Telefon söhbəti
Sadə insan əhvalatıdı, bəzəksiz, düzəksiz. Boz günlərin qatarlamasından
ibarət sonu naməlum bir həyat. Onun yaşamında bizim kimi ağ-qara günlər
növbələşməyib. Atalar demiş: səhər naxıra, axşam axura. Ev- iş, yıryığış-yemək
qayğıları, yuxu, sabah yenə iş başına. Bəlkə də bəxti gətirməyib, Bakı
kəndlərindən birində doğulub. Azərbaycanda qız doğulmaq yaxşı deyilsə,
oralarda lap faciədi. Üstəlik bu qız cəsarət edib arzusunun dalıyca gedib
ali təhsil alıbsa.
İnstitut yoldaşlarımdan biridi. Vaxtilə bir yerdə də işləmişik. Bu yaxında
onu iş yerində axtarmaq istədim. Dedilər ki, işdən çıxıb. Qardaşı işləməyə
qoymur, kənddən şəhərə hər gün işə gəlməsindən narazıdı. Hər gün avtobusa
minməlidi axı, yad kişilərlə bir marşrutda yellənə-yellənə uzun yol getməlidi.
Kənddəki məktəbdə dərs deməyinə də razı deyillər. Amma bir təhər, deyinə-deyinə
olsa da işə buraxırlar. Rəfiqəmçün burnumun ucu göynəsə də neçə ildi üzünü
görə bilmirdim. Nəhayət öz nömrəmi vasitəçiylə ona ötürə bildim ki, bəlkə
zəng eləyər. Bu gün danışdıq:
- Nə var, nə yox? Haralardasan? Evdə oturmaqdan ürəyin partlamadı?
- Niyə ki? Evdə oturmuram, həftənin üç gününü işləyirəm.
- Bizə nə vaxt gəlirsən? Kurs yoldaşları yığışanda səni tez-tez xatırlayırıq.
Hamı səni görmək istəyir.
- ..... Mən heç o vaxtlar da çox gəl-get eləyən deyildim.
- Eşitmişəm ana xəstədi. Ona görə çıxa bilmirsən?
- Heç kimi tanımır, hətta məni də....
- Allah şəfa versin. Yaradanla dava eləmiyəcəksən ki, niyə belə oldu!?
- Elə bil Allah deyir ki, heç kimi məndən çox istəmə, yoxsa əlindən alaram.
Həyatda sözümü deyə bilən adam bircə o idi. İndi lap təkəm.
- Ona görə də ərə getmək lazımdı. Heç ağına-bozuna baxma. Heç olmasa öz
uşaqlarının hamballığını edərsən, qardaş uşaqlarınınkını yox.
- Deməyə nə var? Fərli bir şey olsa niyə getmirəm ki? Elçi gələn olub,
qardaşlarım öyrənib ki, yararsız bir insandı.
- Hər necə, kişidi də..
- Əgər məni alıb, anasının yanında qoyub Rusiyaya gedəcəksə, ildə bir
dəfə bura gələcəksə nəyimə lazım? Onun anasıyla oturmaqdansa öz anamla
yaşayaram da.
- Yaxşı, fikir eləmə, onda biz yığışıb sizə gələrik, keçmişi yada salarıq,
ürəyimiz açılar...
- .... Bağışla, amma mənim öz evim olsaydı, hə... Amma belə...
- Sən atanın evində yaşayırsan. Özünü yurdsuz-yuvasız kimi niyə qələmə
verirsən?
- Bizdə qıza ev düşmür. Ev- eşik oğlanlarındı. Düzdü, məni burdan qovlayan
yoxdu, amma mən bu evdə öz tanışlarımı, rəfiqələrimi qəbul eləyə bilmərəm.
- Niyə ki? Vaxtilə o qədər gəlmişəm sizə...
- O vaxt atam sağıydi. Qabağımda anam vardı. İndi isə...
- Pissimist olma, hər şey yoluna düşər.
- Əlbəttə. Xahiş edirəm, incimə məndən. Mənimki də belə gətirib. Neynək,
arabir zəng eləyərəm, yaxşımı?
- Gözləyəcəm...
Elə bilirsiz, bu xanımın zülmkar qardaşları var? Xeyr, əksinə, çox həlim və qanacaqlı adamlardı. Amma onlar boşanıb qayıtmış bacı kimi ağır yükün altında davam gətirməyib əyiliblər. Bu yük evdə qarımış bacı saxlamaqdan daha ağır yükdü. Evdə qalmış olsaydı onu hər yerə buraxar, ağır təbiətinə, qabliyyətinə güvənib etibar eləyərdilər. İndi isə kənddə «şəhərdə işləyir, Allah bilir aşnası var, yanına gedib-gəlir» kimi atmacaları eşitmək istəmirlər. Bu qadın günahkardı! Onun gunahı ondadır ki, zülmkar qaynananın qabağında əyilmədi! Evdəki dığ-dığ ilk övladının başına düşdü. Qızdırma içində yanan uşağı xəstəxanaya aparmağa qoymurdular. Uşaq bədəndə su çatışmazlığından keçinmişdi. İndi etiraf eləyir ki, «o vaxt indiki ağlım olsaydı uşağa qaynanamın adını qoyardım, bəlkə ürəyi yumşalardı, uşaq da sağ qalardı». Evdə künc-bucaqda gizlədilmiş cadu-piti nə həytdəki gülləri, nə də yeni uşaqlarını sağ qalmağa qoyurdu. Bu qadın cəmiyyət qarşısındakı «ağır» günahlarına görə yerdə qalan ömrünü qurban verməlidi. Atalar belə istəyir!...