Qonşudan qalma dala
Qamma sterilizasiyası
gələcək nəslin sağlamlığına zərbədir
Başqa sahələrdə böyük nailiyyətlər qazanmış Azərbaycan indi bu sahədə
də yeniliklərə hazır olmalıdır
Hər gün mövzu axtarışında olmağıma baxmayaraq bu mövzu özü məni tapdı.
Gəlib elektron poçtuma soxuldu və necə oldusa tanımadığım adamın məktubunu
oxudum. Onu Tatarstanın vətəndaşı yazırdı və Azərbaycandakı kənd təsərrüfatı
məhsullarının qamma-sterilizasiya məsələsindən narahatlığını bildirirdi.
Axtarış verdim: bizdə bu məsələylə bağlı kimsə narahat deyil.
Qamma sterilizasiyanın nə olduğunu bilməkçün Avropa ölkələrinin tarixinə
baxmaq kifayətdir. Amma bu əməliyyatlar daim ekologiya təmizliyi müdafiəçilərinin
etirazına səbəb olur. Onların fikricə ərzaqların qamma sterilizasiyası
ekoloji təhlükəsizliyə zərərdir, təbiəti məhv edir, insanın hazırki
və gələcək nəslinin sağlamlığına ziyandır. Hələ 1970-80-cı illərdə sovet
alimləri kənd təsərrüfatı məhsullarının əkin materiallarını şüalandırmaqla
elmi təcrübələr qoymuşdular. Bu təcrübələr kiçik miqyaslarda hələ 20-ci
əllərdən və bütün ölkələrdə aparılırdı. Amma təcrübənin müsbət nəticələri
gözlənilən qədər olmadığından geniş yayılmırdı. Hesab edilirdi ki, bu
üsul nə iqtisadi, nə də ekoloji cəhətdən özünü doğrultmur. Daha bir
əngəl də vardı: bu üsulla şüalanmış toxum mutasiyalı olur və gen yaddaşında
dəyişikliklərə uğrayırdı.
Soruşula bilər, bəyəm ərzaqların təhlükəsizliyini qoruyan ziyansız üsullar
yoxdurmu ki, biz gözümüz görə-görə yediklərimizi şüalandıraq? Ekoloji
cəhətdən təhlükəsiz üsullar və iqtisadi gəhətdən sərfəli texnologiyalar
artıq dünyaya məlumdur. Hələ SSRİ zamanında radioaktiv şüaların təsirinə
məruz qalmış ərzaqların müxtəlif xəstəliklər yaratdığı məlum idi. Bu
xəstəliklər irsi şəkildə nəsildən nəslə ötürülür. Hətta sənaye konservləşdirməsi
üzrə dərslikdə yazılmışdı ki, qamma sterilləşdirmə ərzaqlarda toksinlər
yaradır və mənfi fəsadlara gətirib çıxarır. Bu üsulla «zərərsizləşdirilmiş»
ərzaqların təcrübə heyvanlarının bədənində yaratdığı fəsadlar barədə
sovet elmi jurnalların büllitenlərində də oxumaq olar: «Qamma sterilizasiyaya
məruz qalmış ərzaqlar orqanizmə mənfi təsir göstərir və gələcək nəslin
cırlaşmasına gətirib çıxarır». Bu, sovet alimlərinin aldığı nəticələr
idi.
İndi məhsulların qamma şüalandırılması bir çox ölkələrdə tətbiq edilir.
Bu işə əl qoyan kompaniyaların məqsədi qısa müddətə çox mənfəət qazanmaqdır.
Onlar insan nəslinin gələcəyi ilə maraqlanmır və yalnız öz ciblərini
güdürlər. Çünki məhsulun saxlama müddəti artdıqca istehsalçısına daha
çox gəlir verir. Bu üsulla sterilizasiyanın fəsadlarından xəbərdar olanlar
Amerika və Kanadada belə ərzaqları satan qipermarketləri qarşısında
etiraz aksiyaları təşkil ediblər. Nəticəsində «şüalandırıcılar» qurğularını
söküb başqa ölkələrə aparmalı olub. İndi alıcının etirazına baxmayaraq
ölkələrin əksəriyyəti eksport olunan məhsulları bu yolla zərərsizləşdirir.
Bu o deməkdir ki, əgər məhsul xarici ölkədən alınıbsa onu satan saxlama
müddətində yaxşı qalması üçün məhsulu artıq şüalandırıb. O, məhsulunu
eksport etdiyi ölkənin sakininin qayğısına qalan deyil.
Son illər Rusiyada da bu layihə lazımlı addım kimi ortaya atılsa da
ona qarşı çıxan ictimai qüvvələr proqramı saxlamağa nail ola bildi və
Rusiyada ərzaqların qamma sterilizasiyasını qadağan edən qanun layihəsi
parlamentə təklif edilib. Azərbaycanda isə artıq neçə ildir ki, qamma
sterilizasiya ilə bağlı informasiyanı alıcılara dərman kimi «çay qaşığında»
içizdirirlər. Gah alıcya sürpriz adıyla, gah da onun sağlamlağının qayğısına
qalmaq adıyla yeni layihənin olacağından xəbər verilir. Xəbərlərdə xüsusi
qeyd edilir ki, başqa sahələrdə böyük nailiyyətlər qazanmış Azərbaycan
indi bu sahədə də yeniliklərə hazır olmalıdır. Adıçəkilən yeni layihəyə
görə Azərbaycana gətirilən ərzaq, tikinti və polimer materialları müəyyən,
təhlükəsiz dozada qamma sterilizasiya ediləcək. Bununçün biz yüksək
tezlikdə şüalandıra bilən aparatı əldə etməliyik. By yolla biz ərzağın
saxlanma müddətini artıra, mikrob və bakteriyalardan azad ola bilərik.
Bu yenilik barədə Azərbaycan Elmlər Akademiyasının Radiasiya problemləri
İnstitutunun direktoru Adil Qəribovun Day.az saytına verdiyi məlumata
görə 2011-ci ildə layihənin ilkin mərhələsi start götürəcək və tender
elan ediləcək. Layihədə məşğul olacaq mütəxəssislər artıq yeni sahəni
mənimsəməkçün kurslar keçir. Ləvazimat isə Azərbaycana 2015-ci ildə
gətiriləcək. Bu üsulun vacibliyini vurğulayan alim onu da dedi ki: «Bir
çox ölkələrdə şüalandırılmış ərzaqların qablaşması üzərində xüsusi işarə
qoyulur ki, alıcı onu ayıra bilsin. Bəzi ölkələr kimyəvi, iştilik sterilizasiyasını
tətbiq edir. Amma onlar bütün ərzaqlara yaramır. Onlardan ən təhlükəsiz
üsul qamma sterilləşmə üsuludur».
Bizim hələ ki, etiraz etməyə az da olsa vaxtımız var. Çünki Azad İstehlakçılar
Cəmiyyətinin sədri Eyyub Hüseynovun bu layihəni alqışlamasına baxmayaraq
o təhlükəli olaraq qalır. Onun fikricə lazımi dozanı aşmasa bu üsul
kimsəyə ziyan gətirməz. Radiasiya sterilləşməsi layihəsi artıq start
götürüb. Bununçün Qobu qəsəbəsi yaxınlığında ərazi ayrılıb ki, 2015-ci
ildn etibarən tibbi, rezin, ərzaq məmulatlarını ionlaşmış şüalanmaya
məruz qoysun. Layihəni Atom Enrjisi üzrə Beynalxalq Agentlik və Azərbaycan
Respublikası maliyyələşdirir. Tikinti 2012-ci ildən başlanacaq.
Onsuz da çoxdandı ki, nə düyümüzə, nə də unumuza qurd düşmür. Çünki
gətirilmə məhsullar yeyirik. Stakanın yarısınacan şəkər salırsan, şirin
olmur. Gözəl-göyçək geni dəyişdirilmiş meyvələri aylarla saxlayırsan
xarab olmur. Artıq el arasında «plasmas şəftəli», «dadsız alma» kimi
meyvə növləri tanınır. Onları alıb bufetə qoyub göz oxşamaq olar, amma
yeməyə yaramırlar. Ümidimiz onsuz da lap qurdlu, çürük olsa da yerli
sortlarımızadır. Onları da şüalandırsaq bəs biz nə yeyəcəyik? Siz uşağınıza
şüalandırılmış meyvə verərsiz? Bu şüalar lap qamma şüalar olmur, nə
olsun. Tatarstanın Antiatom cəmiyyətinin sədri öz xalqının adından narahatlıq
məktubu yazıb təsadüfən mənim poçtuma göndərib. Çünki Tatarstana Azərbaycandan
ərzaq məhsulları gətirilir. Görək ki, bundan sonra köşəni oxuyan azərbaycanlılar
gələcək nəslin sağlamlığı xətrinə etiraz səsini ucaldacaqlar, ya yox?!
İndi məqamıdır. Kimsə azərbaycanlıların cırlaşmasında maraqlıdırsa o
susa bilər…