Mən: Necə oldu
ki, bu sənəti seçdiniz?
O: Bu sualı axırda verməlisən.
M.: Əhali arasında qadın alverçiləri haqda çox mənfi
imic yaranıb.
O: (qımışır) Neynəmişik ki? Camaata çörək veririk də.
Bilirsiniz, onsuz da neftdən xalqa bir şey çatası döyül.
İstədik həmvətənlərimizin fərdi resurslarından istifadə
edib onların əlini çörəyə çatdıraq.
M.: Suallara çox lakonik cavab verirsiniz.
O: (dodağına təbəssüm qonur, tez də uçur)
Az danış, desinlər sözündə güc var,
Çox sözü dinləyən çox nöqsan tutar.
M.: Nizamidən sitat gətirirsiniz, yeri gəlmişkən, deyirlər,
dəstənizə qadınları cəlb edəndə dahi şairmizin «Xəmsə»sindən
faydalanırsınız.
O: (qaşını oynadır) Hardan bildin?
M.: O gün jurnalist arkadaşlardan biri yazmışdı qadınlarımızın
Dubaya üz tutmasının əsas baiskarı Nizamidir. Sözbəsöz
deyə bilərəm: «İndi təsəvvür edin ki, qadın işsiz qalır
və ağlına gəlir ki, bəlkə, elə bədənini satıb çörək
pulu qazansın? Bilirsiz, niyə belə düşünür? Deməli,
Şərqin ən böyük şairlərindən biri Nizamidir. Ona Şeyx
Nizami deyirlər. Şeyx Nizaminin 5 poemasını oxumuşam.
Bu əsərlərdə o, qadınları elə bir erotik dillə təsvir
edir ki…»
O: (gözündən gülür) Tamamilə doğrudur.
M.: Mənimsəmə necədir?
O: Hər bir psixotipin bu və ya digər təzahürə öz spesifik
reaksiyası var. Elələri var ki, «İqbalnamə»nin son vərəqini
qatlamamış yola düzəlmir. Eləsi də var, arifdi, «Sirlər
xəzinəsi»ndən bir az oxudumu, hər şeyi başa düşür. Biri
vardı, təzə oxumağa başlayıbmış, «Kərpickəsən kişinin
dastanı»na çatan kimi kitabı qatlayıb qoyub bir yana.
Zəng eləyib Dubaya ilk reysin vaxtını soruşdu.
M.: Anlamadım, «Kərpickəsən kişinin dastanı» hara, erotika
hara?
O: (yanağına xəfif bir qızartı çökür) Bunu siz bilməzsiz.
Orda bir beyt var:
Onunçün öyrətdim ki, əlimi bu sənətə,
Bir gün sənə əl açıb düşməim xəcalətə…
Bax, əsas məsələ buradadı. Leonardo da Vinçinin uşaq
vaxtı gördüyü yuxu var: naməlum bir quş quyruğunu onun
yanağına sürtürmüş. Bilirsən, Freyd bu yuxunu necə yozub?
Nə isə. Yəni burda neyrolinqvistik faktor var. «Əlimi
bu sənətə» sözləri özəl anlam daşıyır və potensial hedonistin
təhtəlşüurunda lazımi nöqtələrin oyanması üçün bəs edir.
Bilirsiniz, burada spesifik peşə terminologiyası məsələsi
də var: «əl işi»nə ingilislər «həndcob» deyirlər. Nə
isə.
M.: Orda işinizi necə qurmusunuz? Nisyə var?
O: Seneka «Lusilliyə tərbiyəvi məktublar»ında yazır
ki, hər kəsə inanmaq və heç kəsə inanmamaq: hər ikisi
nöqsandır. Birincisi nəcib nöqsan, ikincisi isə zərərsiz
nöqsan. Mən zərərsiz nöqsanı tərcih edirəm.
M.: Üzünüzü Şərqə tutmusunuz..
O: Təbii, burda bir sıra elmi, əxlaqi, mənəvi, sivilizasyon
və kulturoloji və etnokonfessional amillərin rolu var.
M.: Deyilənə görə, hicab bağlamaq istəyirsiniz.
O: Hələ tezdi. Hər şeyin öz vaxtı var.
M.: Bağışlayın, özümü saxlaya bilmirəm, Sizin çox gur
və cazibəli saçlarınız, Şərqli qadınlara məxsus qara,
dərin atəşli gözləriniz var..
O: (nazlanır) Deyəsən, Siz də «Xəmsə» oxuyursunuz…
M.: Xalqa adət, bizə bidətdi? Az-maz oxumuşam.
O: Hələ oxuma. «Xəmsə» oxuyan cavan kişilər üzünü Rusiyətə
tutur. Hımmm. İndi qışdı.. (mənalı şəkildə gülümsəyir)
Soyuğa verərsən.