Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Evdə hakimiyyət davası

Qadınlar şaxmatçılar kimi qələbə naminə qurban verməyi bacarırlar

Hər şey insanın əlindədi, insan isə qadının.
Adeksandr Fürstenberq

Mendelsonun toy marşı səslənən kimi və yaxud bizdə ənənənvi «Vağzalı» havası başımızın üstünü alandan sonra bir-birimizin ağuşuna atılanda heç kim əməlli başlı təsəvvür eləmir ki, sonra nə olacaq. Hələ ki, daşlara dəyməmiş məhəbbət qayığımızı necə bölüşdürəcəyik? Görəsən vanna otağında rəfdəki ən böyük yeri, ya da divanda ən böyük ərazini kim zəbt eləyəsək? Başımız bu məsələlərə qarışiışkən bir də ayılırıq ki, ev hərbi əməliyyatlar keçirilən cəbhə bölgəsinə daha çox oxşayır.

Özünə layiqli qiyməti verə bilməyən qadın bütün qadınları qiymətdən salır.
Nelli Makklanq
Bir də ayılırsan ki, intim dialoqlar zamanı heç dəxli olmayan məqamda belə bir söhbət alındı:
- Əzizim, mən saatı bu divara asmaq istəyirəm.
- Yox, mən öləndən sonra asarsan.
Yeri gəlmiş, məsələ gedib tabuta çatmamış ərazi konfliktlərinin sülh yoluyla həll edilməsi üzrə kiçik vəsait tərtib eləmişik ki, tanış situasiyalarda qan su yerinə axmasın.

Pultun sahibi kimdi?
Kişi ona qulaq asmağı bacaran hər qadına vurulmağa hazırdır.
Frensis Bekon

Hər kəsin öz şəxsi ərazisi var. Kiminkisə balaca, kiminkisə nisbətən böyükdür. Psixoloqlar deyir ki, (əlbəttə ki, sicilləmə təcrübələr qoyub nəticələr çıxarandan sonra) kişilərçün bu yarım metr, qadınlarçün isə düz bir metr təşkil eləyir. Əlbəttə ki, bu rəqəmlər adam arasında, camaatın sıx olduğu yerlərçün hesablanıb. Evdə isə hər şey tamam başqa cürdür. Burda hər kəs «tort»un ən yağlı parçasını özünə kəsib götürmək istəyir. Özü də bu proses şüurlu sürətdə getmir. Kişi normal erkək kimi öz ərazisini corabları, qəzetlər, disklər, və sair əşyalarla işarələməyə cəhd edir. (Bu yerində biologiyadan keçdiyimiz bilikləri, heyvanların ərazini işarələmək üsullarını yada salmağınız lazım gələcək). Ən vacibi isə kişi absolyut hakimiyyət rəmzi kimi televizorun pültünü əlinə keçirməyə çalışacaq. Qadınlar daha praqmotik olduğundan evin starateji məntəqələri, yəni mətbəx, hamam otağı və qarderobu ələ keçirirlər. Çünki qadında ocaq yaratmaq instinkti güclüdür, kişilərdə isə mağara instinkti, icmada seçilmək istəyi. Əlbəttə ki, bütün kişilərə öz ərazisinin sahibi olmaq duyğusu çox əzizdir. Yəni ki, «mənimdi, vəssalam». Qadınsa evin bütün mexanizmlərini işə salmalı, sonra isə onların işlək qalmasının keşiyini çəkməlidir. Evi bəzəmək, rahatlıq, komfort yaratmaq və s. Çox nadir hallarda əksinəsi olur. Qadının divan şahı, kişinin mətbəx naziri olduğu nümunələri axtarmaqçün çox gəzmək lazım gələcək. Amma həyatdı da, hər şey ola bilər. Əslində kişi divan uğrunda mübarizəsinə nöqtə qoyandan sonra evin qadın ərazisinə, yəni mətbəx, hətta vanna otağına da soxulmaq cəhdləri eləyir. Əvəzində qadın cavab manevri kimi divan uğrunda mübarizəyə başlayaraq televizor pultunu əlinə keçirməyənədək rahat olmur.
Hər kəsin şəxsi ərazisi onun evlənənədək yaşadığı şəraitdən asılı olur. Böyük ailədə, ya da kommunal mənzildə yaşayanlar nisbətən üzüyola və yumşaq olur. Çünki heç vaxt fərli başlı şəxsi ərazisi olmayıb. İndividualistlərə həmişə hər şey azlıq eləyir, necə deyərlər «küçə mənə dar gəlir». İndi allah eləməsin ki, iki individualist evlənib bir evdə yaşamalı olsun. (subaylar bu yerində qulaqlarını çəksə daha yaxşıdı, Allah göstərməsin!).

Sərhəd münaqişələrinin növləri
Qadını idarə eləməyin iki növü var, amma onları heç kim bilmir.
Frenk Habbard

Kişi psixoloqlar düşünür ki, yeni evlənənlər hayatını kişinin mənzilində başlasa daha yaxşıdı. Guya ki, bu münasibətləri malalayır. Amma təcrübə göstərir ki, qadın yeni əraziyə düşəndə uzaqbaşı mətbəxi ələ keçirə bilir. Evin qalan hissəsində hələ subayçılıq (yəni sultanlıq) əlamətləri qalmaqda olur. Qadın burda subayın mağarasında nəyisə dəyişdirmək istəyəndə evdən müharibə qoxusu gəlməyə başlayır. Kişi də öz növbəsində müxtəlif flakonlara, tübiklərə, yumşaq tüklü oyuncaqlara, hətta arvadının cehizi – naxışlı balışlara ultimatum elan eləyir. Onunçün bütün bunlar lazımsız, hətta stress yarada bilən əşyalardır. Bizim qadınlara bir məsləhət kimi deyək ki, kişilərin zir-zibil saydığı əşyaların hamısını toyun səhəri gün göz qabağına qoymasınlar. Ərinə qarşı bir qədər humanst olmaq da olar. İlk günlər ikicə krem bankası və uzağı bir mütəkkə çıxarılsın. Sonrakı yenilik, yəni reforma 3 həftədən sonra aparıla bilər. Deyirlər ki, 3 həftə adaptasiyanın orptimal müddətidir. Sizi inandırım, bir ildən sonra sizin mağara adamınız heç xatırlaya bilməyəcək ki, evlənməmişdən əvvəl buralar necə görünürdü. Bu müddətdə krem bankalarını qəbul eləyə bilməyib hələ də müharibə eləyən kişilərə qarşı xüsusi metod kimi bir yaxşı üsul var. Hər axşam məhs həmin bankadan olan kremlə massaj olunan kişi heç onun qurtarmasını gözləmədən növbəti bayramların birində bir qucaq krem dəsti hədiyyə edəcək. Sınanmış üsuldur ha…

Qadınlar əsrlər boyu sirrli, kişiləri həqiqi ölçüsündən artıq göstərməyi bacaran güzgü rolunu oynayıblar.
Virciniya Vulf

Hərdən olur ki, kişi qadının evinə köçməli olur. Qadın şifonerində 1-2 rəf, vannada bir qırıq yer boşaltsa da məlum olur ki, ərinin hər görüşə geydiyi bir dəst şalvar-köynəyindən başqa bir qarderob paltarı varmış. Bura unikal disk dəsti, güclü parfüm arsenalı, üstəlik «Vəhşi mustanq» adlı trinajor qurğusu da var. Əlbəttə, bunların hamısına evdə yer tapılır, amma ev əvvəlki görkəmini itirdiyindən qadın mütləq narazı qalır. Bir aydan sonra künc bucağa dürtülmüş əşyalar evin ortasında, «mustanq» isə eyvanda gözü mazol eləyir. «Bəlkə onu bağa aparaq, hə?» deyə qadın təklif eləsə mütləq «yox» cavabını eşidir. Ər bu «mustanqı» sonuncu qalası kimi müdafiə eləməkçün qiyam qaldırır. Təcrübəli insanlar belə şəraitdə münaqişəni aradan götürməkçün kişiyə evdə bir künc ayırmağı məsləhət bilir. Yoxsa o özünü həmişə qonaq kimi hiss eləyəcək.
Əlbəttə ki, baxılan situasiyaların içində daha acınacaqlı variantlar da var. Məsələn, (bu yerində bütün subaylar qulağını yenə də çəksə yaxşıdı) yeni evlənənlər valideynlərilə yaşamalıdır, çünki hələ ki, müstəqil yaşamağa imkan yoxdu. Burda isə bütün ərazilər artıq bölünüb. Hətta ən yumşaq münasibətlər zamanı sizin bu evdə elədiyiniz ən cüzi dəyişiklik sərhədlərin pozulması aktı kimi qiymətləndiriləcək. Qaynanalar da belə şəraitdə katalizator rolunda çıxış eləyərək ağıllı-başlı münaqişə yaradacaq. Bəzən belə münaqişə o qədər böyüyür ki, evləri ayırmaqdan başqa çıxış yolu qalmır. Amma belə bir statistika da var ki, ailələrin çoxu məhs müstəqil yaşamağa başlayandan sonra ayrılır. Çünki özünü böyük mexanizmin kiçik vinti kimi aparmağa öyrəşmiş cavanlar adi problemləri həll eləyə bilmirlər.

Brilyant üzüyü qaytarmaq dərəcəsində kişiyə nifrət eləməyi özünə icazə vermə!
Sari Qabor
Yeni həyatı yeni ərazidə başlamaq ən ideal variantdı. Mənzilə ayağınız dəyən kimi hamının ambisiyaları üzə çıxacaq. Mülkiyyətçi ən böyük və strateji zonaları ələ keçirəcək, kollektivist gözlərini döyə-döyə qalıb sonra inciyəcək. Amma təzə mənzilin təmirində, quraşdırılmasında hər iki tərəf paralel iştirak eləsə sonra münaqişələr o qədər də qanlı olmur. Bir qırıq ərazi üstündə milçəkdən fil qayırmaq da artıq böyümüş insanlara heç yaraşmaz. Bunun qarşısını şəxsən almağa çalışmasaz ömrü boyu qonşu evində qonaq qalan qaçqın kimi hiss eləyəcəksiz. Elə bütün dünyanın problemləri də burdan başlayır. Bir də ki, kimsə zəhmət çəkib evin rahatlığıyçün nəsə yaradıbsa onu tərifləsə o birisinin dili qurumaz ki? Vaxt keçəcək hər ikiniz bu günləri xatırlayıb güləcəksiz. Vasvasılıq eləyib təmizlik eləmək adıynan kişinin evdən qaçıran qadın sonra oturub başını sındıracaq ki, mənim nəyim əskikdi axı, filankəsdən?!

Biz evi yox, hakimiyyəti bölürük!
Qadınlar yaraları sarımağı bacardığı səviyyədə yara vurmaq istedadına malikdir.
Barbe d’Orvil

İnciklik ürəkdə dərin yaralar sala bilir. Ona görə də əvvəlcədən (hələ ki, saçyolduya gəlib çıxmamış) danışıqlara getmək lazımdı. Vasvasılara bir müddət kişi corablarının yerə atılmasıyla barışmaq da olar. Hətta ən stajlı ailələrin də vaxaşırı ərazi münaqişələri olur. Xüsusilə də narazılıq olanda, amma bəhanə tapılmayanda ərazi bölcüsü gündəmə gətirilir. Elə belə vaxtlar xalq arasında «ayağı sürüşmək»lər başlayır. Hər ikisini ayrılıqda danışdırsan gülməli və axmaq iddialar eşidilir. Qadın «Mətbəxə burnunu niyə soxur axı, onun nə başı çıxır?» deyəndə kişi «Deyəsən, nəzarətdən çıxmağa başlayırsan» deyir. Bu konfliktin arxasında «mən evdə ən vacibi, ən əsasıyam» iddiası durur. Münaqişə bu çalarda aparılırsa artıq diqqətli olmaq lazımdı. Bu kitab rəfi, ya da disk dolabı uğrunda gedən mübahisə deyil. Buna ailədə avtoritet uğrunda çarpışma deyirlər. Bu qiyam, ya da inqilabın sonunda ailədə demokratiya, ya da diktatura qurulacaq. Uşaqlarsa kənardan baxıb hansı cəbhədən olacağını seçməli olacaqlar….

Özünü təyin etmək üçün test
Lazımi kişi qarşısında lazım olan anda ağlamağı bacaran qadın üçün dünyada mümkünsüz heç nə yoxdu.
Uilyam Noker
Ola bilər bu an hamı özünü quzu kimi apararaq «mən ki, belə deyiləm» deyib çiynini çəkir. Şəxsi ərazini ölçmək də heç bizlik deyil, qoy bununla psixoloqlar məşğul olsun. Amma test vasitəsilə kimliyinizi daha rahat öyrənib hələ bir psixoloqa getməməkdə bir az da qənaət etmiş olarsız.
1. Uşaqlıqda sizin:
A) ayrıca otağınız vardı – 5
B) otağı başqasıyla bölsəz də öz küncünüz vardı – 3
C) yalnız çarpayını və oyuncaq qutusunu özünüzünkü adlandıra bilərdiz – 0

2. Ailədə siz:
A) yeganə uşaq idiniz – 5
B) ortancıl idiniz – 0
C) ən böyük idiniz – 3

3. Məmnuniyyətlə harda yaşayardız:
A) neçə nəsil dalbadal yaşayan iri, kamini olan ikimərtəbəli evdə – 0
B) dəniz qırağında, ya da meşəlikdə yerləşən kiçik, amma rahat evdə – 5
C) müasir penthausda – 3

4. Lazım gələrsə gecəni başqa evdə qonaq qala bilərsiz?
A) asanlıqla – 0
B) mən yalnız evdə yuxuya gedə bilərəm – 5
C) şəraitə baxır, hava pis olsa, gecə yarısıdırsa və s. – 3

5. Dostunuzu bir həftəlik evə buraxa bilərsizmi?
A) bəli – 3
B) nə qədər istəyir, qoy yaşasın – 0
C) əgər getməyə yeri heç yoxdusa – 5

Bundan sonra balları hesablayıb nəticə çıxarmaq çətin deyil
25-18: - siz individualistsiniz. Bəlkə də «mənimkidir» deməyi «ana» deməkdən də qabaq öyrənmisiz. Sizin dünyada mənimki və yadlarınkı deyilən anlayışlar böyük sədlə dəqiq sərhədlənib. Ona görə də özünüzünkü hesab elədiyinizi Ərəbzəngi kimi qorumağa çalışırsız. Müqəddəs saydığınız şeylərə əlini vuranın az qala gözünü çıxara bilərsiz. Amma hər şey o qədər də tutqun deyil. Siz nəinki özünüzünkünə, başqasının əmlakına da hörmətlə yanaşıb qoruya bilirsiniz. Əgər həyat yoldaşıyla yola getmək fikriniz varsa bilməlisiz ki, onun da balaca bir küncə sahib olmaq ixtiyarı var.
17-9: - Sizi ideal tərəf müqabili saymaq olar. Çünki hər iki başlanğıc sizdə var. Şəxsi ərazi iddiası məsələsi sizdə o qədər də kəskin dayanmır. Siz şəxsipərəstlə də, kollektivistlə də yola gedə bilərsiz.
8-0: - Siz əsil kollektivistsiniz. Sizinlə yalnız sizə bənzəyən yola gedə bilər. Şəxsiyyətçi ilə birgə yaşasaz hər dəfə onun qabında çay içməyiniz, onun ülgücünün istifadə eləməyiniz onu əsəbləşdirəcək. Hətta onun otağında səliqə-səhman yaradanda da konflikt yaranacaq. Onun hər şeyi bölmək istəyi də sizi özünüzdən çıxara bilər.

Yuxariya doğru