Dünən
qəzetlərdə oxuduq ki, Danimarkada naməlum şəxslər su pərisi
heykəlinə çadra geyindiriblər. İkinci bir ayıb da o olub
ki, sonra su pərisini soyundurublar. Üçüncü ayıbsa o olub
ki, su pərisini polislər soyundurublar.
Onu da oxuduq ki, bu, su pərisinin imic dəyişmələrindən
ilki deyil. 2004-cü ildə də analoji hadisə baş veribmiş.
Heykəlin yanına «Türkiyə Avropa Birliynə girə bilərmi?»
yazılmış lövhə də vurublar.
Çox maraqlıdır. Görəsən, nədən Danimarkanın cığal təfəkküründə
Qərb soyunmuş su pərisi, Şərq isə çadralı su pərisi kimi
inikas olunur? Eyni su pərisi – eyni mahiyyət bədən gözəlliyini
ictimai mülkiyyətə çevirəndə olur Qərb, əğyardan gizləyəndə
Şərq? Bu, sivilizasiyalararası fərqə 19-cu əsrdə müsyö
Jordana ev yiyəliyi eləmiş Hatəmxan ağa yanaşmasıdır:
«Biz başımızı qırxdırır, saqqal saxlayırıq, onlar, əksinə,
saqqallarını qırxdırıb saç saxlayırlar. Biz hər şeyə inanırıq,
onlar isə heç nəyə inanmırlar. Bizdə çoxarvadlılıq dəbdədir,
onlarda çoxərlilik…»
Qərbdə
oturan obıvatel də quru kilkə ilə pivə gillədə-gillədə
Şərqin portret cizgilərinə yeri ştrixlər əlavə edə bilər:
Çadra altında «şəhid kəməri», əmmamə altında narkotik
bükümü, padşahların böyründə mövqe seçib, korrupsiyaçı
vücudları Allahın kölgəsi elan edən mürtədlər…
Bir
hind qızı tanışım vardı. Onun xətrinə bir milyard yüz
milyonluq hind xalqını sevmək olardı. Amma dini inanc
baxımından mənimlə onun arasında okean vardı. Halbuki
xristianlarla bizim aramızda Dardanel boğazı var. Amma
su pəisinə çadra geydirənlər üçün o hind qızı ilə mən
bir bezin qırağı – şərqliyik…
Bir
də ki, su pərisinin çadralı olmasında nə qəbahət var?
Şərq sirri - əsrarəngizliyi sevir. Nağıllarımızda çox
qəribə bir şey diqqətimi cəlb edib. Fikir verin, nağıl
qəhrəmanı qırx otaqlı bir evə girir. O otaqların otuz
doqquzunda yaşamaq üçün hər şey var. Gözəl qızdan tutmuş,
ləl-cəvahirat, qızıl-gümüş, xalı-xalçaya qədər. Amma şərqli
qəhrəman qırxıncı otağa meyl edir… RASİONAL QƏRBLİ ONLARI
GÖTÜRÜB APARAR VƏ BANKA QOYUB FAİZİ İLƏ ÖZÜ DƏ, YEDDİ
ARXADAN DOLANANI DA YEYİB-İÇİB KEF ELƏYƏRDİ. AMMA ŞƏRQLİ
YOX. O, QIRXINCI OTAĞA GİRMƏLİDİR. ŞƏRQİN DÜNYASI YEYİMLİ-İÇİMLİ
OTUZ DOQQUZ OTAQLA QAPANMIR. O, QIRXINCI OTAQDA ÖLÜM BELƏ
OLSA, ONA CAN ATIR. VƏ BAXIN, HEÇ BİR ŞƏRQ NAĞILINDA QIRXINCI
OTAĞI AÇAN MƏNFİ TİPAJ DEYİL.
Çadralı su pərisinin gözəlliyini dərk etməyə şairanə təfəkkür
lazımdır. Bir var lüt-madərzad, hamının baxdığı su pərisi,
bir də var, çadralı. Əvvəl yaxınlaşırsan, sağ əlinlə yapışırsan
su pərisinin sol əlindən. Sonra baxışlarını qaldırıb yavaş-yavaş
gətirirsən Ay üzün həndəvərinə və ilk sualı verirsən:
«Bu qələm qaşlar kimindir?» Təbii ki, su pərisinin yarımkonfidensial
ağzından bir söz çıxıb barokko, qotika, nyu renessans
üslublu evlərin daş divarlarına dəyib yeddi dəfə əks-səda
verərək Kopenhagenin əngin səmasına yayılır: «Mənim, mənim,
mənim…»
Ardınca
suallar yağış kimi yağır: «Bu ox kipriklər kimindir? Bu
qar üstünə qan dammış kimi al yanaq kimindir? Bu yaqut
dodaqlar kimindir? Bu inci dişlər kimindir?» Sonra Soltan
bəy kimi: «Lütfən, çadranı bir az aralasana… Bir az da…
Bir az da…» Sonra görürsən, fitnəkar xal gündəmə çıxır.
Burda necə deməyəsən:
Zairi-kuyinəm,
ey məh, qoy öpüm xalindən,
Həcəri öpməyənə xəlq deməzlər haci (Sabir).
Yəni
mən səni ziyarətə gəlmişəm, ey gül, qoy xalından öpüm,
çünki Kəbədəki qara daşı öpməyənə hacı demirlər… (tutarlı
bəhanədir!)
Hələ qırxıncı
otağa nə qədər var… Doğrudan da, yalnız Şərq təfəkkürü
çadranı, Freyd demiş, zəruri təəşşüqün predmetinə çevirə
bilər. Məsələnin şairanəlik hissəsinə bir az deyindik,
indi gələk fəlsəfə hissəsinə. Bizdə bir «Rahət əziyyətdədir»
fəlsəfəsi var. Çörəyimiz də daşdan çıxır, könül işi
üçün də özümüzü oda-közə vururuq. Gözəllik də elə ondadır…
Qərbdə isə hamısı itinətök olduğu üçün dəyəri də yoxdu.
Doğrudan da, zövqlər barədə «spor» eləməzlər.