-ci mərtəbədən yerə vızılladanadək hamı şəhərin qəsdinə durub elə bil. Adam var heç qapısının ağzını da süpürmür. Adam var 3 mərtəbə ev tikdirib, amma darvazasının ağzından çay kimi axan kanalizasiyanı təmir elətdirmir, çirkabı tapdayıb evinə girir. Şəhərin sahibi varsa niyə bu gündədi?
- …
- Bu ŞƏHƏRİN problemlərinin qurtaran günü olacaq?
- Böyüməkdə olan şəhərdi, problemsiz olmur.
- Böyüməkdə olan şəhər gənclərə heç lazım da deyil, onların İnterneti oldu bəsdi.
- Onlar da bir gün böyüyəcək, klaviaturadan qopub hansısa işin ucundan yapışacaqlar.
- Oxumamaq üçün pul vermiş cavanın hansı işdə səriştəsi ola bilər ki?
- Etiraf edək ki, millət elə də oxumğa həvəsli deyil. Amma dövlətimiz bu işdə əlindən gələni edir.
- Əhalisinin savadlı olması kimə lazımdı, əhaliyə yoxsa dövlətin özünə?
- Əlbəttə, dövlət həmişə savadlı adamlarıyla fəxr etməlidi.
- Bəs əgər belədirsə, həmin bu dövlət öz ölkəsində uşaqlara savad öyrədən müəllimlərinə jurnalı niyə pulla satır?
- …
- Bu ŞƏHƏRƏ nə lazımdı görən? Nə lazımdı ki, burda yaşamaq 20-30 il əvvəlki tək rahat olsun?
- Nəyi çatmır ki? Havası hava, suyu su… Xaricdə şəhər sakinləri tənzif sarğıda gəzirlər. Onlar heç keşnişin ağacda, yoxsa kolda bitdiyini görməyiblər. Bizim şəhərə hər səhər təzə tər mer-meyvə, köyərti gətirilir.
- Qarış-qarış torpağını satıb sakinlərini didərgin salırlar. Ömrü boyu mərkəzdə yaşayanları yoxsa bilərəkdən şəhər kənarına köçürürlər?
- Eh, bu şəhərə kimlərin gözü düşməyib?!... Gələni də, gedəni də adam kimi qalşılamışıq, gözümüz üstdə saxlamışıq. Öz aramızdı, bakılılar heç vaxt deyingən olmayıb. 1-2 dənə rus qarısı avtobusda-zadda deyinərdi, onlara d ciddi baxan olmazdı.
- Onda de görüm it kimi hürən avtobus sürücüləri, müştərini az qala qapan satıcılar, bir qarış yer üstündə bir-birinə dişinin dibindən çıxanı deyən qonşular, şagirdləri söyən müəllimlər, qoca valideynlərini döyən övladlar, zəmanınin acığını evdəki arvad-uşağından çıxan şəhər sakinləri hardan mələ gəldi?
- …
- Bu ŞƏHƏRİ kiminçün tikiblər görən?
- Kimə olsa da axırı yenə də bizə qalacaq.
- Yolları süpürüb səkiyə tökürlər, külək də hamısını 10 dəqiqə sonra yerinə qaytarır. Adamın başını gün çatladan yerdə 2 gündən bir ağacların yarpağını yolub qoyurlar yerə. Şəhər lap çılpaq görünür. Qazon səpirlər, amma sulamağa canları çıxır.
- Şəhər də adam kimidi. Arabir saçını kəsdirməsən istidən bişərsən ki? Yarpağa nə var təzəsi çıxacaq.
- Bütün qədimi tikililərin daşlarını yonub ağardıblar. Elə bil qəsdən tarixini silmək istəyirlər. İndi Qız qalasına girişiblər. Hər restovrasiyadan sonra qalanın yaşını azaldırlar. O qədər müasirləşdirəcəklər ki, 1-2 nəsil sonra qalaya da «novostroyka» deyəcəklər.
- Gör nə qədər parklarımız əmələ gəlib, nə qədər fəvvarələrimiz su fışqırır, Milli parkımız gül kimidir…
- Əgər bütün bunlar insanlar üçüqdürsə niyə parkda qitara çalan uşaqların qulağından tutub polisə sürüyürlər? Niyə bu cocuqlar Parkda oxumaqçün müdiriyyətdən icazə almalıdı?
- …
- Bu ŞƏHƏRDƏ adamların üzü nə vaxt güləcək?
- Bu mənəviyyat problemidi, şəhərə nə dəxli var. Ac qalan yoxdu, bir də görürsən parça çörək qazanmağa ərinirlər.
- Əgər cəmi bir problemimiş- Qarabağ məsələsi qalırsa niyə adamların ruhu düşkündür, döyüş əzmi çoxdandı yoxdu ? Sabaha inamı olmayan və artıq gənc olmayanlar ordusu hardan əmələ gəldi? Həqiqətən hər şey yaxşıdırsa, sossial problemlər həll olandırsa, iş yerləri varsa, ölkə inkişaf edirsə, iqtisadiyyat güclənirsə niyə intiharların sayı durmadan artır?
- …
- Bu ŞƏHƏRDƏN getmək istəyənlərin sayı artır!
- Çünki hazırda şəhərdə ya burda yaşamağa məcbur olan, ya da əlacsızlıqdan bura pənah gətirənlər yaşayır. Şəhəri yaşamaq üçün özün seçsən, onun əhvalını özününkü kimi qəbul etsən yəqin ki, onu atıb getmək də istəməzsən.
- Dünya görüşü artdıqca insan bir yerdə duruş gətirmir. Başqa ölkələrlə, başqa millətlə ünsiyyətə girmək istəyir. Xarici həyatın dadını duyan kimi heç kim bura qayıtmaq istəmir. Elə bil bal yaxıblar onların aeroportuna. Antalya çimərliklərindən sonra heç kim çirkli Xəzərə heç barmağını da salmır.
- Cavanlar xaricdə oxumağa üstünlük verir. Dünya böyükdü. Bir tək şəhərimizi tutub durmaq da düzgün olmaz.
- Yaxşı , bəs şəhəri sevənlər burdan çıxıb getsə, onda bu gözəllikdə tikilmiş şəhər kimə qalacaq?
- …