Ax,
keçən günlər! Ax, keçmiş zəmanə, ax ötən qərinələr, rüblər,
illər, aylar, həftələr, əlçatmaz, ünyetməz xoş saatlar,
dəqiqələr və təbii ki, saniyələr... Uzanardın sərin həyətdə,
damağında 35 qəpiklik «Stüardessa» siqareti, bir qəpiklik
kibrit də itin aşıqlısından, qənşərində pürrəngi çay,
növbənöv şirnilər, noğullar, mürəbbələr, şəkərburalar,
qurabiyələr... Bunlar azmış kimi üstəlik, şirindən şirin
xəyallar. Xəyalata cumar və Şillerin «Qaçaqlar»ındakı
Karl Moor sayağı öz-özünə deyərdin: «Siz mənə öz dəstəm
kimi bir dəstə verin, mən Azərbaycanı elə bir məmləkətə
çevirim ki, qədim Afina və Sparta onun yanında qadın monastırına
bənzəsin. Yaponiya və Amerika isə kişi monastırına...»
Sonra Təbrizli, Dərbəndli, Ərdəbilli, Həmədanlı, Kərküklü,
Mosullu Azərbaycanın küçələrində milli geyimli əsgərlər
addımlayar, başın üzərində üçrəngli bayraq, qəlblərdə
türkçülük, müsəlmançılıq. Bəşəriyyət də baxardı bu növrağa,
köksünü ötürərdi. Düşünərdik ki, təki bunlar ola, heç
nə istəmirik, rəhmətlik Xəyyam rübaidə dediyi kimi:
Bir
şüşə mey ola, bir divan ola,
Bir az çörək ola, xoş zaman ola,
Xərabəlik xoşdu mənə saraydan,
Yanımda sevgili bir canan ola.
Və bu xoş ovqatı tamamlamaq üçün o zamanlar mobil telefon
yox idi deyə badi-səbaya, yəni xəbərçi küləyə yalvarar,
Zakiranə təvəqqe edərdin:
Badi-səba, söylə mənim yarıma,
Gözəllər çıxıbdı seyrana, gəlsin,
Təğafül etməsin, işrət çağıdır,
Süzülür hər yerdə peymanə, gəlsin.
Barmağında
xatəm, belində kəmər,
Saçında güşvarə, düymə tamam zər,
Qərq olsun yaşıla, ala, sərasər,
Naz ilə sallana-sallana gəlsin.
Bir
qədər gözləyərdin, yar gəlməzdi və dübarə ona müraciət
edər və badi-səbanı sorğu-suala tutardın:
Badi-səba,
mənim dərdi-dilimi,
O güli-rənaya dedin, nə dedi?
Ürəyimdə olan arzularımı
O gözü şəhlaya dedin, nə dedi?
Badi-səba
bissimillah eləyib ağzını açmamış bir də görərdin yari-mehriban
budu gəldi, sallana-sallana... Yeriyəndə yerə naz eləyir,
güləndə gülü xəcil eləyir. Comolunqumanın zirvəsindəki
qar kimi ağ üzünə baxanda Ay, lalə kimi al yanağına baxanda
Şəkinin Qızıləhmədi alması, şəvə kimi qara saçlarına baxanda
kömür az qalır xəcalətindən yerə girə və bir də çıxmaya.
Və fikrin-xəyalın da onun gözəl əndamında, pənbə dodağında,
nə bilim, sürməli gözündə olardı. Heç əlində nar olub-olmadığının
fərqinə də varmazdın, çünki bolluq idi.
O zamandan
çox sular axıb. Müstəqil də olduq. Ölkə də qurduq. Amma.
Qanadı qırılmış məmləkət, ürəyi qırılmış, xəyalları
alt-üst edilmiş insanlar. Oturmuşuq. evdə. İş yox, güc
yox, mahnı oxumağa, şer deməyə ovqat da eləcə. Qənşərimizdə
isə Azərsui-birəhmü bamikrobü napakın ödəniş haqda qəbzləri,
üstəgəl Barmeki-binurü bivatü namüntəzəmin məbləği ödənilməmiş
pul bəratları və Azəriqazi-biqazü xətərnakın yenə qəbzləri
və xəbərdarlığı... Onlar məndən xəcil, mən onlardan
narazı. Onlar məhcub, mən əvəzlərini ödəyə bilməyəcəyimdən
məhzun... Barı, yari-mehriban gələydi, əlində də narı,
pis olmazdı... Amma indi badi-səba da adamı dinləmir.
Bir məşhur lətifə var. Bir bakılının öyrədilmiş bir
pişiyi varmış. Bir gün ona bir yumaq atıb deyir: «Get,
gətir dəə!». Pişik gedib gətirir. Sonra bir də atır:
«Get gətir dəə» pişik yenə gedib gətirir. Üçüncü dəfə
yenə atır: «Get gətir dəə». Pişik birdən qayıdır: «Ya
ustal eee. Get özün gətir dəəə». İndi desən ki, səba,
get filan sözü de, ay getdi ha! Qayıdacaq ki, telefonuva
kontur yüklə, çağır daa! Xəyalın da üzünə daş yamanıb.