Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar

Bir kərə küsən bulud….

Adamlar, görəsən, niyə kobud olur? Kobudluqdan o qədər zəhləm gedir, o qədər zəhləm gedir, o qədər zəhləm gedir… Özü də yadımdan çıxmışdı kobudluqdan zəhləmin getdiyi. Əslində kobudluqla zəhləm arasında olan münasibətimin hansı müstəvidə cərəyan elədiyi yadımda da deyildi. O gün avtobusda yadıma düşdü.
Həri. Minmişdim avtobusa, gedirdim. Daha doğrusu, avtobus gedirdi, mən dayanmışdım. Heç fikir vermirəm, bir də baxıram ki, «QAZel»in şoferi oturub. Başının üstündə də bir ceyran kimi qız. Qız da, demə, bunun nişanlısı imiş. Tanıyıram o şoferi, şalvarının balağını qat kəsib. Çünki yayda avtobusu idarə edəndə isti olmasın deyə şalvarı dizinə kimi çırmayır. Bir uşaq da tutur yayda müştəri çağırmaq üçün. Həmin uşaq hər dəfə dayanacaqda avtobusdan düşür, qışqırır, müştəri çağırır, sonra minir qışqırır. Yolboyu əlində bir çay dəsmalı, keçir arxaya, gədənin kürəyinin tərini silir.
Sonra uşaq düşür semiçka alıb gətirir. Şofer gədə də onu çırtlayır, çırtlayır, sonra əllərini çırpır, çıxarır siqaretini, pəncərəni endirir aşağı, başlayır püfləməyə. Qərəz, nişanlı qız durub başının üstə. Sürücünün oturduğu skamyanın böyründə bir dəmir var. Avtobusun döşəməsi ilə tavanını birləşdirir. Striptiz oynayan qızlar yapışdığı dəmirə oxşayır, qız ordan tutub… Ayaq üstə. Gədəsə oturub. Ətin tökülsün. O qızın ahı bütün «QAZel» şoferlərini tutacaq.
Həri. Deyir, Çingiz xan Şərqə yürüş eləyəndə başının üstü ilə bir bulud gəlirmiş. Aylarla Çingiz gəlir, bulud gəlir, Çingiz gəlir, bulud gəlir, Çingiz dayanır, bulud dayanır, Çingiz qayıdır, bulud qayıdır. Bulud Günün qabağını tuturmuş ki, Çingizi yandırmasın. Axırda Çingiz xan bir yaramazlıq edir. Səhər camaat baxır görür ki, bulud küsüb çıxıb gedib. Sonra hər dəfə bulud görəndə gözləyirmişlər ki, görək odumu, məlum olurmuş ki, yox, bu başqa buluddu. Qayıtmır o küsən bulud. Çünki bir kərə küsən bulud bir daha qayıtmaz. Çingiz yasanı pozan bir döyüşçü ilə bir qızı dara çəkdirmişdi. O qızın bətnindəki körpənin ahı tutdu Çingizi. Ona görə bulud onu bağışlaya bilmədi.
Həri. Ədəb yaxşı şeydi. Bunu hətta killerlər də bilir. Deyəsən, çox yanğılı oldu. Bir lətifə. Kupedə bir kişi və bir qadın gedir. İçəri əlində tapança iki maskalı killer daxil olur. Kişini öldürməlidirlər. Amma killer olsalar da, centlmendilər. Papaqlarını çıxarıb qadına müraciət edirlər:
-Madam, bir az tüstü olacaq, bizi bağışlayın!
Hər şeydə bir ədəb, nəzakət lazımdı. Ələxüsus aşiqlə məşuq arasında. Görün Abbas Tufarqanlı nə deyir:
Qədəm qoyub yar yanına gələndə
Elə gəl, elə get yol inciməsin,
Şəkər ləblərindən mənə busə ver,
Dodaq tərpənməsin, dil inciməsin.
Görürsüz? Şeir yox, prosedur qaydalarıdı. Nə vaxt, nə eləmək lazımdı ki, nə inciməsin - day bittə-bittə hamısını yazmıram. Yoxsa yar durub başının üstündə, bu da oturub arxası camaata.
Yakobinçilər diktaturası zamanı Fransada belə bir hadisə olub. Cəllad növbəti başı gilyotinlə kəsəndən sonra qaldırıb yuxarı və camaatın gözü qabağında kəlləyə bir şillə vurub. Yakobinçilər onu cəzalandırıblar. Kişinin qonorarından nə qədərsə kəsiblər. O vaxt manşetlik başın kəsilməsinə on manat, orta statistik başa 5 manat qonorar verirmişlər. Nə qədər ziyana düşüb cəllad. Məcbur olub işdən sonra qalıb səhərəcən işləyib ki, evdə arvad dırnağına-dırnağına xətkeşlə döyməsin. Amma nə fayda? Yakobinçiləri o kəllənin ahı tutdu. Royalistlər nəsə eləyəndə də Napoleon billə-bilə yakobinçiləri cəzalandırırdı.
Əlqərəz. «QAZel» şoferi oturmuşdu, üstəlik, arxasını da camaata çevirmişdi. Ceyran kimi nişanlısı da başının üstə.. İnanmırsız, inanmayın. Çox çəkməz, bu «QAZel»ləri ləğv eləyəcəklər.
Əlqərəz, ədəb yaxşı şeydi.