Kişilər, ay kişilər!..
Qızlar, yadda saxlayın, hər qarşokun öz qapağı
var!
Yaxın rəfiqəmin anasının
öyüd-nəsihətlərindən
Onlar bir gün (heç olmasa bir dəqiqəlik) anlayacaq ki, bizdən yaxşısı
yoxdu.
Onların prinsipləri var, bəzilərini heç qəbul eləyə bilməsək də.
Onlar bizdən hündürdü, yuxarı rəfdən kitabı çox rahatlıqla götürürlər.
Onlar bizə «Səni sevirəm» deyəndə başa düşürsən ki, sən də varsan.
Onlar kompüteri və texnikanı daha yaxşı söküb yığırlar. Bəzən yığa bilmirlər...
Onlar «İnsan tək olanda insan olur» məsəlini bilir və bunu elə yaxşı
şərh eləyirlər ki.
Onlar bizə feminizmi bağışlayırlar, əvəzində biz onlara heç nə bağışlamırıq.
Onlar qala bilməyəndə alnımızdan öpüb gedirlər.
Onlar düşünür ki, bəzi şeylər var ki, biz onları heç vaxt anlamarıq,
elə buna görə də biz hər şeyi anlayırıq.
Onlar lap manyak inadkarlığıyla içdiyimiz kofenin pulunu verməyə can
atırlar. Heç özləri də bilmirlər ki, niyə.
Onların gözündən su yalnız güclü külək olanda axır.
Onlar yağış yağanda dükana gedə bilirlər. Zənbillə geri qayıdanda gölməçələrdə
ayaqqabılarını şappıldatmaqçün, bəlkə?..
Onlar bizim şəklimizi saxlamağı sevirlər.
Onlar istəsə lap qabları da yuyarlar, amma istəmirlər.
Biz axmaq şeyləri danışanda Onlar susurlar.
Biz ağıllı sözlər deyəndə də Onlar susurlar.
Onlar öz haqqımızda çoxdan unutduğumuz şeyləri nədənsə yaxşı xatırlayırlar.
Onlar bizim arıqlamaqçün gətirdiyimiz bir yığın səbəblərin heç birin
qəbul eləmək istəmirlər.
Müharibə olsa Onlar vuruşmağa gedəcək.
Yüz il sonra, lap başqa planetdə nə olacağına nədənsə Onlar daha yaxşı
bilirlər.
Yaxşı ki, Onlar korlanmış makiyajı görmürlər.
Onlar bizim həyatımızı dəyişmək istəyirlər.
Sonuncu çörək pulunu şokolada verib evə qayıda bilərlər. Onda Onların
gözləri elə parıldayır ki...
Aramsız tədqiqatlarına baxmayaraq Onlar heç vaxt qadının alt paltarından
baş çıxara bilməyəcəklər.
Onlar təkcə sevgi haqqında düşünmürlər.
Onlar ürəklərinin dərinliyində analarını biz atamızı istədiyimizdən
daha çox istəyirlər.
Onlar boyunlarına ala bilər ki, həyatlarının mənası bizimlə yatmaqdan
ibarətdi. İnanırsız?
Onlar bizi «yatmaq vaxtıdı» deyib qonaqlıqdan evə gətirib yatağa salıb
üstümüzü yorğanla örtəndən sonra futbola baxmağa gedə bilərlər.
Onlar bizim səsimizi eşitməyi sevirlər, nə fərqi var ki, nə danışırıq.
Onlar bizi hər dəfə yola salmasalar da həmişə qarşılayırlar.
Onlar bizi geyindirib- keçindirməyi sevirlər.
Onlar elə bilir ki, yalnız yanımızda olanda çantalarımız ağır ola bilir.
Onlar bizə bənzəmək istəmir, bizimsə onlara oxşamaqçün ürəyimiz gedir.
Biz çığıranda Onlar susurlar.
Onlar papağını götürüb gedəndə biz qalırıq.
Keçmişimizi düşünəndə biz Onlardan başqa bir şey görmürük.
İstəsək Onları saymaq da olar.
Onlar dalaşqandı.
Onlar bizdən tez sayırlar, gəlir-çıxarını daha yaxşı bililər.
Onlar soy adını uşaqlarımıza verirlər.
Biz Onların yaratdıqlarıyla fəxr eləməyi sevirik.
Onlar üçün bir elə fərqi yoxdu, yaxşımı geyinmişik, gözəl ətir işlətmişik,
ya yox. Bəzən əyin-başımıza ötəri nəzər yetirirlər.
Onlar oğlan arzulayır, amma qızlarını daha çox istəyirlər.
Etiraf edək, Onlar işi bizdən çox sevirlər.
Onların məntiqi tam başqadı.
Biz isteriyadan tir-tir əsəndə Onlar konstruktiv düşünməyə macal tapırlar.
Onlar supermarketə gedib bizim siyahıyla alış-veriş eləməyə də razılıq
veriblər.
Evdə yemək olmayanda hələlik qayqanaqla qurdunu öldürəndə bir o qədər
də deyinmirlər.
Onlar evdəki səliqəsizliyi istəsələr heç görməzlər.
Onlar yaxşı nahardan sonra bizə elə vurğun gözlərlə baxırlar ki...
Onlar şokoladı sevsələr də nədənsə pivə içirlər.
Onlar çox qəribədi, tam başqa, eləmi?