Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar

Bir yay gecəsinin xəlvəti

Allah Nizamiyə rəhmət eləsin!

Gecə saat ya on olardı, ya on bir, ya on iki, ya da bunların yarısı - birdən qapıcığım tappatap döyüldü. Dizlərim tutuldu, ürəyim olan-qalan qanımı tələm-tələsik kirəcləşmiş damarlarıma təpdi. Qıvrım saçlarım donquldana-donquldana biz-biz vəziyyət aldı.
Eritrositlər farağat komandası almış əsgərlər kimi əmrə müntəzir äóräó. Qaz plitəsinin odu öləzidi. Soyuducu qızdırmalı xəstə kimi silkələnib dayandı. Televizorda AzTV köşəsinin daimi sakini, dünyadakı ictimai-siyasi vəziyyəti tum kimi çırtlayan, bir səngərdən o birinə ceyran kimi sıçrayan şərhçi kişi də professional kəşfiyyatçı ustalığı ilə sol əlini sol qulağına tutub başını ekrandan bayıra çıxardı və nəfəsini qısıb dinşədi. «Odu, işıq pulu yığandı» – deyə sifətimə zəhər dolu bir görkəm verdim. Cəsarətlə qapının gözlüyündən baxanda nə görsəm yaxşıdı?
Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.
Ürəyim yerinə düşdü, «azad» komandası almış eritrositlr əvvəlki iş yerinə qayıtdı. Televizordakı kişi «hə, harda qalmışdım» deyib sözünə davam elədi. Qapını açdım. Gündüzlər Cünəşə, gecələrsə Aya və az-çox işığı olan cümlə göy cisimlərinə: «Dedim axı, siz çıxmayın, mən çıxıram» - deyə mesaj göndərən yari-mehribanım yerə naz eləyə-eləyə otağa daxil oldu. Salam verdi, əleyk söylədim. Sifətimdəki zəhər qazamatdan çıxmış residivist təki ilim-ilim itib haraya rədd oldu – heç özüm də bilmədim.
Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,
Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi?
Gül yanağının tərə batmağını görəndə dəli beynim qızdı. «Bəlkə, kimsə ona söz deyib?» düşündüm və mətbəxdən bıçağı götürdüm. Qurbanəli bəyin məşhur sözünü xatırladım: «Kimdi düşmən? Soxaram bu xəncəri onun qarnına». Mən ATƏT-MATƏT-ə, BMT Təhlükəsizlik Şurasına-filana baxan döyüləm. Bu saat o alçağı tutub donuz qibləsinə boğazlayım, o da baxsın. Bıçağı təzəcə bülövə çəkirdim ki, yari-mehriban qəsdimi anlayıb dedi: «Getmə, hara gedirsən? Heç bir problem yoxdu. Sadəcə, lift işləmir». Nə var, nə yox? dedim. Başladı bülbül kimi ötməyə. Nələr desə yaxşıdı? «Xəbərin var, qonşumuzdakı qızın da o gün toyu oldu? Sabah filankəsə nişan gəlir. Birisi gün filankəsin xınayaxdısıdır...» Mən bu bəyanatın müstəqim və sözaltı mənasını yaxşıca anlasam da, sarsılmadım, sadəcə, dizlərim əsməyə başladı. Gözəl bir harmoniya yaranmışdı, qulağımda yarın sözləri, ac qarnımda Şərq və Qərb musiqisi korifeylərinin əsərlərindən ibarət minor ovqatlı bir popurri.
Ona mən göz yetirib xəlvəti baxdım, baxdım,
Ovçunun ovlağına körpə şikar gəlmiş idi.
Amma yarın Şəki alması kimi al yanağına, sərv kimi qamətinə baxanda musiqi səsləri öləzidi, əsməcə isə dayandı. Üstəlik, Azərbaycan futbolunun fəlakətindən tutmuş qlobal istiləşməyə kimi bütün dərdlərimi unutdum. Əvvəlki vaxtım olsaydı, şeytan qulaqlarıma pis-pis şeylər pıçıldardı. Amma, görünür, bayaq bıçağa əl atdığımı görüb o da harasa cəhənnəm oldu.
Dedi: «Getmək dəmidir, söylə, nə istərsən, yar?»
Bir «şirvan» istədim ondan, yeri var, gəlmiş idi.
Bu yerdə yarı ağlamaq tutdu. Dedi, «şirvan» nə gəzir? Cəmi üç «məmməd»im var. Və ağlamağa başladı. Ax, bu «şirvan» söhbəti hardan ağlıma gəldi? Lənət sənə kor Şeytan! Məşədi İbad demiş, heç «şirvan»ın yeri idi... Həyatım, getmə, yaxşı, qoy «məmməd» olsun! Amma nə fayda?
Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,
Odlara yandı canım, sanki şərar gəlmiş idi.
Ey O`Kamil, dedi, birdən ayılıb gördüm o yox,
Demə röyada bizə çeşmi xumar gəlmiş imiş.
Şükürlər olsun! Nə yaxşı, belənçik fəlakətlər yalnız yuxuda olur.