Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar

Salam olsun

Açılan sabahlara salam olsun. Buludların arxasından nazlı-nazlı gülümsəyən Günəşə salam olsun. Sökülən dan yerinə salamlar olsun. Arı təbəssümlü çöhrələrə salamlar olsun. Göz yaşı kimi dumduru bulaqlara salam olsun. Doğru yolda axıdılan alın tərinə salam olsun. Boynu bükük bənövşələrə salam olsun. Aydın şəfəqli üfüqlərə salamlar olsun. Məcnun söyüdlərə salamlar olsun. «Haqq» deyib döyünən ürəklərə salamlar olsun. Doğrunu yazan qələmlərə salamlar olsun. Yalanı deyə bilməyən dodaqlara salamlar olsun. Səmanın ənginliklərində milyon illərlə süzən ulduzlara salam olsun. Ətirli güllərə salam olsun. Aydın səmaya salam olsun. Göylərdə süzdükcə süzən durnaların sürbəsinə salam olsun. Anaların verdiyi halal südə salam olsun. Ataların alın təri ilə qazandığı halal çörəyə salam olsun. Nurlu Aya salamlar olsun... Ay demişkən, adamın dili gəlmir deməyə, Ayın da zayı çıxıb. Qeybət kimi çıxmasın, son vaxtlar özünü bir az şübhəli aparır. Həri… O gün baxıram yanaqları qızarıb. Nədən? Bu yerdə uşaq vaxtı yazdığım bir şeir yadıma düşdü:

Ay niyə qızarıb bu axşam görən?
Bəlkə, yanağında xaldan utanır?
İlk görüşmü onu duyğulandıran?
Məhəbbət ətirli güldən utanır?
Ay niyə qızarıb? Mey ilə dolu,
Qədəhmi toxunub dodaqlarına?
Lalərəng şərabın, gülgun şərabın,
Nəşəsimi çıxıb yanaqlarına?
Qalanı yadımdan çıxıb. Bir mərhum şair isə belə yazmışdı:
Ay niyə qızarıb bu axşamçağı?
Cinayət üstəmi tapıblar onu?
Ay niyə qızarıb, niyə, görəsən?
Bəlkə də xəlvətdə… öpüblər onu?
Həri… Amma nəyimizə lazımdı. Bir də ki, təkcə Ay olsaydı, nə qəm! Son vaxtlar qulağımız əcaib-qəraib şeylər eşidir. O gün eşidirəm, qəzetlərin birinin redaktorumu, müavinimi - bilmirəm, işə gələndə xəbər tutub ki, həmən şənbə günü qəzet çıxmayacaq. Və başlayıb burnundan qan fışqırmağa. Fışqırıb, fışqırıb, fikir verməyib. Aradan bir həftə keçib, yenə şənbə günü, yenə qəzet çıxası olmayıb, yenə başlayıb burnundan qan fışqırmağa. Fışqırıb, fışqırıb, fikir verməyib. Axırda vaqeəni danışıb köşə yazarına. Köşə yazarının da burnundan qan fışqırmağa başlayıb. O da danışıb dizaynerə. Onun da burnundan qan fışqırmağa başlayıb. Dizayner də danışıb «xozyayka»sına. Onun da burnundan başlayıb qan fışqırmağa. Sonra yenə şənbə günü, yenə qan... Axırda qəribə də olsa, gediblər doxdura. Doxdur da baxıb, deyib ki, əgər gələn şənbə də qəzetiniz çıxmasa, ondan sonra istəyirsiniz lap «Nyu York Tayms» kimi gündə üç nömrə çıxarın, xeyri yoxdu, hər şənbə burnunuzdan qan fışqıracaq («xozyayka» da daxil)… Bunun müalicəsi yoxdu. Allah-Allah! Bu da təzə fasondu. Çıxmır, heç çıxan günü olmasın. Özünü niyə həlak edirsən, əxəvizadə? Xətai demiş:
Gövhərin keçməyən yerdə,
Satma, qardaş, kərəm eylə,
Ləl daşını çay daşına,
Qatma, qardaş, kərəm eylə…
Əlqərəz, deyəsən, çox qəmişliyə getdik... Qapımın ağzında yatan pişiyə salam olsun. Açılan qapıya salam olsun. Yanan işığa salam olsun (müəllif əleyk almamış işıq sönür və futbol bitəndən düz iki saat sonra yanır). Bir ay on gündü, mühərriki işləməyən soyuducuya salam olsun.
Bundan sonrasını Yunus Əmrə davam etdirəcək:
Biz bu yerdən gedər olduq,
Qalanlara salam olsun!
Bizim üçün xeyir-dua
Qılanlara salam olsun!
Aşiq Yunus söylər sözün,
Yaş tutubdu iki gözün,
Bilməzlər nə bilsin bizi?
Bilənlərə salam olsun!