Alabəzək yazı
Çəhrayı eynəklərimi
nə vaxt taxdığımı xatırlamıram. Bir də gördüm ki, hər şey elə gözəl
və rənglidi ki. Bəmbəyaz fartukumu geyib nişastalı olduğundan şıx-şıx
eləyərək imtahana gedəndə o gün o qədər də qorxulu və vahiməli olmazdı.
Bəyaz fartukum elə bil məni qoruyardı. İmtahanlar mənimsün ağ önlük
və rəngbərəng gül rəngindəydi. Amma ağdan sonralar, ağ xalatlı həkimləri
yaxından tanıyandan sonra qorxmağa başladım. Həmin ağdan daha gül ətri
gəlmirdi. O, yalançı, xlordan ağarmış ağıydı. Eşitmişəm ki, gözü ağdan
başqa rəng görməyən, qarlı çöllərdə yaşayan eskimoslarda ağ rəncin 32
adı var. Əminəm ki, xlorlu ağı heç onlar da tanımır.
Rəngi təsvirə gəlməyən musiqiyə başım qarışandan bilirəm ki, həyat da
piano klavişləri kimi ağ və qaradı. Uğurlu və uğursuz günlərin, bitib
tükənməyən zolaqların rəngində. Amma klaviaturada qara klavişlər ağdan
azdı. Orda da ağ və qara həyatdakı kimi növbələşsəydi musiqisi çox qara,
sıxıcı olardı. Pianoda qara klavişdən sonra mütləq ağ gəlməlidi. Orda
həyatımdakı kimi yanaşı iki qara klaviş yoxdu. İki yanaşı ağ klavişi
uğur zolağına çevirib həyatıma da gətirə bilsəydim... İmkan eləyib musiqinin
rəngindən yazacam, mütləq yazacam.
Çirkətab şəhərimin rəngini palitrama salmayacam. O, bütün rənglərimi
bulaya bilər. Uşaqlıqdan zil qara olan saçlımda gümüşü zolaq salan ömür-cünün
təsirinə düşüb uzaqbaşı başıma boz tozunu ələyə bilər. Bu bozluğu yuya
bilirəm, gümüşü çalımı isə yox. Mən şəhərimin al-qana bulaşdığını da
görmüşəm. Belə qırmızıdansa elə boz yaxşıdı. Küçələrdə narıncı insan
seli axanda gözümə xoş gəlmişdi. Elə bil adamlar gül açmışdı. İnqilabları
sevməsəm də yenə də olasıdısa qoy rəngli olsun. Füruzeyi, ya da bənövşəyi....
Rəngin xətrinə onda mən də küçələrə düşə bilərəm.
Mavini yuxularımçün, arzularımçün, yaşılı gündəmimçün saxlamışam. Ona
görə arzulayanda masmavi göylərə, yaşamaq istəyəndə bitkilərə üz tuturam.
Evimi, eyvanımı yaşıla bürümüşəm ki, yaşaya bilim. Yazılarımdan daha
mürəkkəb iyi, bənövşəyi qoxu gəlmir. Kompüterdə yazıram.
Zoğalı kəlağayımı o gün qara plaşımın üstündən atmasaydım gələcək həyat
yoldaşım məni ayıra bilməyəcəkdi. İtirəcəkdik bir-birimizi, bəlkə heç
tapa bilməyəcəkdik. Ölümün rəngi məncə sarıdı. Öləndə üzümün saralmasını
görməyi oğlanlarımçün saxlamışam. Bu da mənim arzumdu.
Bircə sevginin rəngini görə bilmədim. Sevəndə elə parladı ki, gözüm
qamaşdı. İtirəndə göz yaşından gözüm tutuldu. Lazım gəlsə onu görməkçün
yenidən bu dünyaya qayıdıb rənglərə bir də baş vurmağa, bulaşmağa razıyam.