Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Beyin idmanı

Yaz depressiyasına düşməməyin məlum reseptləri
Bahar yayı itələyə-itələyə gəlməyindədir. Günəş parlayır, gözümüzü qamaşdırır, əynimizi yüngülləşdirməyə və soyuq qorxusunu canımızdan çıxarmağa çalışır. Amma nədənsə yaz günəşi təbiəti canlandırdıqca adamlarda ətalət və təmbəllik oyadır. Yazın gəlməyilə klaviatura qarşısındakı kresloda elə bil ki, iynələr bitir. Nə oturmaq, nə işləmək olur. Adam hər şeyi atıb başını götürüb hara gəldi getmək və iş barəsində düşünməmək istəyir.
Kələm və pendirin insan həyatında qoyduğu izlər
Qəzetimizdəki köşəmi kim istəsə ona hədiyyə verib yazmaq məcburiyyətindən qaçardım. «Veriləsi nə böyük vəzifə imiş?!» deyərdiz. Amma vəzifənin böyüyü-kiçiyi olmaz, məsuliyyət hissinin sərhədləri var axı. Deyirlər ki, xristianlara qan uddurmuş Roma imperatoru Diokletian 59 yaşına çatan kimi yubileyini gözləmədən hakimiyyətdən imtina edib özünü tərəvəz yetişdirməyə həsr edib. Onu nə qədər geri çağırsalar da o, kələm yetişdirmək ləzzətini adam öldütdürmək ləzzətinə dəyişdirmək istəməyib. Müasir psixologiya bunu təntənəli səslənməsi olan terminlə adlandırıb: relaksasiya. Relaksasiya stressdən qurtulmaq, istirahət edib həyaytının rənglərini geri qaytarmaq deməkdir. Vahid, hamıya yarayan resept yoxdu. Yəni ki, kim necə bacardı o cür də rahatlıq tapır.
Enşteyn insan talelərinin qaranlıq guşələrində eşələnməkdən əlavə skripkada çalmağı və velosiped sürməyi sevirdi. O, sevimli velosipedinə minib ondan da artıq sevdiyi şəhəri Santa-Barbarada şütüməyi sevirdi. 1933-cü ilin fevralın 18-də onun yolunun üstünə çıxan təsadüfi fotoqraf bu tarixi anı lentə aldı. Sonralar Enşteyn bu fotonu Nyu-Yurkun müasir tarix muzeyinə verdi. Yəqin ki, psixoloq velosipeddə şütüyərkən, külək qulaqlarında uğuldayanda və qıvrım saçlarını bir az da qarışdıranda o, dünyanın ən xoşbəxt adamlarından birinə çevrilirdi. Yəqin ki, onu nə ezop sindromu, nə də uşaqlığındakı zorlanmalar narahat edirdi. Həmin bu xoşbəxtlik duyğusunu Benjamin Franklinə pendir verirdi. Çox sadə və bahalı olmayan relaksasiya üsuludur. O, yazı yazmaqdan əvvəl masasının üstünə çoxdu pendir qalayırdı. Həmin o pendir qalağını yavaş-yavaş, ləzzətlə, yoxsa ildırım sürətilə içəri ötürməsi barədə tarix susur. Bir də ki, ən fərqi var, pendir onu xoşbəxiliyə yaxınlaşdıra bilirsə istəyir tonlarla yesin, ya da yeməyib baxsın.
Qoqol acından ölüb
Deyirlər ki, Qoqol yazıçı olmasaydı yaxşı aşbaz ola bilərdi. Müasirləri Qoqolun hazırladığı makaronlar barədə yazılı abidələr qoyub gediblər. Romada yaşadığı vaxtlarda Qoqol professional aşbazlardan dərs alırdı. Sonra dostlarını yeni reseptlər üzrə hazırladığı yeməklərə qonaq edirdi. Bir də ki, təbiətcə arıq olan yazıçının bulemiya (həddən artıq yesə də normadan az çəkidə olması) xəstəliyindən əziyyət çəkirdi. Belə xəstələr stress zamanı hirsini yeməkla soyudurlar. Bioqrafların dediyinə inansaq əslində Qoqol aclıqdan ölmüşdü. Çünki həftələrlə ac qalıb dua etmək kimi qəribə adətiylə o özünü üzmüşdü. İndi məşhur yazıçının həyatdan küsməyinin əsil səbəbi aydınlaşır. O, sevdiyi relaksasiya üsulundan özünü məhrum eləmişdi deyən həyatının rəngləri də itmişdi.
Çörçil dünya müharibələrinin məşqini dava-dava oynayaraq həyata keçirib
Termodinamikanın (fizikanın hərarət və onun başqa enerji növlərinə keçməsindən bəhs edən şöbəsi) üçüncü bölümünün müəllifi fizik Valter Nernst karp balığı yetişdirməkdən ləzzət alır və bu yolla istirahət edirdi. Ondan soruşurdular ki, bəs niyə karplar? Niyə toyuq, at, ya da başqa ev heyvanları olmasın? Fizik cavab verirdi ki, balıqlar soyuqqanlı məxluqlardır. O, başqa heyvanların yetişdirilməsiylə məşğul ola bilməz. Çünki dünyanı öz hesabına qızdırmaq fikrində deyil.
Uinston Çörçil dövlət işlərindən başı ayılanda (Düzün desək onun dövlət işəlrindən başı ayılmırdı. Yəqin ki, o bu vaxtı dövlət işlərindən oğurlayırdı) əsgər-əsgər oynaırdı. Onun evində bir neçə qoşun miqdarında əsgər fiqurları və hərbi sürsat oyuncaqları vardı. Özünü işlərdən qaçıranda o, kabinetində, eləcə evində də dava-dava oynayırdı. İndi məşhur siyasətçinin hərbi işlərdə səriştəsinin mənbəyini aydın görmək olur.
Qumarbaz və arvadbazlardan
Dostoyevski yeni əsərə çox çətinliklə başlayırdı. Bəzən pulsuzluq onu çıxılmaz vəziyyətə salsa da müqavilənin sonuna lap az qalmasaydı yazı arxasına keçə bilmirdi. Bu da yəqin azartın bir növüdür. Axı onun daha bir relaksasiya üsulu da vardı. O, yaxşı qumarbaz idi. «Uf» demədən həyatını, varidatını, hətta sevdiklərini də qumara qoya bilərdi.
Tolstoy ot biçməyi sevirdi. Arvadının deyingənliyindən, eləcə də özünün idarəedilməz şəhvət hissindən bezəndə ayaqyalın soyunub çöllərə düşərdi. Arabir varidatını da paylamaqdan ləzzət alardı. Amma bundan sonra arvadının deyinməyi artardı və o, yenə də soyunub çölə ot biçməyə getməli olardı.
Balzak 5-7 fincan kofe içməmiş yazıya başlaya bilmirdi. Bu faktla maraqlananlar hesablayıb ki, yazıçı ömrü boyu 50 min fincana yaxın kofe içib. Bəzən həqiqətən də həyatda elə anlar gəlir ki, bir fincan tünd kofe, ya da pürrəngi çay həyatına rəng qata və bəzi xırda problemlərdən qurtara bilir. Hamı bilir ki, çay, ya da kofe iş qabliyyətini artırır və əhvalı yüksəldir. Kofenin sayı 2-3 fincina çatarsa onun təsiri 80 mq kofeinin təsirinə bərabərləşir. Balzakın pərəstişkarları deyir ki, Onore da Balzakın yaradıcılığı içdiyi 50 min fincan kofenin nəticəsidir. Amma bəzən bu cümlənin ardına «Həyatı və erkən ölmü də» əlavəsini edirlər.
Güllələnmiş hamam
Puşkin isə hamamda güllə atmağı sevirdi. Deyirlər ki, Mixaylovsk kəndində yazıçının zamanından bu günə çox az xatirə qalıb. Amma Puşkinin güllədiyi hamam divarı hələ də durur. Burda qınamalı bir şey yoxdu. Kimsə hamamda çimməyi, kimsə oxumağı sevir. Necə deyərlər, əsas məsələ ürək şad olsun. Yaxud başın sən istəyən tempdə işləməsi vacibdir. Baş isə köhnə maşın kimi mühərrikini burmaqnan işə düşən deyil. Baş, eləcə də iynələr bitməsinə baxmayaraq oturmağa məcbur olduğun kresloya ən yaxın orqan kapriz yapır, bəzən ətrafdakıları incidir və köhnə adətlərindən əl çəkib yeniliklər axtarmaqdan imtina edir. Məsələn, alman tarixçisi Teodor Mommzen çox konservativ idi və evinə elektrik çəkməyə icazə vermirdi. Yazılarını da ağ neft lampasının işığında yazmağa adət etmişdi. Bir dəfə evdə olmayanda ondan xəbərsiz elektrik xətti çəkilir. Amma ev sahibi qayıdıb bu yenilikdən çox narazı qalır. O, elan edir ki, əvvəlki kimi lampa işığında yazacaq. Ömrünün sonuna kimi sözünün üstündə durdu. Amma lampa yandırmaq üçün kibrit axtaranda o, elektriki qoşurdu. Sonra işini lampa işığında davam edirdi. Yəqin ki, onun da bu məqamda relaksasiya prosesi işə düşürmüş. Ya da başqa şəraitdə beyni işləməkdən imtina edirmiş. Olan şeydi.
Həyatın dibindən
Məlumdur ki, məşhurlar, dahilər, yaradıcı insanlar çox az yatır, az əylənir və çox işləyirlər. Ona görə də relaksasiya , özü də çox keyfiyyətli və məhz özü istəyən formada olmalı idi ki, bədən tezliklə vərdiş edilmiş formaya düşsün və vacib orqan - beyin əvvəlki ampletudada dahi ideyalar generasiya etsin. İndi istirahətin, ətrafı unutmağın və beyin fəaliyyətini bərpa etməyin yolları daha çoxdur. Amma bu üsulların əksəriyyəti sağlamlığa ziyan, bəzən isə təhlükədir.
Alkoqol insanlar arasında yaranan təbii maneələri tez aradan qaldırmaqda ən yaxşı üsuldur. O, yüngüllük, rahatlıq gətirə bilir və ünsiyyətə kömək edir. Bir neçə konyak qədhini içəri ötürəndən sonra şeir, ya da mahnı yazmağa nə var ki? Yaradıcı adamların spirtli içkilərə meylinii səbəbləri də burda gizlənir. İçməyi sevənlərin əksəriyyəti etiraf edir ki, içkili halda yaratmaq nəfəs almaq kimi təbii prosesdir. Amma daimi sərxoşluq maili müstəvi ilə yavaş-yavaş sürüşmənin də əlamətlərini ehmallıcı gizlədir. Günlərin bir günü ayılıb özünü həyatın dibində görürsən və ordan çıxmağa artıq gücün qalmır. İçkidən artıq relaksasiya üsullar axtarmalı olursan.
Hallusinasiya yardan dərmanlar, narkotiklər daha təhlükəli yoldur. Yaratmaq naminə, bir anlıq ləzzət naminə riskə getmək çox bahalı stress çıxarmaq yoludur. Burdan geriyə yol yoxdur. Çünki az sonra narkoman üçün ləzzət anı yoxa çıxır və həmin qısamüddətli dəqiqələrlə ölçülən zamanda sənin heç bir yerin ağramır və özünü adam kimi hiss etməyə başlayırsan. Ayılan kimi hər şey daha da şiddətli şəkildə geri qayıdır.
Utanmasan oynamağa nə var ki?
Psixoloqların əksəriyyəti deyir ki, insanlar göründüklərindən daha istedadlı olur. Amma utancaqlıqdan istedadlarını nümayiş etdirə bilmirlər. Yaxud da özlərinə qarşı lazım olduğundan artıq kritik oulrlar və gülünc görünməkdən çəkinirlər. Necə deyərlər , utanmaq olmasa oynamağa nə var ki?! Yəni yaradıcı potensialı oyatmaq və relaksasiya almaq üçün özünü kantrolu azaltmaq, bəzi adamlarda isə yığışdırmaq lazımdır. Bəlkə kimsə ömrü boyu oxumaq arzusunda olub, ya da həmişə rəqqaslara həsədlə baxıb. Qoy oynasın, ya da oxusun. Xanəni düz seçməsə də, səsi xaric oxusa da dünya dağılmaz. Bəd ayaqda Molla Nəsrəddin kimi girib hamamda oxuyar. (Bəlkə də Puskin güllələri hamamda utancaqlığından atırmış?)
Özünü vaxt və zamanla məhdudlaşdırmaq, sıxmaq da böyük gərgindiklər yaradır. Amma Balzak və Dostoyevski kimi parlaq nəticələr də verirdi. Vaxtı saymayanlar özünü vaxtla stimullaşdıranlardan daha çox olduğundan nəticəyə uyğun seçim etməli. Onsuz da xoşbəxtlərə saat lazım olmur deyirlər. Xoşbəxtlərdən, yoxsa vaxtı qabaqlayanlardan olmaq fikriniz var?
Təmbəlin bəxti üzdə olar
Görkəmli adamların bioqrafiyalarında zəhmətkeşlərin sayı təmbəllərin sayından azdır. Ona görə də stimullaşdırıcı effektlərin sırasına təmbəlliyi də yazmalı olacağıq. Bəzən adam yeni kəşfi təmbəlliyindən edir. Yəni ki, hamıya məlum üsullarla ona lazım olanı əldə etməyə ərindiyindən, buna vaxt və güc sərf eləməkdənsə daha rahat yol tapır. Sonra isə həmin bu yolun daha sərfəli oolduğunu qalanları da anlayır. Amma istedadlı adam kəşfinin təmbəlliyindən etdiyini deməyə utanmır.
Ətrafını unutmağın daha bir yolu hipnozdur. Əgər insan təlqinə asan düşürsə onu dahi musiqiçi, ya da rəssam olduğuna inandırmaq olar. Belə təcrübələr artıq qoyulub və maraqlı nəticələri də var. Hipnozdan ayılmamış adamlar gözəl musiqilər bəstələməyə, əsrarəngsiz rəsmlər çəkməyə başlayır. Bir adama dahi şahmatçı Pol Morfi olduğunu təlqid ediblər və oyuna çağırıblar. Bu fikri beynində sahmana salandan sonra həmin adamın ilk reaksiyası 1 milyon dollarlıq qonorar istəməsi olub.
Gərginliyi atmaqçün dağa da dırmaşmaq olar, dağdan sürüşmək də. Hündürlüyə də atılsaz, ya da paraşütdən tullansaz də hər iki halda ola bilər qorxu qarışıq ləzzət yaşayacaq və lazımsız fikirləri bir anda salıb itirəcəksiz. Mütəxəssilər də razıdır ki, adrenalin bəzən həlledilməz problemləri bir andaca həll edə bilir. Məsələn, hıqqana-hıqqana uca, yaxşı olar ki, qarlı dağın başına dırmaşırsan və sonra skeyti ayaqlarının altına qoyub özünü taleyin ümidinə buraxırsan. Ya da əvvəl təyyarədə hündürlükdən yeri seyr edirsən, sonra isə qorxunun izləri keçən kimi özünü kəlləmayallaq aşağı tullayırsan. Ola bilər həmin anda kimsənin beyninə dahi formul, ya da bir melodiya gəlməyəcək. Amma bu ləzzətin tamı boz həyatınızla bərabər uzun müddət yuxularınızı da bəzəyəcək.
Beyin idmanı
Daha bir maraqlı üsul da var ki, beyin üçün bir növ gimnastika ola bilər. Buna beyin həmləsi üsulu deyirlər. Bu tip yanaşma keçən əsrin 30-cu illərində Amerikada yaranıb. Mahiyyəti odur ki, bir neçə nəfər bir yerə toplaşıb qarşısına məqsəd qoyur və sonra ümumi səylə onu həll edirlər. Tədqiqatçılar və bu üsulun müşahidəçiləri deyir ki, beyin həmləsi üsulu ilə insan öz ortabab imkanlarından 10 dəfə artıq intensivliklə beynini çalışdırır. Amma təəssüf ki,bu bizdə mexanada söz güləşdirmək səviyyəsindən uzaq getmir. 2-3 nəfərin çayxanada toplaşıb qonşunun təzə maşınının müzakirə edilməsinə də beyin həmləsi demək olmaz. Həmləyə yaxşı ideyalar, işlətməyə isə yaxşı beyinlər lazımdı.
Məlumdur ki, sağ yarımkürə yeni ideyaları yaratmağa, sol yarımkürə isə onları tədqiq və nəzarət etməyə xidmət edir. Avstraliya Unversitetinin professoru Alan Snayder qısa müddətə sol yarımkürəninin fəaliyyətini məhdudlaşdıran dəbilqə icad edib. Onun bu ideyasını sınaqdan keçirənlər qısa müddətə beyinlərinə doluşmuş yeni və maraqlı ideyaların çoxluğundan heyrətə gəlmişdi. Yəni ki, ifrat dərəcədə özünə nəzarət bizi həm ləzzətli emosiyalardan, həm də yeni ideyalardan məhrum edir. Bəzən beyin adətkarda olduğundan nəzarəti bizim əmrimiz olmadan da icra edir. Amma vaxtaşırı «Tamam!» əmri verib ali orqanımızı şüurlu şəkildə tormuzlaya bilərik. Onun sıradan çıxmasına razı ola bilmərik axı. O, həm özunu, üstəlik oturmaqdan şişməkdə olan qalan, nisbətən lazımsız orqanları da idarə edir.

Yuxariya doğru