Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Dahiliyin seksual cazibəsi

Alimlər qadınların dahilərə marağının səbəbini tapıblar

«Məlim balacam, həyatda cəmi iki işlə məşğul olmağın mənası var:
elm və əxlaqsızlıq. Kitablar bizə kişilərin verə biləcəyi,
abırsız nəvazişlər isə qadınlardan gözləyə biləcəyimiz ən yaxşı şeydir».
Valeri Larbo

Ağıllı kişilərdən kimsə deyib ki, «Dahi uzun saç gəzdirib, əlinə keçəni yeyən və özünü camaata güldürən insana deyilir». Amma qadınların əksəriyyəti belə düşünmür və çox vaxt pinti görkəminə baxmayaraq yanılmadan adi kişini dahidən ayıra bilir. Mifologiyada, əfsanələrdə, nağıllarda anaların öz qızını qəhrəmanın yanına gətirməyi barədə çox oxuya bilərik. Bircəcik görüşün məqsədi ondan uşaq doğmaqdır. Qəribə səslənir, elə bil ətrafda kişilərin hamısı ölüb?! Markezin «100 il tənhalıqda» əsərinin qəhrəmanı Aureliano Buendia şöhrətin zirvəsini yaşayanda yanına gətirilən qızların sayını itirmişdi. Nəticədə vaxtaşırı ona bənzəyən bir oğlan uşağı doğulurdu və 8 uşaq atası kimi Aureliano adlandırılırdı.
Əlbəttə, səhnəmizdə əcnəbi ulduzların çıxışı zamanı saçını yolan qızların cəhdlərini anlamaq çox çətindir. Amma buna kütləvi psixoz da demək olmaz.

Hər şeyin çox sadə izahı var.
İntellektual kişi hər şeyə yarayır
Hamı yanındakı kişini Hollevud aktyoru görkəmində və Nobel mükafatı laureatı statusunda görmək istərdi. Amma belələri çox nadir hallardı rast gəlinir deyə qadın ömrünü bu «fiks ideya»ya sərf eləyə bilməz. Ona görə də qadınlar həyatda seçim qarşısında qalıb əziyyət çəkirlər: bilmirlər daha gözəlini, yoxsa daha ağıllısını seçsinlər. Həyat göstərir ki, çoxları birinci varianta üstünlük verir. Yüksək intellektli kişini ər kimi görmək istəyənlərdən başqa əksəriyyəti onları daha çox ötəri əlaqələrdə personaj və məşuq rolunda təsəvvür eləyir. Qadınlar daimi münasibətlərdən danışırsa ailənin qayğısına qalmaq məqsədilə ağla üstünlük verir. Yəni ki, ağıllı kişi ailəsini dolandırmağın yolunu tapar. Bir də ki, ağıllı atadan olan uşaqlar atalarına çəkərlərsə heç olmasa 50 faiz ağıllı doğulmaq şansı var.
Soruşa bilərsiz, «Bəs qısa seksdə, gələcəyi olmayan münasibətlərdə kişinin ağıllı olması nəyə lazımdı ki?». Axı qadın təsadüfi münasibətlərdə parlaq intim təssürat axtarır. Bu məsələlərdə isə bilirsiz ki, beynin əqli imkanı o qədər də önəmi faktor deyil. Buna baxmayaraq qadının seçmə imkanı olsa heç vaxt intellegenti qoyub debili seçməz. Hətta bilsə ki, seçmədiyi yorulmaz seks maşınıdır. Niyə?
Açılmaz sirrlərdən biri
Tapmacanın açmasını Nyu Meksika Universitetinin psixoloqu Joffrey Miller deyəsən tapıb. Daha doğrusu qadınların ağıllı kişilərə olan marağının bioloji əsaslarını ortaya çıxarıb. Alim yeni təcrübələr qoymadan artıq aparılmış müşahidələrin nəticələrini bir daha araşdırıb. 1985-ci ildə həkimlər Vyetnam müharibəsinin veteranlarını öyrənəndə onlar kişilik toxumu və intellekt testlərini vermişdilər. Məlum olmuşdu ki, kişinin nəsil vermə aktivliyi onun intellekti ilə tam mütənasibdir. Alimlər hətta deyir ki, intellekt və reprodiktiv qabliyyətə görə eyni genin cavabdeh olduğunu öyrənsələr heç təccüblənməzlər. Ona görə də fərz olunur ki, qadın şüuraltı səviyyədə partnyorunu dəyərləndirəndə onun yaxşı nəsil vermə qabliyyətini də müəyyən eləyə bilir. Çox guman ki, qadınlar bunu evolyusiyanın çağdaş vaxtlarında insanların yaşama instinkti nəsil vermədən asılı olan zamanlarda öyrəniblər. Düzdür bu kamil mexanizmin əldə olunması bəşəriyyətin açılmaz sirrlərindən biri kimi qalır.
Obrazların həyatını yaşayarkən
Bəlkə dahilərin yaratdıqları obrazlar oxucusunun, dinləyicisinin ürəyinə girir deyə personasına marağı artırır? Şekspir və Evripidin obrazlar qalereyasına baxaq. Sonsuz sayda rəngarəng obrazları yaratmaqçün həmin obrazı tanıyıb bilmək lazımdı ki, onun düşüncələrindən, psixoloji sarsıntılarından yazmaq olsun. İnsanı anlamaq onu içində gəzdirmək deməkdir. Höte deyib ki, günah və cinayətlərin içində onun anlaya bilməyəcəyi, ya da meyl eləmədiyi bir şey çətin ki, tapılar. Ehtirasdan qətllərin motivlərini çox yaxşı başa düşən Emil Zolya özü heç vaxt belə qətllərə qol qoymazdı. Çünki içində bundan əlavə başqa keyfiyyətlər də var. Dahi insan daha mürəkkəb və daha çoxşaxəlidir. Şekspirin qadınları onunla birgə Falstafın şitliyini, Yaqonun alçaqlığını, Kalibanın kobudluğunu da sevməli olur. Bu bücaq altında baxanda dahi şəxsiyyətlərin həyatındakı ən alçaq və ən güclü ehtiraçlarının səbəbini anlamaq olar. Bunu onların bioqrafiyaları təsdiqləyir.
Bu yaxınlarda Rusiya televiziya kanallarında seksual cazibəsiylə seçilən bakılı akademik Landau (Bakının suyunu içib, ona görə) haqqında çəkilmiş film böyük disskussiyalar doğurub. Filmə inansaq Landau hətta xəstəxanada yarıhuşlu vəziyyətdə, hətta ayın tarixlərini unutduğu vaxtlarda belə şəfqət bacılarını yanından narazı buraxmayıbmış. Landaunun arıq, çəlimsiz bədəni, yoxsa burnunun ucundan o yana görməyən xırda gözləri onları cəlb eləmişdi?
Bəşəriyyətin genetik potensialı nə yerdədir?
Amerikalı jurnalist Devid Plots 28 il əvvəl başlamış layihənin nəticələrini yekunlaşdırıb. Təcrübə Nobel mükafatı laureatları və gözəl qadınlardan süni mayalanma yoluyla fölqəl ağıllı uşaqların doğulmasını nəzərdə tuturdu. Layihənin əsas ideoloqu plastik linzaların satışıyla varlanmış multimilyoner Robert Qrexem layihənin nəticələrində heç şübhə də eləmirdi. Nobelçiləri yola gətirmək kimi ən çətin işi də o özü görmüşdü. Qiymətli kolbaları əldə ediləndən sonra 1980-ci ildə 29 fevralda qəzetlər «Bəşəriyyətin genetik potensialının zənginləşməsi layihəsi» adı altında material çap elədi. Donorların anonimliyi saxlanırmış deyən nobelçilərin nə qədər olması dəqiq məlum deyil. Amma jurnalist Devid Plots 3 namizədin taleyini dəqiq öyrənib. 1999-cu ildə ideya müəllifinin ölümü ilə əlaqədar bu bank dağıldı. Bu illər ərzində 200-ə qədər uşaq artıq doğulmuşdu. Onlardan heç kim dahi şəxsiyyət ola bilmədi. Yalnız biri Doron Bleyk ümidverici uşaq kimi böyüyürdü. O, 2 yaşında kompüterdən istifadə eləyir, 3 yaşında Şekspiri oxuyur, yeniyetməlikdə isə intellekt testi 180 bal idi (adi adamlarda bu göstəirci 100 bal orta nəticə götürülür). Amma o da böyüyən kimi oxumağın daşını atarak hippiliyə aludə olub, spiritizmlə məşğul oldu. Görünür ki, ideya tamamilə iflasa uğramışdı. Bu yerində Bernard Şou və məşhur balerina Aysedora Dunkan arasında olan dialoqu yada salmaq yerinə düşərdi. Balerinə yazıçıya dünyaya uşaq gətirməyi təklif eləyir: «Təsəvvür edirsiz, o mənim bədənim və sizin ağlınızı daşıyacaq». Şou cavab verir: «Birdən onda mənim ayaqlarım və sizin ağlınız olsa necə olar?». Bəlkə gözəl yox, ağıllı qadınları mayalandırmaq lazım idi? Bəlkə dahilər doğurmaqçün daha nələrsə lazımdır? Bu sualların cavabını bəşəriyyət hələ ki, bilmir…

Sublimasiya - hisslərin qarşısında çəkilmiş bənd
Sublimasiya (yəni seksual enerjinin başqa istiqamətə yönəldilməsi) adlı termini gündəmə psixoanalizin atası Freyd gətirib. O, təkid eləyirdi ki, insan hər şeyi seks xətrinə edir. Həyat haqqında məşhur ifadəni dəyişdirib freydsayağı «Həyatda yeganə məmnunluq hissi yalnız yaxşı seksdən sonra olur» kimi də deyə bilərik. Freyd cinsi instinktlərdən qaynaqlanan enerjinin əsas olduğunu təkid eləyərək bəşəriyyətin stimulu olduğunu deyir.
Təbiət bizə hisslərlə bərabər kimyəvi laboratoriya da verib. Ayrılıqda tamamilə zərərsiz olan elementlər birləşsə zəhər yarada bilər. Bu kimyavi prosesləri işə salan emosiyalar da həmin elementlərdən insanı dahiyə, təkrarsız, sehrli insana, eləcə də ehtirasdan və qısqanclıqdan yanan vəhşiyə də çevirə bilər. Seksual hisslər bəzi təsvirəgəlməz hallara gətirir. Amma bəzi nadan insanlar bunu nəfsin diqtəsi, şəhvətlə səhv salırlar. Bu hissin diqtəsilə insan təxəyyül, inadkarlıq, görünməmiş yaradıcı imkanlarını inkişaf etdirə bilər. Duyğular insanı o qədər qəsb eləyə bilər ki, o, cəmiyyətdə yeri, reputasiyası ilə risk eləyər. Onları cilovlayb istiqamətləndirməyi bacarmayanlar əsir düşmək riskini yaşayır. Amma duyğularını cilovlamaq yoluyla açılmış yaradıcılıq qabliyyəti ədəbiyyat, təsviri sənət, musiqi, hətta biznesdə də fantastik nəticələrə gətirir. Bunu bir növ sürətlə axan çayın qabağanı bəndlə kəsib süni göl yaratmağa bənzətmək olar. Amma burdakı su da nə vaxtsa axıb çıxmalıdır.
Yenə də alimlərə inansaq cəmiyyətdə ən yaxşı nəticələri seksual instinkləri yaxşı inkişaf edilmiş insanlar əldə eləyir. Dünyada milyoner olmuş, ədəbiyyat, memarlıq, hətta sənayedə geniş populyarlıq qazanmış fərdlər həm də sevgi olimpinin zirvəsindədirlər. Bunu 2 min il ərzində tədqiq edilmiş tarix kəsiyi də sübut eləyər. Söhbət parlaq şəxsiyyətdən gedirsə, istər qadın, istər kişi olsun, dahi nailiyyətlər həm də duyğuların da yüksək səviyyəsindən danışır. Bunu hər kəs öz üzərində də yoxlaya bilər, əlbəttə sizi iflic vurmayıbsa…
O dünyanın yolu
Ağlı başında olan insan mütləq soruşar ki, bəs dahi şəxsə ortabab insanlarla münasibətin nəyi maraqlı ola bilər? Seks vasitəsilə sıravi insanların əli çatmayan bilikləri necə əldə eləmək olar?
Hamı bilir ki, insanda altıncı duyğu var. Buna təxəyyül də demək olar. Bəziləri ömrünün sonuna kimi bunun nə olduğunu bilməyib, heç dadına da baxmayıblar. Təxəyyülünü işlətməyi bacaranlara dahi və istedadlı insanlar deyirik. Təsəvvür, xəyal, təxəyyül Ali Şüur və fani insan arasında birbaşa çəkilmiş yoldur. Bu yol həm də başqa insanların bacarıqları və fikirlərinə, onların topladıqları informasiya bankına yol açır. Altıncı duyğu adi insanı dahi şəxsiyyətdən ayıra bilən sərhəddir.
Dünyanı hissslər idarə edir
Tarix dahi insanlara qadının heyranedici təsirinə nümunələrlə doludur. Nə qədər ki, Napaleon Bonopart Jozefinasının sevgisilə yaşayırdı (paralel olaraq qadının kimləsə sevişməsi də ona maneə deyildi) o, məğlubedilməz idi. Jozefinadan ayrılan kimi onun günəşi qüruba doğru getdi. Təbiətcə çox seksual sayılanların içində Corc Vaşinqton, Uilyam Şekspir, Endryü Cekson, Enriko Karuzo da var. Onları çox seksual şəxslər kimi tanıyırlar. Təbii ki, bu artıq sublimasiyada süzgəcindən keçmiş seksual enerjidir. Tulus Lotrekin eybəcərliyi ona qadın kolleksioneri olmağa maneə deyildi. Balzak isə axsaqlığını gizləməkçün yerimək əvəzinə qaçırdı. Onun qadınlarının sayını hələ ki, dəqiq bilən yoxdu. Tosqun, buruqsaç, Dümanın qadınlarını kitablarıyla eyni sayda bilirlər. Təxminən 600-dən yuxarı. Onları heç maraqlandırmırdı ki, Dümanın damarlarında həbəş qanı axır. Bu siyahını daha böyük və daha geniş eləmək olardı. Amma siz bəşəriyyət tarixində irəli çıxmış bir şəxs göstərə bilməzsiz ki, seksual imkanları çox aşağı olsun. Seçilmişlərin içində bir nəfər də impotent tapmaq mümkün deyil.
Kim nə deyir, desin, dünyanı insan hissləri idarə eləyir. İnsan şüuru həmişə kənardan təsirə ehtiyac duyur. Hər yeni tapıntının başında bir sevgi macərası, hər ixtiranın özəyində yaşanmış real əhvalat dayanır. İnsan sevgidən, duyğulardan sərxoş ola bilir. İnsan nə dahi olmaq iddiasından, nə də seksdən əl çəkə bilir. Bizdə bu barədə danışmağı sevmirlər. Yəqin hamı hiss eləyir ki, danışası mövzu deyil, ya da ayıbdır. Rəşid Behbudovun qadınsevərliyini pis keyfiyyət kimi qələmə vermək, ya da Üzeyir bəyin həyatsevərliyini pis yozub gizli saxlamaq da bizə başucalığı gətirməz. Yəqin bu mövzuda sakit, təmkinli və bir qədər də yumorla danışmağı biz hələ çox öyrənməli olacağıq. Amma biləsiz, ağzı açmadan dişləri müalicə eləmək mümkün olmayacaq.

Yuxariya doğru