Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Hələ doğulmamış uşaqların göz yaşları

Hər gün dünyada 21 min uşaq öldürülür.

Ananın boynuna uşaq düşən ilk gündən bətnində insan formalaşır. 18-ci gün onun balaca ürəyi döyünməyə başlayır. 6 həftədən sonra böyrəkləri, ciyərləri və beyni işə düşür. Bünövrəsi qoyulandan 10 həftə sonra o, ağrını hiss eləyir, bəyənmədiyi səs-küydən sir-səfətini turşudur. Bir az da keçən kimi başını tərpədir, əl-ayağını açıb bağlayır, qaşlarını da çata bilir. O hələ ağzını tapıb barmağını sovurur, əsnəməyi də olur. Təxminən elə bu dövrdə insanların istəyi ilə o əziyyətli ölümlə üzbəüz qalmalı olur. Uşağı parça-parça döğrayıb, hələ ölməmiş turşu tərkibli maddələrlə yandırır, qarmaq kimi dəmir bıçaqla qaşıyıb doğrayırlar. Bu səhnə şişirdilməyib, bu reallığın sadə adı var: ABORT.

Aborta məhkum uşaqların duası anasının qarnından uşaqlarda eşidilməz...
Müasir cəmiyyətdə abort sözü az qala artıq problemlərdən qurtulmaq, təsadüfi intim əlaqənin izlərini silmək, yaxşı işi itirməmək cəhdi kimi ifadələrlə sinonim olub. Buna heç kim «bizdən birini öldürmək» adı verib cinayət adlandırmır. Hələ doğulmamış uşaqlar görən ağlayırmı? Görəsən onlar danışa bilsəydi ata-analarına nə deyərdi? Bir çox ölkələrin qanunvericiliyi insanın yaşamaq hüququnu qoruyur, amma ana bətninda olan uşaqların hüququ heç kimi narahat eləmir.

Biz istərdik ki, siz də biləsiz: doğulmamış uşaqlar da ağlayır!
Ağ mələfələr, iti kəsici alətlər, qan izləri kimi döyüş meydanını xatırladan abort otağında «bizimkilər» və «sizinkilər» olmur. Müharibədə yaralanmış döyüşçü öz duasını ilk öncə anasına ünvanlayır. Təbabət insanın bətndəki dövrü barədə çox quru informasiya verir: neçə santimetr boyu, neçə qram çəkisi və s. 18-ci günündən ananın iri ürəyinin yanında duet yaradan kiçik döyünmələri, beyni işə düşəndən sonra həssas aparatlarda izini qoyan emosiyalarını qeydə alandan sonra onun həyatının qiymətini, ruhunu necə ölçək? Məncə bunun qiymətini illərlə həkimlərin müayinəsində, xəstəxanalarda keçirib nəhayət sonsuzluq ittihamını eşitmiş qadınlardan soruşmaq lazımdı. Bunu uşağını itirmiş analardan, müharibədən qayıtmamış oğlunu gözləyən qarılar yaxşı bilər. Biz doğulmamış uşaqlarımızı böyüklərin dəyərləriylə ölçüb yararsız sayaraq ölmə məhkum eləmişik. Aborta məhkum edilmiş uşaqların duası anasının qarnından uşaqlarda eşidilməz...

«Uşaqlarımın ahı tutub məni»
Kim deyə bilər ki, uşağını öldürmüş ana həyatının ardını rahat yaşayır. Onunçün canlı insan hekayətlərini eşitmək lazımdı. Onların adı, kimliyi nəyinizə lazımdı ki?...
Birinci əhvalat: (35 yaş) «Cəmi bir dəfə abort eləmişəm. Cavan olmuşam, başa düşməmişəm yəqin. İkinci uşağa imkanımız yoxuydu. Bir yaşında olan oğlumdan sonra fasilə vermək fikrindəydim. Başa düşəndə ki, hamiləyəm şoka düşdüm. Abort eləyəndə qabağımı heç nə, heç bir fikir kəsmirdi. Səfilliyi artırmadığıma görə hələ bir razı qalmışdım özümdən. Amma bir neçə il sonra qəribə yuxu gördüm. Orda məni ağıllı başlı sorğuya çəkib hər şeyi başa saldılar. «Öldürdüyün oğlunu xatırlayırsanmı?» soruşub onu canlı uşaq kimi mənə göstərdilər. Onun üzünü gördüm, nəfəsini, qoxusunu duydum. O qədər hönkürüb ağladım ki, axırda öz səsimdən oyandım. İndi o uşağın üzü uzun illərdir ki, gözümdən çəkilmir. O abortdan sonra evimizin olan-qalan ruzusu çəkildi, onsuz da çətin həyatımız bir az da çətinləşdi. Axı mən bilməliydim ki, uşağı verən Allah ruzusunu da verəcək... »
İkinci əhvalat: (51 yaş) «Bu günə qədər 40-dan çox abort eləmişəm. Sonuncu dəfə həkimlər mənə dedi ki, bir də gəlsən, öləcəksən. Bunu yoldaşıma danışdım. O gündən bəri üzünü divara çevirib necə yatdısa bir də mənə əl vurmadı. Bizi uşaqlarnan hara desən aparıb, adını çəkdiyim bütün istirahət yerlərində olmuşuq. Amma qadın kimi məndən üz döndərdi. Bu yaşımda isə həkimlərdə düşüb qalmışam. Şəhərdə ginekoloq qalmayıb ki, qəbulunda olmayım. Dərdimə əlac tapılmır. Bir həkim isə mənə «Yazdığım iynə-dərman hamısı boş şeydi. Get özünə bir kişi tap» deyib. Mən də yaxama «Kişi axtarıram!» yazıb vura bilmərəm. Görünür abort elədiyim uşaqlarımın ahı tutub məni...»
Üçüncü əhvalat: (21 yaş) «Nişanlı vaxtı gələcək ərimlə intim münasibətim olmuşdu. Hamilə olduğumu biləndə qaynanam az qala saçımı yolacaqdı. Uşağın oğlundan olduğunu dəqiq bilsə də əlimdən tutub zorla məni aborta apardı. Toyda gəlinin qarnının burnuna dəyməsi biabırçılıq sayılırdı axı. Mənə deyirdi ki, bəs arzularım var, təm-təraqla qapılara getmək istəyirəm, bir il nişan saxlamalıyam ki, hamı görsün necə xonçalar tutacam. Hər şey o istəyən kimi təmtəraqla oldu. Amma ondan sonra uşağımız olmur. Müalicə filan heç nə kömək eləmir. Uşağımı öldürdüyünə görə qaynanamın üzünü görə bilmirəm. Bu xonçalar ona nəvəni əvəz eləyə bildi?»
Dördüncü əhvalat: (45 yaş) «İkinci uşağı doğmağı heç ağlıma gətirmirdim. Balaca daxmada güclə yerləşmişdik. Hamilə olduğumu hiss eləyəndə ultrasəs müayinəsinə getdim ki, dəqiqləşdirim. Dedilər ki, heç nə yoxdu, bəlkə soyuqlamısan. Bir ay gözlədim, sonra yenə də həkimə getdim. Bu dəfə həkimlər heyrətləndilər ki, burda ikiaylıq uşaq varmış. Bapbalaca yerdə gizlənməyə yer tapıbmış. Uşağı salmaqçün iynə vurdum. Elə bildim ki, uşaqdan canımı qurtardım. Bir aydan sonra yenə də həkimə getməli oldum. Məlum oldu ki, uşaq ölməyib. Yenə də sağ qalmağın yolunu tapıb. İndi isə fikirləşirəm yaxşı ki, bu uşaq sağ qaldı. Ərimi və böyük oğlumu itirəndən sonra o, mənim yeganə ümidimdir».

Ana, məni eşidirsən?!
Ana, mənə yaşamaq şansı ver. Mən sənin içindəyəm, ürəyinin hər döyüntüsünü eşidirəm. Sən sevinəndə mənə də atılıb düşürəm, sən kədərlənəndə mənim də qanım qaralır. Mən sənin karyerana mane olmaram, ana! Axı mən həkimlərin dediyi kimi bir parça laxta qan deyiləm, sən bunu bilirsən. Axı onlar bilmir ki, məni öldürəndən sonra sənin də həyatında sakitliyin, rahatlığın olmayacaq. Mənim ağlamağımı sən həmişə eşidəcəksən. Çiçəkləyən, meyvə tökən bağlarda bircə mənə yer olmadı? Bütün dünyanı sevən ürəyində bircə mənim sevgimə yer tapılmadı? Başa düşürəm, sən məni planlaşdırmamışdın. Məni öldürmə, ana! Ölənlərinizi kəfən büküb torpağa basdırırsız, bəs niyə bizi odda yandırır, zibilliyə atırsız? Müharibələrdən qorxur, qan tökmək istəmirsiz, bəs niyə bizim qanımıza qıyırsız? Heç heyvanlar öz balasını öldürmür.

Hələ doğulmamış uşağın gündəliyi
5 oktyabr – Bu gündən yaşamağa başlayıram. Amma valideynlərim hələ bilmir ki, mən çiçəkləri çox sevən bir qız olacam.
19 oktyabr - Bəziləri elə bilir ki, mən hələ adam deyiləm. Çörəyin qırıntısı da çörək olduğu kimi mən də insanam.
23 oktyabr – Mən ağzımı aça bilirəm. İnanmağım gəlmir, bir ildən sonra gülməyi, danışmağı biləcəm. İlk sözüm mütləq «ana» olacaq.
25 oktyabr – Bu gün ürəyim döyündü.
2 noyabr – Hər gün bir az artıram, əl-ayağım formalaşır.
12 noyabr – Mənim barmaqlarım əmələ gəlib. Mən onlarla anamın saçını sığallayacam.
20 noyabr – Bu gün anam mənim ürəyimin döyünməsini özü gördü. Yəqin o, çox xoşbəxtdi.
23 noyabr – Yəqin ata və anam mənə ad axtarırlar.
13 dekabr – Mənim saçım çıxır. Bir az görməyə başlamışam. Anam məni dünyaya gətirəndə işıqlı və çiçəkli dünyanı görə biləcəm.
24 dekabr – Görəsən anam mənim ürəyimin səsini eşidir? Ana, sənin sağlam qızın doğulacaq.
28 dekabr – Bu gün anam məni öldürdü...

«Bunu sən də istəmisən...»
Aborta gedənlərin 15 faizi başı ilk dəfə daşa dəyən cavan qızlardı. Onlar nə əvvəl, nə sonra nəinki uşağının, heç öz taleyini də düşünmək iqtidarıqda deyil. Bəzən elə valideynləri özü onların əlindən tutub həkimə aparır. Başqa bir qrupa fiziki və mənəvi cəhətdən yetişmiş qadınlar aiddir. Ola bilər ki, hamiləlikdən qoruyan vasitələrin effektivsizliyindən, zorlama halları olduqda, kəskin xəstəlikdən sonra yaranan fəsadlara görə, ərinin ölmüylə bağlı, yaxud sosial şəraitin olmamasından aborta qərar verirlər. Bəzi qadınlar isə abortu hamiləlikdən qoruyan vasitə hesab edərək vaxtaşırı elə bil iynə vurdururmuş kimi çox rahat eləyir. Elə bil ki, dünyada başqa kontraseptik vasitə yoxdu. Azyaşlı uşaqlara başa salınan tərzdə bu qadınlara da bəzi qoruyucu vasitələri göstərib anlatmaq lazımdı.
Kavalerlərə gəlincə isə yeniliyi eşidən kimi əksəriyyəti sevgilisini problemiylə üzbəüz qoyub aradan çıxmağa üstünlük verir. Bəzən əlini cibinə salıb abortun xərcini çəkənlər də tapılır. Yerdə qalanı isə məsuliyyəti qadının üstünə ataraq «bunu sən də istəmisən» deyir. Deyəsən onları əməliyyat zalına dəvət eləmək lazımdı. Deyilənə görə bu səhnəni bir dəfə görənlər uzun müddət özünə gələ bilmir.

«...kasıblıq üzündən uşaqlarınızı öldürməyin.
Sizin də, onların da ruzisini biz verdik»
(Qurani Kərim, Davar surəsi, 151-ci ayə)

İslama görə qanuni ərindən olan hamilələliyi 40 gün ərzində pozmaq günah deyil. Amma aborta icazə verən insan və həkim də eyni dərəcədə günahkardır. Yəni ər və arvad hər ikisi razılıq veribsə də həkim ölmüş uşağa görə cavabdehdir. Hamilə qadının həyatı riks altında olanda şəriətə görə ananın xilası vacib sayılır. Zinadan doğulacaq uşağı 40 gün ərzində belə öldürmək qadağan olunur. Əgər qadını əri yaxud valideynləri aborta məcbur edirlərsə, Allahın qanunlarına zidd getmiş qadın qurrat verməlidi. Qanın bahası 5 dəvə, yaxud onun qiymətinə bərabərdir. Əgər qadın ərindən icazəsiz dərman içərək uşağını öldürübsə bu məbləği uşağın atasına verməlidi. Ər də bu işdə arvadıyla əlbir olarsa qurrat ölənin bacı və qardaşlarına düşür.

Abort materialından kosmetika hazırlanır
Keçən əsrin 80-ci illərində aborta qarşı çəkilmiş «Səssiz çığırtı» adlı bir film böyük səs-küy yatarmışdı. Abortu qadağan edənlər hərəkatı qadının sosial problemlərini həll etmək və qadına qarşı mərhəmət prinsipindənsə embriona qarşı diqqəti əllərində bayraq eləmişdilər. Filmdə cərrah bıcağı altında qorxudan titrəyən, qaçıb gizlənməyə yer axtaran, doğrananda ağrıdan çığıran bətndəki uşaqların video təsviri verilmişdi.. Ultrasəs exoqrafiyası altında aparılan cərrahiyyə əməliyyatının kadrlarını görənlər həmən dəqiqə abort haqqında fikirlərni tamam dəyişirlər. Bu film dünyada böyük əks-sədə doğuraraq aborta əlini balaşdıran həkimlərin öldürülməsiylə məşğul olan təşkilatın fəaliyyətinə təkan verdi. Onlarla həkim terrorçuların qurbanı oldu. Embrionu müdafiə edənlər canlı insanları öldürməyə başladı.
Nə qədər qəddar olsa da abortu qadağan eləmək olmaz. Çünki bu kriminal abortların, evlərdə gizli, antisanitariya şəraitində olunan abortların sayını artıracaq. Çarəsizlikdən doğulan uşaqlar sevgidən məhrum olmuş insanlar təbəqəsi yaradacaq ki, cəmiyyət bu problemi də həll edə bilməyəcək. Amma analar bilməlidi ki, onların öldürdüyü uşaqların qanından ulduzları cavanlaşdıracaq preparatlar yaradırlar və «Filankəs uşaq qanı vurdurub cavanlaşır» cümləsinin arxasındakı həqiqətləri də bilməlidilər. Onların məhv elədiyi embrionlar kosmetik firmaların cibinə milyonlarla gəlir gətirir.
Abort eləyən qadınlar həmişə olub, yəqin ki, olacaq. Amma bu insanların savadçızlığı, nadanlığı ucbatından baş verməməlidi. Hər kəs elədiyi hərəkətin məsuliyyətini anlayıb addım atmalıdı. Onsuz da hamı cavab verəcək, o dünyaya inananlar da, inanmayanlar da...

Yuxariya doğru