Söhbət, əlbəttə ki, yazılmış qanunlardan gedir. Bilirsiz
də, xaricilər öz qanunlarına nəvazişlə yanaşır, onu qızılı
hərflərlə nəfis kağızlarda yazırlar. Oxumağa götürəndə
əlləri əsir, ucadan oxuyanda hərdənbir gözləri də yaşayır.
Sıravi, məsələn, ingilis bu qanunları eşidəndə bir neçə
əsr tarixi olan herbinin əksi olan batist yaylığıyla yaşarmış
gözünün nəmini çıxarır. Heç ağlınıza gələrdi ki, London
küçələrində taksidə quduz itləri və meyitləri gəzdirməyi
qadağan edən qanun var? Ya da «Britaniya parlamentində
ölmək qadağandır» kimi qanunlar da Böyük Britaniya qanunvericiliyində
hərfbəhərf yazılıb.
Bu ölkədə monarxın şəkli çap olunmuş markanı baş-ayaq
yapışdırmaqla dövlətə xəyanət etmiş olursuz.
Fransada donuz balasına Napoleon adı verməklə qanunu pozmuş
olacaqsız.
Alabamada gözləri bağlı şəkildə maşın idarə etmək qanuna
ziddir.
Ohayo ştatında balıqları sərxoş olanadək içirtmək olmaz.
London limanına daxil olan gəmilərdən hər biri qanuna
görə, Tauerin konsteblinə bir boçka rom hədiyyə eləməlidi.
Britaniyada qanun hamilə qadına icazə verir ki, harda
beyninə düşdüsə, ordaca təbii ehtiyacını ödəsin. Əgər
o, bununçün əvvəlcədən nəzakətlə icazə alıbsa, polisin
papağı gecə qarşokunu əvəz edə bilər.
Lankaşir qraflığında polis konstebli kimisə dayanmağa
çağırıbsa, o, itini onun üstünə qısqıra bilməz.
Mayami ştatında polis məntəqəsində skeytbordda gəzişmək
olmaz.
İndoneziyada masturbasiyaya görə baş kəsirlər.
İngiltərədə 14 yaşını keçmiş hər kişi xeylağı hər gün
iki saat ox atmağı məşq eləməlidi.
Londonun yalnız fəxri vətəndaşları vergi ödəmədən qoyunlarını
körpüdən, qazlarını Çipsaytdan keçirə bilər.
Salvadoredə sərxoş halda sükan arxasına oturmağa cəsarət
etmiş adamı güllələnmə gözləyir.
İngilis kişisi qovrulası vəziyyətdə olarsa, ictimai yerdə
təbii ehtiyacını bir neçə punkta əməl eləmək şərtilə ödəyə
bilər. O, sağ əlini maşının üstünə qoyub su şırnağını
maşının arxa təkərinə yönəltməlidi.
Floridada bazar günləri paraşütdən tullanmaq istəyən ərli
qadınları türmə gözləyir.
Çesterdə yerlilər gün çıxana qədər şəhərə daxil ola bilməzlər
və gün batandan sonra da şəhərdən qırağa çıxa bilməzlər.
York şəhərində isə qədim şəhərin daxilində şotlandiyalını
öldürmək qadağan deyil, əgər o, ox və kamanını özüylə
götürübsə.
Kolorado ştatında Boulderdə quşları şəhər daxilində öldürmək
qadağandır. Bu şəhərin vətəndaşlarına yalnız heyvanların
qulluqçusu olmaq icazəsi verilib. Şəhər sakinlərindən
heç kim ev heyvanlarına «mənimki» deyə bilməz.
Vermontlu qadınlar protez dişlərdən yalnız ərinin yazılı
icazəsi olduğu halda istifadə edə bilərlər.
Bəhreynli kişi həkimlər qadınların cinsi orqanlarını müayinə
edə bilərlər, amma birbaşa yox, güzgüdən əksinə baxarkən.
Böyük Britaniya sahillərində ölmüş balinanın başı qanuna
görə krala məxsusdur. Quyruq isə kraliçanın ola bilər,
əgər ona korsetçün sümüklər gərək olacaqsa.
Yazılanları müəllifin zarafatı kimi qəbul eləməyin. Bu
qəribə siyahını aşkarlamaqçün bir dəstə ağıllı kişilər
zəhmət çəkiblər. Hələ nə qədər özünü heç də axmaq saymayan
kişilərsə qəribə qanunların çıxarılmasında baş sındırıb,
tər töküb, nə qədər müzakirələr aparıb öz dediyinin üstündə
dayanmaqçün mübarizə də edib, yəqin. Əgər bütün bunlardan
sonra kimsə yenə də naşükürlük edib qanunlarımızdan şikayətlənsə,
deməli, mövqeyi əvvəldən qərəzli imiş. Gül kimi qanunlarımız
var. Heç yazılmamış qanunlarımız da bir o qədər pis deyil.
Daha nə lazımdı, yaşayın da özünüzçün! İngilislər nə qəribə
məxluqlarmış? Elə bil qanuna salmasaydılar, birlikdə ömür-gün
çürütmüş kral və kraliça balina ölüsünün başıyla quyruğunu
bölüşdürə bilməyəcəkmiş? Bizdə nəinki dənizin qırağında,
hətta içində, torpağın üstündə və altında kimə nə məxsusdu
- hamı bunu bilir. Yazmağa nə lüzum?