Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Əli qandallı məhəbbət

Dünyanın bütün qadın və kişiləri yalnız bir məsələdə razılığa cəliblər:
onlar bir-birinə və qadına etibar eləmir.
Henri Lüis Menken

«Başqa paltar geyin», «Çatanda mənə zəng elə», «Özünü yaxşı apar» - belə ifadələrlə həyat yoldaşını yola salmağa nə ad vermək olar? Bu nəzarətdi, yoxsa qayğı? Hamı bilir ki, bu iki anlayış arasındakı sərhədlər çox şəffafdır. Görəsən qayğı nə vaxt nəzarətə çevrilir? Görəsən niyə insanlar bu dəqiqə yarısının nəylə məşğul olmasını mütləq bilmək istəyirlər? Hamının beynində dolaşan bu suallara birlikdə cavab axtaraq. Arabir görkəmli tarixi şəxsiyyətlər də bu mövzuda polimikamıza qoşulacaq. Sitatların əksəriyyəti qadınlara qarşıdır. Samüel Conson demiş yazmağa əksərən kişilər bacardığından dünyanın bütün bədbəxtlikləri qadınların ayağına yazılıb.

Xoşbəxt olmaqçün qadına kişi lazımdı.
Bədbəxtl olmağa ərdə olmaq kifayət edər.
Voysex Bartoşevski
Ulduzları barışmadı
Tanıdığımız ən standart situasiyanı götürək. Qadın evlənmək təklifi alan kimi gələcək əri ona qadağalar siyahısını təqdim edir. Ən əvvəl qadının qarderobu nəzarət altına götürülür. Bəzi qadınlar idealist təbiətli olduqlarından bunu qarderobunun təzələnməsi və dükana bazarlığa getmək təklifi kimi qəbul eləyir. Sonra beynində «Gözəlçə» filmindəki kimi ən yaxşı mağazalarda bəyəndiyini alan (əlbəttə ki, kişini hesabına) Culiya Roberts kimi təsəvvür edərək qutuların ağırlığından əyilmiş halda evə qayıtmasına qədər fantaziyalara qapılır. Amma dünyagörmüş insanlar bilir ki, kişi qadının əyin-başını nəzarət altına götürməyi qərarlaşdıranda heç də bunu nəzərdə tutmurdu. Dükana getməyi heç ağlına da gətirmirdi. Sadəcə qadınının qarderobunda ən sadə və görkəmsiz geyimlərini əynində görmək istəyini dilinə gətiribmiş.
Belə məqamda psixoloqlar deyir ki, kişi qadını nəzarət altına almaq fikrindədi. Adətən belə vəziyyətdə münaqişə yaranır. Qadın tərslik eləyib iki ayağını bir başmağa dirəsə «Onların münasibətinin axırıdır» desək yəqin ki, proqnozlarımız düz çıxar. Qohum-qardaş «Ulduzları barışmadı», «Qoroskopları düz gəlmədi» və s. ifadələr səsləndirməklə köksünü ötürəcək. Bəs necə olsun?

Qadın pəncərə pərdəsi kimidir. Naxışları gözəl olsa da
dünyanı görməyə çətinlik yaradır.
Henrix Horoş
Əzizim, pərəncə geyməlisən!
Onsuz da ərə gedən qadın istəməsə də qarderobuna əl gəzdirmiş olur. Qısa yubkalarına, ecazkar dekoltelərinə, kürəyi açıq paltarlarına əlvida deyib fatehəsini verməli olursan. Necə deyərlər, bir az asudə nəfəs aldın, bəsindir! Əlbəttə, bütün kişilər qadınını seksual görmək istəyir. Amma onlar istəmir ki, bunu başqa kişilər də görsün. Bunun kökünü erkək instinktlərində axtarmaq olar. Bəlkə də ürəyinin dərinliyində o, başqa erkəklərdən zəifliyini hiss eləyir? Başqa tərəfdən baxsaq bu, həm də qadın üzərində hakimiyyət qurmaq cəhdidir. Yəni dedim, qurtardı! Sən mənimsən, ona görə də necə istəyirəm, geyindirirəm. Psixoloqlar belə situasiyanı valideyn-uşaq münasibəti sxeminə bənzədir. Ər-arvadlar biri valideyn, o biri uşaq rolunu bəlkə də özü bilmədən oynayır. Ümumbəşəri meyarlarla yanaşsaq əslində kişi başqasının şəxsiyyətini məhdudlaşdırmaqla öz qeyri-kamilliyini nümayiş eləyir. Belə adamlara özünü mükəmməl duymaq üçün yanındakının statusunun aşağı olması vacibdir. Yəni qadın kişinin bir növ davamıdır və özünü idarə elədiyi kimi onu da yönəltməlidir. Bir növ öz əli, ayağı, yaxud başqa orqanı kimi. Qadın itaət eləməsə kişi elə ağrı çəkir ki, elə bil əli, ya da ayağı sözünə baxmayıb.

Bütün kişilər yırtıcıdır. Ona görə də onları yedirməkdən başqa əlac qalmır.
Oskar Uayld
Ata-bala, yoxsa ər-arvad?
Əlbəttə, kişiylə naz-qəmzə ilə dolanan qadın həqiqətən də özünü bir növ uşaq kimi aparır. O özü bilmədəq kişinin qanında atalıq harmonu-prolaktinin səviyyəsini yoxlamış olur. Əgər kişi koketliyə dözür və cavab verirsə deməli o, həm də yaxşı ata ola bilər. Amma bəzən oyun lazımsız dərəcədə uzanır. Kişi elə bil ki, qadını qızlığa götürür. Qadın da əvəzində daima «Əzizim, bu paltarı bəyənirsənmi?», ya da «İstəyirsən başqasını geyim?» kimi suallarla ərinin istəklərinə cavab verir. Amma bu cütlükdə kimsə nə vaxtsa «böyüyür». Əvvəl qayğı kimi görünən müraciətlər əsəbləşdirməyə, qıcıqlandırmaya gətirir.
Bir dəqiqə, bəyəm kişinin nəvaziş və qayğısı nəsə pis bir şeydimi? Nə olsun, o qadınının yaxşı görünməsinin qayğısını çəkir. Nəzarətin bura nə dəxli var? Əgər o, sakitcə «Əzizim, (bu sözdən bütün kişilərin acığı gəlsə belə) bu paltar sənə elə yaraşır ki, onu mənimçün geyərsənmi?» desə hə, bu başqa məsələ. Dünyada belə xoş tərzədə deyilmiş xahişi yerə salan qadın çətin ki, tapıla.

Qadın sualına cavab verirsə, ona inanma.
Əgər susursa onda heç inanma.
Kornel Makuşinski
Mən səni seçmişəm, səndən xəbərsiz
Düzün desəm kişiləri də anlamaq çətin deyil. Çoxları düşünür ki, qadının yubkası nisbətən qısadırsa deməlt o, başqa kişilərin ovuna çıxıb. Kişilərin ağlına belə gəlmir ki, qadının çağırış siqnalını mimikada, baxışda, hərəkətlərdə axtarmaq lazımdı. «Yaxın gəlmə, öldürər» saçan ifadəni üzünə taxıb küçədə çimərlik kostyumunda gəzsən bir kişi sənə yaxın gəlməz. Boğazacan bağlı koynək və cinsi əyninə keçirib dünyaya intin əlaqəyə hazırlıq impulsları göndərmək də olar. Bu yerində məntiqi nəticə çıxarmağa cəhd göstərək: əgər qadın gözəl görünmək istəyirsə, qoy belə də olsun. Bircə kişilər bunu anlasaydı ki, bununla qadın bircəciyinə «Bax, hamı mənimlə olmaq istərdi, amma mən səni seçmişəm» demək istəyir.

Qadın həmişə olmayan yerdə gizli məna axtarır.
O yerdə ki, həqiqətən cizli məna var, o, heç bir məna görmür.
A. Marua
Qadın nəzarəti
Belə nəzarət növünü isə qadınlar sevir. «Əzizm, hardasan?» deməklə işin ən qaynar vaxtında ərini özündən çıxara da bilər. Ya da «Saat neçəyçün gələrsən?». Əlbəttə belə sualdan necə əsəbləşməyəsən. Burda o, iclasda, ya da tıxacda oturub belə cəfəngiyyatı dinləməlidi? Arvadı isə evdə oturub onun problemlərindən heç xəbəri də yoxdu. Bu yerində bizim səbrli kişilərimizin ünvanına bir kompliment yazacam. Baş qaşımağa vaxt olmayan zamanda cib telefonunda tanış nömrə görünəndə çığırmaq və bağırmaq əvəzinə onlar «Bəli, 7-də evdə olacam. Əlbəttə ki, işim çoxdu. Bəli, xeyr,…bəli…» deyib trubkanı yerə çırpmadan yenidən cibinə qoyursa, halal olsun!
Psixoloqların həmişəki kimi hər məqamçün öz izahları var. Onlar deyir ki, qadınların ünsiyyətə ehtiyacı daha böyükdür. Kişilərə azadlıq vermək daha vacibdir. Amma hətta psixoloqlar da bilir ki, kişiləri başsız buraxmaq da olmaz. Orta statistik, sıravi ərin bu zaman beynindən qara fikirlər keçə bilər: «Görəsən məni niyə yada salmır, bəlkə nəsə var?» Bir də ki, kişi 9 deyib 10-da evə gəlirsə bunu qiyam kimi qavramaq da olar. Bəlkə bir az yüyəni boşaltmaq lazımdı. Kişilərin nəzarətə münasibəti ziddiyyətlidir. Bir tərəfdən kişilər nəzarət altında olmaqdan qorxur və hər hansı məsuliyyəti boynuna götürmək, o biri tərəfdən isə onlar nəzarətsiz olmaq da istəmir. Elə şey olar, heç kim maraqlanmasın, narahat olmasın? Ona görə də hər kişinin özünəməxsus nəzarət və qayğı nisbəti müəyyən olunur ki, bunun qədərini qadın intuisiyası müəyyənləşdirir. Ağıllı qadın özü bilir ki, nə vaxt trubkaya çığırmaq, nə vaxt ağlamaq, nə vaxtsa kişini azad duraxmaq lazımdı. Adətən belə məsləhətləri heç qəzetlərdə də tapmaq olmaz… Əslində qışqırıqçı, həyasız qadın, ya da həlim, sakit, sözünü təmkinlə deməyi bacaran qadın hər iki tip eyni işi görür, yəni ərini nəzarət altında saxlayır. Kişinin bundan çox nadir hallarda xəbəri olur. Həkimlər deyir ki, həyasız qadın kişi üçün daha yaxşıdı. Çünki aqressiya kişinin qanında testosteronun (kişi harmonu) səviyyəsini qaldırır və o, aktiv həyat sürür. Baş sığallamağı sevən qadının yanında kişinin bədəni az keçməmiş süstləşib qarın buraxır.

Qadına tabe olmağı bacarmaq lazımdı ki,
onun üzərində hakimiyyət qurmağa hüququn çatsın.
Viktor Hüqo
Au..u…u, mən həmişə yanındayam!
Belə məqamlarda münasibətlərdə yaranan ciddi böhran köməyə gələ bilər. Məşuqənin arenada görünməyi ucbatından özünü səliqəyə salmış minlərlə qadın tarixçələri var. Ailədə kataklizmlər yaranır və hər ikisi anlayır ki, ardını yaşamaq mümkün deyil. Belə vaxtı tetatet söhbətə ürəklənmək lazımdı. Bunu hamı, hətta psixoloqlar da dəqiq bilir ki, iki nəfərin qarşı-qarşıya problemi həll eləməsi artıq fantastikadır.
Qayğı və nəzarət arasındakı şəffaf sərhədləri tapmaq mütləq lazımdı. Bunsuz münasibətlər alınmır. Səninlə maraqlanın, yerini, yurdunu soruşan yoxdusa həyat sönük görünür. Uzun stajı olan ailələrdə bəzən bu mərasim şəklini də alır: «mən burdayam, evə çörək allımmı və s.». Tərəflər bir biriylə qətiyyən maraqlanmırsa və heç nə soruşmursa deməli onların hər ikisinin gizləməyə nəyisə var.
Normal ailələrdə sönməyən cinsi maraq məsələsi tezliklə həllini tapır. Az keçməmiş görürsən ki, qadın kişinin, eləcə də kişi qadının qarşı cinsə marağını təbii hal kimi qəbul eləməyə başlayır. İnanmıram ki, qadın heç kimə maraqlı olmayan kişinin arvadı olmaq istəyər. Ya da kişi arzular ki, yanında eybəcər, maraqsız və kifir məxluq olsun. Qəribə gəlsə də Azərbaycanlı ailələrdə də insanlar qarşı cinsin yarısına olan marağını təbii qarşılayır. Arxasında heç nə dayanmayan flirt qanda xoşbəxtlik harmonunun səviyyəsini artırır, tonusu qaldırır. Onsuz da hər kəs səhnəyə nə vaxt çıxacağını, yad adama nə vaxt çəpər qoyacağını, söhbətə hansı məqamda müdaxilə edəcəyini də özü daha dəqiq bilir.

Qadının 3 vəzifəsi var: gözəl olmaq, yaxşı geyinmək
və heç vaxt sözünü kəsməmək.
Somerset Moem
Ailə qaçılmaz məcburiyyət deyil
Cəmiyyətdə azərbaycanlı kişi və azərbaycanlı qadın obrazında dəyişikliklər çoxdandı ki, aparılmır. Daha doğrusu mühafizəkarlığımız imkan vermir ki, bəzi etirafları heç olmasa özümüzçün səsləndirək. Əslində psixoloji tərəfdən ciddi dəyişikliklər gedib, amma hər kəsin cəsarəti çatmır ki, bunu dilinə gətirsin. İndi «Dəli Kür»dəki Cahandar ağalar daha yoxdu və çox yaxşı ki, yoxdu. Qadınları evdə dusdaq eləyənlərin də sayı azalmaqdadı. Ailəyə qaçılmaz məcburiyyət kimi, yoxsa sevdiyin insanla birgə yaşamaq şansı arasında seçim eləyəndə ikincisini seçənlər daha artıqdı. Əvəzində boşanmaların sayı çoxalsa da günlərin bir günü özümüzü bu nəzarət buxovlarından qurtarıb hər kəsin yüyənini öz əlinə nəhayət ki, verə biləcəyik. Gördünüz ki, Röyanı da ərə verə bildik. Onun haqda deyilənlərin yüzdə birini adi qızlardan biri üçün desəydilər nəinki o, bütün nəslinin qızları yüz illər boyu qız qarıyardı.
Rezüme kimi bir məşhur adamın, azərbaycanlı kişisinin arvadı haqqında danışdıqlarından yazmaq istəyirəm. Onu qınamaq, ya da nümunə göstərmək kimi yox, sadəcə müstəqil yaşamağa haqqı çatan fikir kimi: «Mən toya gedəndə arvadımdan ən qısa yubkasını geyməyi xahiş edirəm. Toy boyu mən ona yox, ona tamaşa eləyən kişilərə baxıram və ürəyimdə deyirəm ki, baxın, baxın, onsuz da bu qadın burdan çıxanda sizin yox, mənim yanımda olacaq».

Yuxariya doğru