Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

«Ürkək» şahzadələr ölkəsi

«Özünü arzularınla üzbəüz qalacaq dar qəfəsə soxma»
İlıq aprel günlərindən birində ingilis Keyt Middlton bir göz qırpımında Kembric hersoqinyasına çevrildi. Bu mərhələdən ölkənin kraliçəsi olmağa bir addım qalırdı. Toy mərasiminin bütün dünya üzrə efirdə izləmək imkanı milyonlarla adamı televozorlara pərçimlədi. Bu hadisə ərəb inqilablarını, yapon sunamisini və başqa sensasiyalı hadisələri kölgədə qoydu. Deyərsiz ki, iki nəfərin toyu bu qədər adamı niyə cəlb edə bildi? Anlamaq çətin deyil, tamaşaçıların əksəriyyəti qadınlar idi. Onlar illərin arzularının həyata keçməsini özündə olmasa da başqasının həyatında görmək istəyirdilər. Nağıllar da reallaşarmış!
Hər qadına bir şahzadə!!!
Sən demə zoluşkalar şahzadəyə dönərmiş. Düzdü Middlton Zoluşka kimi o qədər də sadəlöhv, bir o qədər də gözəl deyil. Amma taxt-tacın varisi ilə nikaha girməklə ağlasığmaz nemətlər qazanacaqdı. Bu cütlük evliliklərinə «bəli» deyən kimi milyonlarla qız ürəyi titrədi: «Mənim ondan nəyim əskikdi? Bəs mənim layiq olduğum şahzadə niyə gəlib çıxmaq bilmir?». Belə bir statistika da var ki, son illər müxtəlif qadın kursları, treninq və seminarlar artmaqdadır. «İçindəki şahzadəni oyat», ya da «Xoşbəxtlik üçün doğulmusan» şüarları altında keçən məşğələlər minlərlə potensial şahzadələri və eləcə də iddialı qadınlar ordusunu yaradır. Bu kursların təşkilatçıları heç ağlına gətirmək istəmir ki, küçələr, meydanlar «şahzadə»lərin əlindən keçilməz cəngəlliyə dönüb. Onların əksəriyyəti əmindir ki, bir neçə, özü də çox sadə priyomları öyrənməklə xoşbəxtliyinə çatacaq. Sonra şahzadələrin sevimli nəqliyyat vasitəsi olan ağ atın yəhərinə sıçrayıb tullanmaqdan başqa nə iş qalır ki?
Mən buna layiqəmmi?
Reklamlar da rahatlıq vermir: «Axı sən buna layiqsən!». Bu fikrin cavabında hansısa lap ürkək qız «Doğrudanmı?» soruşar? Əslində bu, özünə dəyər verməmək, özündə kifayət qədər əmin olmamaq, neqativ düşüncə tərzi kimi əbədi qız problemlərindən daha dərindir. Həddən artıq şişirdilmiş özündən razılıq hissi əsil xoşbəxtlik üçün böyük əngəl ola bilər. Çünki iddialı qızlar qədərində şahzadə oğlanlar yoxdu. Onlar metrolarda, təhsil ocaqlarında dolaşmır. Şahzadələri bahalı maşınlarda axtaranlar bir gün ayılıb görür ki, ayağı çoooox sürüşgən yoldadır. Keçmişdə bu hissə ambisiya deyərdilər və sözün bir qədər neqativ çaları vardı. İndi ambisiyalı olmaq düzgün sayılır. Ona görə də ambisiyaların həqiqətlə, real həyatla qarşılaşdıqda nə günə qaldığı barədə düzünməyin əsil zamanıdır.
Həqiqəti görmək, özünə və ətrafına həqiqi dəyər vermək qabliyyətini inkişaf etdirən kurslar açsan onu kandarından içəri keçən 1-2 adam da çətin tapılar. Çünki əksəriyyəti şahzadə xanım obrazının özündən ləzzət alır. Bu hissi uşağını ərköyün böyüdən analardan tutmuş həyatına müsbət emosiyaları zorla soxan psixoloqlara qədər hamı inkişaf etdirir. Sağlam düşüncə tərzi isə durmadan qulağımıza pıçıldayır: Qadın (hətta kişi) xoşbəxtliyi ambisiyaları səpələməklə deyil, özündə sadə, hələ min illər əvvəl babalarımızın sınaqdann keçirib qiymət verdiyi insani keyfiyyətlərin tərbiyəsindən asılıdır. Təvazokarlıq, sadəlik, insanpərvərlik, ədalət hissi, həqiqətə can atmaq və s. Zoluşka nağılına bir daha diqqətlə baxsaq görərik ki, o, hikkəli, ambisiyalı deyil, əksinə, sadə və yaxınlarına görə özünü qurban verməyi bacaranlardan idi. Şahzadəni əldə etməkçün heç bir üsllara əl atmamışdı, onun ağlını başından çıxara biləcək heç nə etməmişdi. İndiki xanımlar Zoluşki kimi olmaq, arzuya çatmaq üçün özlərini onun eybəcər bacıları kimi aparırlar.
İstək qığılcımı şikarı hürküdər
Xoşbəxtlik lotoreya deyil ki, onu udasan. Həyatın boyu qazandığın müsbət cəhətlərini istəsən bütün dünyaya, istəməsən yalnız bir, seçdiyin adama göstərirsən. Onda ən yaxşı keyfiyyətlərin dəyərini verən mütləq tapılır. Braziliya seriallarındakı kimi kişi ovuna çıxmış qadın həyatı boyu layiqli bir insana rast gəlincə hər yerdə tələ qurmasıyla şahlıq quşunu hürküdə də bilər. Qızın gözlərində parıldayan istək qığılcımı ən sadəlöhv «şikar»ı da hürküdər. Xoşbəxtlik ovuna çıxmazlar. Onu dibçək çiçəyi kimi içində yetişdirirsən. Onda bəlkə bir gün ağ atlı oğlan rəqiblərinin quraşdırdığı bütün tələləri keçib yanına gəldi.
Xoşbəxtlik uydurulası duyğu deyil, onu qazanırlar. Bu mövzuda yaxşı bir lətifə də var: Deyirlər ki, Ancilina Coli və Bred Pit dünyanın ən bədbəxt adamıdır. Çünki yataqda uydurmağa adamları yoxdur. Bütün dünyanın kişiləri Ancelinanı, qadınları Bred Piti təsəvvür edərkən bu mənada onların həyatında boşluqdur.
Daş cəngəlliyin öz qanunları var!
Onsuz da kişilər nə bizim ambisiyalarımızla, nə də uğurlarımızla maraqlanır, bu faktdır. Bəlkə də əksinə, evdə əsayişi qorumaq xətrinə ağıllı qadın üstünlüyünü bilərəkdən gizləməli, aşağılamalı olur. Kişiyə maşını yaxşı sürməyin barədə danışsan o, əsəbləşib maşını əlindən ala bilər. Çünki özünü tərifləməyinlə onun ərazisinə girmiş olursan. Bəli, bu haqsızlıqdır, amma reallıq belədir. Kişilərə güclü olmaq şansı vermək lazımdı. Yalnız onda kişilər həqiqətən güclü və özündə əmin olurlar. Güclü tərəflərini onun gözünə soxmasan da əvvəl-axır bunu görəcək. Amma baş rolları ifa edənlərə nağıl qəhrəmanları kimi falş yaraşmaz. Bir də ki, yanındakı şəhzadə, ya dilənçi olmasından asılı olmayaraq xoşbəxt olmağı öyrənmək lazımdı. Xoşbəxtlik yanında olan , ya da olmayan kişi ilə ölçülmür.
Mənim də yanımdakı şahzadə deyil. Onun xırda, ya böyük uğurlarını heç vaxt Ginnes kitabına salmayıblar. Nə olsun?! Vətən qarşısında əldə etdiyim uğurlarım onun nəyinə lazımdı ki? Vacibi odur ki, yanındakı mənəm… Ümidləri daşa çırpılıb qırılan onlarla qadın tanıyıram ki, xoşbəxt olmağa bəlkə də hamıdan çox şansı vardı. Nə qədər ki, insanın kəsici dişləri var o, onsuz da ovçu olaraq qalır. Biz daş cəngəllikdə yaşayır, uğur ovlayır və qazanan kimi öz mağaramıza çəkilirik. Şəxsi həyatda qazanılar uğurları kimsəylə bölüşə bilmərik.
Qurbanı həmişə qadın verir
Oliqarxlar, şahzadələr və cəmiyyətin başqa almazlarını, qaymaqlarını axtarmaq marafonu günümüzdə çox aktual məsələdir. Qəzetlər, televizia verilişləri boş siçan təbiətli qadınların həsəd aparacaq adaxlılar tapması barədə əhvalatlarla doludur. Jurnallar kişiləri tora salmağın gündə yüz yolunu uydurur. Belə məqalə yazanlar bəlkə də özləri heç inanmır ki, məqalənin hər punktuna riayət edən adamlar var.
Matriarxat sözü indi kişilərin ən sevmədiyi sözə çevrilib. Onlar bu sözlə birgə at çapan, oxla əla davranan, kişilərlə kefi istəyəndə görüşən amazonkaları xatırlayırlar. Amma bu azadlığına görə amazonkalar bir döşünü qurban verərdi. Hələ körpə ikən qızların bir döşünü sıxıb bağlayardılar ki, böyüyüb ox atmağa mane olmasın. Yəni ki, qadın üçün azadlıq mütləq qurbanla bağlıdır. Müasir zamanda xoşbəxtliyini karyerasına qurban verənlər də var.
***
İnsan beynində eşələnməyi sevən ekspertlər deyir ki, layiq olmadığın xoşbəxtlik olmur, qazanmadığın uğursuzluqlar da. Gözünü ingilis şahzadəsindən çəkə bilməyənlərə isə deyirlər ki, padşahın oğlunu deyil, öz padşahını gözlə. Bu ki, realdır! Yalnız belə adamın yanında şahzadəyə çevriləcəksən.

Yuxariya doğru