İnsan təbiətə baş əyməlidi ki, yaşaya bilsin!

Allah insanda hər şeyi gözəl yaradıb. Amma mədə-bağırsaq sistemi, yeməyə olan münasibəti kamillikdən uzaqdı. Bu mənada bitkilərə həsəd aparmaq olar, gün işığı yeyir, su içirlər. Düşünməyə qalanda, bəlkə çoxlarından daha ağıllı, hətta uzaqgörəndilər. Hər kəsin dilini bilmək lazımdı, elə deyil? Qulaqlarımızı bir az şəkləsək bəlkə nəsə eşitdik?..

- Deyirəm, bu insanlar nə qəribə məxluqlardı. Xeyirini, zərərini bilən deyillər. Əgər biz, bitkilər olmasaydıq heç dolana bilərdilər?. Özlərini elə aparırlar ki, guya təbiətin şahı bunlardı. Danışmayanda qudurmazlar. Haydı bitkilər, danışın görək, bəlkə eşitdilər!
Qızılgül:
- Yox, yox…mən naşükür ola bilmərəm. Onlar olmasaydı hələ də yabana itburnu kimi dağlarda bitmişdim. Mən olmasam sevənlər bir-birinə nə bağışlar?
Günəbaxan
- Fil qulağında yatıb e… Qiymətini o qədər qaldırıblar ki, yaxın düşmək olmur. İndi çöl çiçəkləri dəbdədi.
Qızılgül:
- Keçmişdə çöl çiçəklərini bağışlamaq ədəbsizlik sayılardı.
Günəbaxan:
- Ona qalsa, keçmişdə mənim toxumlarımı küçədə çırtlamaq da ədəbsizlikiydi. Noolsun? Bir bax, hər yeri necə tutmuşuq: «Tadım», «Tək-tək», «Beloçka», «Bizim ailə»
Qızılgül:
- Uy, uy… Səndə ürək var. Gözünü günəşdən çəksənə! Ciyərparalarını gözünün qarşısında qovururdlar, qablara yığır, gedərgəlməzə göndərirlər. Sən necə də arsızsan!?

Amerika qurdlarına təbii düşmən lazımdı
Ağ tut:
- Bəsdirin görək! Onsuz da bizi qıran çoxdu. Bir yandan da Amerika qurdları canımıza daraşıb. Öhdəsindən heç insanlar da gələ bilmir.
Ərik ağacı:
- Deyirlər, bu qurdların təbii düşməni yoxdu, ona görə qudurublar.
Xurma ağacı:
- Məndən soruşun, deyim. Ərəbistanda xurma yetişəndə ağaclarda o qədər zəhərli ilanlar olur ki, bir insan da dəymiş meyvələrimə yaxın düşə bilmir. Hamı oturub durnaların gəlişini gözləyir. Onlar yetişən kimi ilanları aradan götürürlər. Təbii düşmən buna deyirlər.
Ağ tut:
- İnsanlar heç amerikalıların özlərinə çarə tapıblar ki?.. Hamı cins geyir, ingilisgə Amerika ləhcəsində danışır, kola içir və onların filmlərinə baxır.
Ərik atacı:
- Belə olsa, qanımız getdi. Bu qurdlar koloniya şəklində topalaşıb, ətrafına tor hörüb yaşayırlar. Ona görə ona batmaq olmur. Görəsən insanlar mehribançılığı onlardan öyrənə bilməz?

Avropa və Sibir meşələrini də biz salmışıq
Süsən:
- Fikriniz bizimkilərə getməsin. Məsələn, Hollandiyadan gül soğanını ölkədən çıxarmaq üstündə adamı damlaya bilərlər. Almaniyada bağbanlıq ən şərəfli peşədi.
Maqnoliya:
- Ha, ha… yəni hüquq fakültəsini qoyub biofaka qəbul olurlar ki, torpaqda eşələnsinlər?
Nərgizgülü:
- Mən də fikirləşirəm ki, bu xaricilər çox qəribə adamlardı. Neçə ildi nəbatət bağında toxumçuluq şöbəsinin pəncərəsi altında bitirəm. Xaricilərin gözləri doymur e… Elə hey toxum mübadiləsi eləməyə can atırlar.
Dəfnə ağacı:
- Paxıllıqdandı. Gərək bizdə olan mütləq onlarda da olmalıdı. Vallah bizim artığımıznan dolanırlar.
İnnab:
- Elə demə, bəyəm bizimkilər xarici bitkiləri sevmir? Hara baxırsan, palmadı, banan ağacıdı, adını düz əməlli bilmədiyim çiçəklərdi. Hamısı gəlmələrdi də, hər yeri tutublar. Elə bil ömürbillih Azərbaycanda palma bitmişdi.
Sidr ağacı:
- Balacasan, hələ bilmirsən, Avropadakı iynəyarpaqlı meşələr, sibir cəngəllikləri hamısı türk əsgərlərinin izləridi. Sidr ağacı meyidi qurd salmağa qoymadığından əski türklər ölənlərini basdıranda altına bu ağacın budaqlarındaq sərərmiş. Gələn il gün yeri qızdıran kimi bu budaqlar pöhrələyib qəbrin o yan-bu yanından çıxarmış. Avropanı zəbt elədikcə meşələrin sayı da artarmış. İndi onlara meşə, bizə isə məsəl qalıb. Elə bilirsiz sizə də qədir ağacı əkəcəklər?

Bazar söhbətləri
Xiyar:
- Vallah, bir gün ürəyim partlayacaq, toxumları da vaxtından əvvl tökəcəm ortalığa. Bu yarmarkaları, bazarları çıxaranın…
Badımcan:
- Ağzını təmiş saxla, bazarda deyilsən.
Pomidor:
- Düz deyir də, bizi satırlar, qazanırlar, amma bir qırıq hörmət eləmirlər. Yarmarkalardan sonra küçələrdə qalanan meyvə-tərəvəz qəbristanlığını görsən…(ağlamaq tutur deyə danışa bilmir)
Xiyar:
- Qarnı partlamış pomidorları, yırtıq xiyarları, çürük meyvələri ortaya tökülmüş görəndə dığırcaqlarım biz-biz oldu. Heç bizdən utanmırlar.
Pomidor:
- Onlar öz ölülərini torpağa basdırırlar, hələ 40 gün ağlaşırlar da. Bizim ölüləri göz qabağında niyə çürüdürlər? Özünüz natəmizsiz, biz neyniyək?
Xiyar:
- Badımcan, indi dolma sezonudu, səni süfrəyə tez-tez gətirirlər. Pomidora söz deməli deyil, amma səni duzlayanda səsin də çıxmır. Gör bir neynirsən, bəlkə başa sala bildin onları?
Badımcan:
- Sıxıb acılığımı çıxararlar, səsim də çıxmır. Onlar qanan olsaydı qəzetlərdə yazılanı, televizorda səslənəni eşidib çirkin yoldan dönərdilər. Vallah, bağırsaqlarını siyirsələr də yenə də bizə borcludular.

Şəhərdə bitən ağaclar onsuz da yarımcandı
Kaktus:
- Zibillik özlərinə qismət, tərəvəzi özləri yetişdirir, özləri də çürüdürlər. Bəs bu bədbəxt ağacları bu günə niyə salırlar. Mənnə işləri yoxdu, ola da bilməz. Tikanlarımla analarını ağladaram. Amma şəhərdə bitən ağaclara ürəyim yanır. Onlar onsuz da asvaltın altında yarımcandılar. Üstəlik arabir yarpaqlarını soyub lümlüt eləyir, adını cavanlaşdırma qoyurlar. Elə bil kölgə bunlara yox, bizə lazımdı. Macal tapan kimi gün yerə elə şığıyır ki.
Qara tut:
- Düz deyirsən, bir ağac vardı, Baksovetin qarşısında ərizə yazanlar kimi boynunu bükmüşdü. Onu da elə günə qoydular. Xəcalətindən bir yarpaq tapmadı ki, üstünə salsın.
Əngir ağacı:
- Bunu elə eləyənin özünü anagəlmə soyundurasan, buraxasan elə Baksovetin qabağına. Eybini örtməyə heç əncir yarpacı da qıymayasan, necə olar?
Qara tut:
- Keçmişdə uşaqlar meyvəmizi yeyər, üstümüzə dırmaşar, amma bizi incitməzdilər. İndiki zəncirdən qırılmışlar, nə var ağzına üç dənə tut gedəcək iyirmi üç budağımı qırır. Ağaca dırmaşmağa da canları yoxdu. Əllərinə nə keçdi, daşı, min manatlıq topu tolazlayıb budaqları yaralayır ki, tırıqqa qarnına nəsə gedəcək.
Əngir ağacı:
- Eh, sən nəyi qoyub, nəyi axtarırsan. Yadındadı, keçmişdə ağacdan meyvələrin hamısını yığmazdılar. Ağacın payını üstündə qoyardılar ki, toxum töküb arta bilsin. Ay Meynə, niyə danışmırsan, Abşeronu səndən yaxşı tanıyan var?
Meynə:
- Keçən günlər yadıma düşdü, fikrə getdim. Budaqlarım qonşu həyətə keçsəydi sahibim o tərəfin üzümünü yığmazdı ki, ayıbdı. Axı o vaxtlar hasarlar da olmazdı, qum üstünə yayxanıb hara gəldi uzanardım.
Əncir ağacı:
- Qumdan demə, ürəyim ağrıyır. Abşeronun qumunu daşıyıb, malaya qatıb divarlaya yaxıblar. Qum var indi? Vicdansızlar qum daşımaqdan elə yarğanlar yaradırlar ki, ağacların kökü çöldə qalır. Əclaf külək də bunu gözləyirmiş kimi əsib hamısını yerə uzadır.

Torpaqdan aralananın aqibəti
Çətənə kolu:
- Niyə elə deyirsiz? İnsanlar şəxsən məni çox sevir. Məni gizlin yetişdirir, toplayır, ürəkləri ayağının altında satır, əlləri əsə-əsə içəri ötürürlər. Sonra saatlarla kötük kiimi bir yerə mıxlanıb qalırlar. Bəlkə onlar da ağac olmaq istəyirlər?
Əzvay:
- Səni yığıb ot tayası kimi yandıranda baxaram sənə. Başqa narkotik tərkibli bitkilərdən dərmanlar alır, insan xilas eləyirlər, bunun fəxr elədiyinə bax!
Fikus:
- Məncə insanlar ad verməyi də yaxşı bacarmır. Dibçəkdə çox bitdiyimdən bilirəm. Adətən onlar bitkinin adını yazıb dibçəyə yapışdırırlar. Nəbatət bağında bir dibçək gördüm, adınını «Əl vurmayın» qoymuşdular. Bəyəm şamdancülünü tanımırlar?
Palıd:
- Evlərdə böyüyürsən, küçələrdəki ağacların dərdini bilməzsən. İndi qırhaqır dövranıdı. Yeni göydələnlər tikilən yerlərdə soyğırım, ucdantutma məhv eləməklə binalarının xeyirduasını ağaclardan alırlar.
Badam ağacı:
- Onda onların ermənilərlə nə fərqi oldu? Onlar gül kimi torpaqlarda yanğınlar törədirlər. Sonra orda 20-30 il heç nə bitməyəcək.
Dəmirağac:
- Ürəyini sıxma. Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 127-ci maddəsinə əsassən bitkiləri şüurlu surətdə məhv eləyənlərin cəzası var.
Səhləb:
- Sən də eşidib, inandın. İnsanlar öz oğrularını, başkəsənlərini islah eləyə bilməyiblər.
Ralıd:
- Həyat tərzinin dəyişməsi insan mənəviyyatında ağır silinməz izlər qoyub. Bilin ha, dibçəkdəkilər mənnən inciməsin, torpaqdan aralananın başına belə işlər gələr.

Noolar, heç olmasa bağlara dəyməyin!
İydə ağacı:
- Nə deyirsən, de - bu millətin yetişdirməknən arası yoxdu. Razində bir həyət tanıyıram. Hər il üç metrlik hasarından iki dəfə uca şam ağaclarını köküylə birgə alıb hasarboyu basdırır. Onlar da hər il məhv olur. Bir onun qulağına pıçıldayan tapılarmı ki, ağacı balaca əkərlər, bir az qulluq eləyərlər, o da bir neçə ilə böyüyər.
Çiyələk ağacı:
- Bir az asta danışın, Deyəsən bizi anlayanlar da var. Eşitməmisiz, «novostroykalar» nəbatət bağına da yaxınlaşıb? Bağın lap hasarına bitişik yerdə tikilən binanın eyvanına çıxıb əlinlən bir şey salsa düşəcək bizim son guman yerimiz olan bu bağa. Bircə burda özümüzü rahat sayırdıq.
Söyüd ağıcı:
- Birdən bizi burdan da çıxararlar ha!? Onda neynərik?
Sərv:
- Baxma, sayımız az deyil. Planetdə 400 min ali bitki növü var. Bu rəqəmlər 1996-cı ildə Almaniyanın Bonn universiteteində «Qlobal biomüxtəliflik» xəritəsindən götürülüb. Bu xəritəyə olanların heç 15 faizi düşməyib. Elə Azərbaycanda da 4500 bitki növu var. Düzdü, 470 növ əldən gedir, «qırmızı kitab»a salınıb. İnsanlar bizə etinasız ola bilməzlər!
Çinar:
- Bəlkə hamı birdən çığıraq, onada bizi eşidərlər?
Hımı birlikdə:
- Bitki aləmi hədsiz, hüdudsuz deyil. Onun da məhv olan bir günü ola bilər!
- İnsan təbiətə baş əyməsə ondan faydalana bilməz!
- Axı biz bir-birimizə lazımıq! Bitki insansız dolanar, insansa bitkisiz məhv ola bilər!

Bitkilərin söhbətini insan dilinə Gülnarə Rəfiq çevirdi

P.S. Dünyada 30 min insan var ki, yeməyə ehtiyacı yoxdu. Onlar bitkilər kimi günəş enerjisiylə dolanır. Bəlkə yeni insan deyəndə bunu nəzərdə tuturlar?