İnsanlar
arasında zahirən gözəl olanların guya mahiyyətcə də gözəl
olması haqda yanlış bir düşüncə var. Buna sosial psixologiyada
«Gözəl olan yaxşıdır» stereotipi» deyilir. Mən belə boş
sözlərə heç metro cetonu da vermərəm. Çünki gözəllik sərrafı
olan şairlərimizin yazılarını sərf-nəzər edəndə görürük
ki, harada gözəl var, orada qətl var, köləlik var, qan-qada
var, avtoritarizm var, sui-qəsd var…
FƏRDİ
VƏ İCTİMAİ TƏHLÜKƏSİZLİK
Şairlərimizin şer dəryasına baş vuranda gözəlliyin və
gözəllərin çox real təhlükə mənbəyi olduğu barədə yetərincə
əşyayi-dəlillər aşkarlamaq olar. Fitnəkar qaşlar, qana
susamış kirpiklər, təcavüzkar gözlər, sitəmkar xallar…
Onlar gah insanların qətlinə fərman verir, gah da özləri
birbaşa qətlin icraçısı olur:
Yenə qılıncını çəkdi üstümə,
Qurbanı olduğum o ala gözlər,
Yenə cəllad olub durub qəsdimə,
Qələm qaş alıtndan piyalə gözlər.
(Səməd Vurğun)
Gözlər qətl sahəsində lap ustadırlar, çünki onların Qabil
ənənəsi (Adəmin oğlu, ilk qatil, öz qardaşını öldürüb)
və qəmzə kimi ustadları var:
Nola qan tökməkdə mahir olsa çeşmin mərdümü,
Nütfeyi-Qabildürür, qəmzən kimi ustadı var. (Füzuli)
Həri. Gözəllər çox evlər yıxıblar, çox ocaqlar söndürüblər.
Amma məsuliyyətə cəlb olunmayıblar, çünki bu qətllər qarşı
tərəfin, AzTV-nin təbiri ilə desək, çoxsaylı minnət və
xahişi ilə olub. Bu, könüllü və heyrətamiz bir seçimdir.
Mövlana yazırdı ki, qoyunun qurddan qorxmasına şaşılmaz,
şaşılacaq şey qoyunun qurda könül verməsidir. Adam birini
öldürəndə bu ağır cinayət sayılır, həm də böyük günah,
amma gözəl öldürəndə bu əməl savab sayılı – elə qətlə
yetirilənin özü tərəfindən:
Aşiqəm, yar məni öldürsə, səvab etmədədir.
(Nizami)
Həri, aşiqlər gözəllər tərəfindən qətlə yetirilməkdən
nəinki qorxmur, əksinə, «Birdən bu insident baş tutmaz»
deyibən təşvişə varırlar:
Derlər aşiqküş nigarım qətlimə amadədir,
Allah, Allah, bir səbəb qıl ki, peşiman olmasın!
Yəni deyirlər aşiqöldürən nigarım (ənənəvi nigar tipidir)
məni öldürməyə hazırlaşır, Allah, elə et ki, peşman olmasın!
(Sabir)
Oxlama aksiyası təxirə düşəndə aşiqlər, adətən, inciyir,
küsür, səbəbini arayırlar:
Tiri-qəmzən mərhəmin dün vədə etmişdin, vəli,
Vədə keçdi, bilmədim bir vəchi-təxirin sənin.
(Qəmi)
GÖZƏLLİK
VƏ İMAN
Gözəllərin antihumanist işlərindən biri də insanların
imanını əlindən almalarıdır. Gözələ aşiq olan kəs gözəlliyin
onu küfr vadisinə tolazlayacağını gözardı etməməlidir.
Bu proses necə gerçəkləşir? Şairlərə görə, hər şey yavaş-yavaş
olur. Əvvəlcə adamın imanına rəxnə düşür. Yəni ürəkdə
bəlli bir sektor yırtılır, ona virus düşür (iraq olsun!):
Küfri-zülfün salalı rəxnələr imanimizə,
Kafər ağlar bizim əhvali-pərişanimizə.
(Füzuli)
Nəhayət, bir gün görürsən ki… İman harada olur? Ürəkdəmi?
Həri, bir gün baxırsan ki, ürək tatar talamışa dönüb,
kasıbın cibi kimi bomboşdu:
Sərrafam, gövhəri, kanı itirdim,
Hesabı, dəftəri, sanı itirdim,
Üzün gördüm, din-imanı itirdim…
(Aşıq Ələsgər)
Qaydadır, müsəlman olan qurban bayramında qoyun, inək,
dəvə kəsir. Amma bir sıra batil dinlərdə və kitab əhlində
tarixən insanın qurban verilməsi praktikası olub. Gözəllərin
aşiqi küfrə sürükləməsi örnəklərindən biri də aşiqlərin
ağlını alıb onları özünü qurban verməyə təhrik etmələridir:
Eydi-əzhada qoyun kəsmə, boyun qurbanı,
Aşiqi-zar kimi kəsməyə qurbanın var.
(Yəni qurban bayramında xərc çəkib qurbanlıq qoyun alma,
mən qurban olmağa hazıram, apar kəsdir. (Sabir).
Maraqlıdır ki, bəzi müəlliflər «dindən çıxmağın» hər şərdə
bir xeyir var məntiqi ilə pozitiv sonuclarına diqqət çəkməyə
çalışır. Məsələn, Füzuliyə görə, fayda budu ki, başqaları
eşq mülkünün KAFİRİSTAN olduğunu öyrənir:
Mən əgər aşiq olub, din verməsəydim qarətə,
Kim bilirdi eşq mülkün kafiristan olduğun?
Maraqlıdır ki, gözəllik müsəlmandan dini-imanı alırsa,
kafəri, əksinə, dinə gətirir:
Ələcgər qurbandı, ay boyu minə,
İncidən-mərcandan düzüb köksünə.
Tərsa üzün görsə, tez gələr dinə,
Alim görsə, gedər saz alı, Güllü!
(Aşıq Ələsgər)
GÖZƏLLƏR
VƏ DÖVLƏTÇİLİK PROBLEMLƏRİ
Maraqlı məqamlardan biri odur ki, gözəllər təkcə ayrı-ayrı
individlər üçün yox, cəmiyyət və ölkələr üçün də təhlükə
mənbəyi imiş. On üçüncü əsr Azərbaycan şairi İzzəddin
Həsənoğlu gözəlin şirin sözünün biznes strukturlarının
normal fəaliyyəti üçün yaratdığı problemlərə aydınlıq
gətirib:
Şəha, şirin sözün qılır Misirdə bir zaman kasid,
Nə kasid? Kasidi-qiymət. Nə qiymət? Qiyməti-şəkkər.
Yəni ey gözəl, sənin sözlərin o qədər şirindir ki, Misir
bazarında qənd gözdən düşüb və qiyməti ucuzlaşıb.
Tam təsdiq olunmamış məlumatlara görə, Osmanlı imperiyasının
süqutunun mayeyi-fəsadı da gözəllər olub:
O cəllad qaşların qəhri-qəzəbi,
Qəsd elər, cismimdən canı dağıtsın,
Gözün talan salıb Azərbaycana,
Dilin istər Alosmanı dağıtsın.
(Aşıq Ələsgər)
GÖZƏLLİK
VƏ XAL
Gözəllikdə xalın xüsusİ yeri var. O da göz kimi fitnəkardır.
Tələyə qoyulmuş dən kimidir. Yasaq olunmuş meyvə Adəm
babaya gəl-gəl dediyi kimi, o da aşiqləri təşfiq edir:
Sabir o cənnətrüxün gəndüm xalın görüb,
Az qalıb Adəm kimi aldana bir danəyə.
Daha sonra yazılan bir qəzəldə aşiqin danəyə aldandığını
görürük:
Aldatdı könül mürğünü ol daneyi-xalın,
Dami-rəhi-əql oldu o pürsilsilə zülfün.
(yəni sənin o xalının dənəsi (arpa, buğda) könül quşunu
aldatdı, o silsilə zülfün təhriki ilə könül quşu öz ayağı
ilə gedib tələyə düşdü)
Hətta xallar məcbur edir ki, aşiqlər Həcc ibadətinin ünvanını
dəyişsin – gözəlin üzü Kəbəni əvəz edir (Qafqaz Müsəlmanları
İdarəsi hara baxır?):
Tökülüb zülfi-siyəh arizi-alın üzrə,
Kəbəyə çöl ərəbi mane olur hüccaci.
Yəni qara zülfün al üzünün önünü kəsib, sanki Kəbə yolunu
qara çöl ərəbləri kəsib, camaatı Məkkəyə getməyə qoymur.
Həmin fitnəkar xal bəzən həcərül-əsvədlə (“asılmış daş”
- Kəbədəki qara daş) müqayisə olunur:
Zairi-kuyinəm, ey məh, qoy öpüm xalindən,
Həcəri öpməyənə xəlq deməzlər haci. (Sabir).
Yəni mən səni ziyarətə gəlmişəm, ey gül, qoy xalından
öpüm, çünki Kəbədəki qara daşı öpməyənə hacı demirlər…
(tutarlı bəhanədir!)
Xalın katalizatorluqlarından biri də gözəlləri qətlə təhrik
etmələridir. Bu məsələdə qara xallar daha fəaldır. Molla
Əli Məlikli Şirvani adlı şairimiz belə düşünüb:
Ol mahruyə xali-siyəh ögrədir sitəm…
(O ay üzlünun qara xalı ona sitəm etmək yolunu öyrədir)
Qədimdə xalların matah vaxtları olub. Söhbət orta statistik
xaldan yox, etalon – hindu, həbəşi xaldan gedir. Rəvayətə
görə, şair Hafiz Şirazi bir gözəlin xalına «solidnı» qiymət
qoyubmuş və bu, onu dar ağacına çəkirmiş. Nə yaxşı ki,
şah türk oğlu türk imiş. Vaqeə belə olub. Teymur İrana
gedəndə paxıl şairlər Hafizi gözdən salmaq onu üçün çuğullayırlır.
Hafizin bir beyti var:
«Əgər an türki-Şirazi be dəst avərd dele-mara,
Be xali-hinduyəş bəxşəm Səmərqəndo Buxara ra».
Yəni bizim dilimizə çevirsək, «O Şiraz gözəli mənə könül
versə, Səmərqənd və Buxaranı onun bir cüt xalına peşkəş
verərəm». Saray şairləri Teymura deyirlər, görürsünüz,
Hafiz sizin iki qocaman şəhərlə dədə malı kimi davranır,
onları bir gözəlin bir cüt xalına peşkəş vermək qəsdindədir.
Fateh Hafizi çağırtdırıb deyir: «Şair, mən Səmərqənd və
Buxaranı abadlaşdırmaq üçün neçə ölkələr fəth etmişəm,
on minlərlə əsgərim canından keçib. Sən kimsən ki, onları
sağa-sola paylayırsan, qaqa?» Hafiz vəziyyətdən çıxıb
deyir: «Şah sağ olsun, mən «Səmərqəndo Buxarara» yox,
«Se mən qəndo do xurma ra» (üç kəllə qənd və iki xurmaya)
demişəm». Teymur bu hazırcavablıqdan xoşlanır və ona xələt
verdirir.
Həri. İki xala iki o vaxtın ən abad şəhərini vəd edirdi
Hafiz. Təbii, o vaxtdan bəri qiymətlər dəyişib. İndi yəqin
ki, başqa qiymət olar. Məndən olsa, ANS «İqtisadiyyat»
xəbərlərində onun da qiymətini deyərdi. Məsələn, belə:
«Bir cüt hindu xalın qiyməti: «Bakı Soveti» metrostansiyasının
yanı və Teleteatr - 10 sot torpaq, Sulutəpə - 100 sot.
Türkanda 1 hektar…
İRƏVANDA
XAN QALMADI…
Xalın
azı-çoxu olmaz. Bəzi şairlərdə fikir var ki, əgər gözəlin
cəmi bircə xalı varsa, bunun heç də eybi yoxdu. İki xal
çox deyil, bir xal az deyil. Türk şairi Əbdürrəhim Qaraqoç
yazır:
Sinəsinin ortasında bir xal var,
Azmı ki?!
Təbii, bütün şairlər xalpərəst olmayıb. Bəziləri əsl gözəllərin
xala ümumiyyətlə ehtiyacı olmadığını düşünüb:
Kəhər at nalı neylər,
Ağ buxaq xalı neylər,
Yarı gözəl olanlar
Dünyada malı neylər?
Həri. Xalı olmayanlar da kürəyini yerə vurmur. Laədri
(ərəbcə «bilmirəm» deməkdi, klassik məcmuələrdə müəllifi
məlum olmayan şer parçalarını bu adla verirlər) yazır
ki, bir bixal gözəldən niyə belə olduğunu soruşdum, o,
belə cavab verdi:
Dedi: «Gülzari-cənnətdə həbəşdən bağban olmaz»
Nə deyim, bəlkə, bu, təskinlik üçün deyilən sözdü?
Məxləs, bu gözəllərin və xalın söhbəti çox füzundu, davamını
hələlik dəmə qoyaq, qalsın sonraya…