Düzünü desəm, pisdən yazmaq istəməzdim. İstinin bu cırhacırında 
                        mövzunu küçədə axtarası deyiləm ki. Odur ki, sağıma-soluma 
                        boylandım, xalqımın yaddaşında eşələndim, gündəmimizi 
                        gözlərim qarşısında daha real canlandırdım. Hadisələrin 
                        gələr-çıxarını tərəziyə qoyub ağır gələndən, yəni pis 
                        olanlardan yazmalı olacam. Düzdür, bizdə pis bir az artıq 
                        düşüb. İstiotu çox düşən yemək kimi onu da birtəhər ötürmək 
                        olar. Pisə pis-pis baxsan, o, həqiqətən, çox pis görünə 
                        bilər. Gəlin bir az yumşaq baxaq, haydı, bir az da.... 
                        Alındımı? Sizi bilmirəm, məndə yaram saatlıq çalışmalardan 
                        sonra nəsə alınmağa başlayır. 
                        Təbiətdə olduğu kimi, cəmiyyətdə də kiçik bəla böyük dərdlə, 
                        böyük dərd fəlakətlə unudulur. Axır vaxtlar böyük dərdmiş 
                        kimi fahişələrdən çox yazır, çox göstərirlər. Kameranı 
                        lap iş başındaca gözünə dirəyib qoymurlar bir parça çörəyini 
                        qazana. Bax, kimə pislik eləyir, özündən başqa? Çox ehtiyatsız 
                        olar, sifilisdən-zaddan tutar, sonra özü kimisini doğa 
                        bilməz. QİÇS-ə yoluxsa, lap yaxşı, tezliklə əl-ayağı küçələrdən 
                        yığışar. Bir də ki, Allahdan çox ixtiraçı olmaqmı olar? 
                        QİÇS-i ortaya atıb ki, insanlar saf-çürük olsun. Bu bəladan 
                        salamat qalanlar gecə fantaziyalarında belə tənha olacaqlar.
                        QİÇS-in özünə də ayrı cür baxmaq olar. Bu xəstəlik təbii 
                        yolla çox yayıla bilməyəcək. Xəstələnmiş, amma hələ ölməmişləri 
                        mütləq xəstəxanalarda, xüsusilə qanköçürmə institutlarında 
                        işə götürmək lazımdı. Gəmiyyətin bu boyda etibarının qarşısında 
                        ordakı antisanitariyadan yararlanıb qan çatışmayanda arabir 
                        öz qanlarıynan kolbanın, necə deyərlər, başını düzəltsinlər. 
                        Onda hamı bir-biriylə qohum olar, lap qan qohumu...
                        QİÇS-in fikrini çox çəkməyə dəyməz. Çünki o yemək ki, 
                        bizdə var, hamımızı qıracaq. QİÇS virusu oturub fikir 
                        çəkəcək ki, bir adam tapsaydım, törəmələrimi ona ötürərdim. 
                        Bu bədən öləndən sonra neynərəm? Soya yağlarında yemək 
                        bişirməkdən hamı bacı-qardaş olacaq. Bilirsiz də, soya 
                        yağı tərkibinə görə qadın harmonlarına yaxındı deyən uzun 
                        müddət onu işlədən kişilər özünü öldürsə belə, ən mürdar 
                        fantaziyalarını işə salsa da, kimisə nəinki sevməyə, heç 
                        zorlamağa da taqəti olmayacaq. Zorakılığın öhdəsindən 
                        belə gələrlər ha! 
                        Matriarxatdan QİÇS-dən daha çox qorxursuz? O da çox çəkməz. 
                        Nitratlı yeməklərimiz bizdə can qoymayacaq. Bir azdan 
                        kəndlərdə adam qalmayacaq, hamı şəhərə axışacaq deyən 
                        torpaqda əkib-becərən tapılmayacaq. Hamı oxumuş, savadsız 
                        və alim olacaq. Yerdə qalan peşələr hamısı bu üç kateqoriyaya 
                        uyğun gələcək. Bizdə bəzən oxumuş sürücü, alim ofisiant, 
                        savadsız müəllim kimi uyğunsuzluqlar olur. Onlar da keçib 
                        gedəndi. Bir parça çörək uğrunda mübarizədə nəinki peşəni, 
                        lap atanın adını da unudarsan. Yeməyə bir şey tapmayanda 
                        xaricdən nitratlı meyvə və tərəvəzləri gətizdirib yeyib, 
                        qısa müddətə olsa da, xoşbəxt olacağıq. Amma həşəratlara 
                        yazığım gəlir, onlar lap tez qırılacaq. Qurd salmayan 
                        unda, düyüdə necə yaşasınlar?! 
                        Əslinə qalanda, nitratlar, hətta aclıq özü bir elə böyük 
                        problem deyil. Onun öhdəsindən ozon dəliyi gələcək. Arta-arta 
                        gəlib başımızın üstünü alacaq. Turizmin inkişafından sonra 
                        ölkəmizə axışan, dənizimizi, torpağımızı, çörəyimizi, 
                        güzəranımızı əlimizdən alanların hamısını elə çimərlikdəcə 
                        yandırıb-yaxacaq. O vaxtlar hamı, kişili-qadınlı başını 
                        örtməyə başladığından (cinsi məsələdə böyük fərq olmayacaq) 
                        ziyanlı şüalar bizə bir elə toxunmayacaq. 
                        Ozon dəliyi də bizə kar eləməz. Evlərin yerini baha qiymətə 
                        villa və göydələnlər tikməkçün satdıqdan sonra torpaqda 
                        qazma komalara köçənlərə şüalar neynəyə bilər? Bir də 
                        eşitmişəm ki, ozon dəliyini vətəndaş müharibəsindən çıxan 
                        tüstü-dumanla örtmək olar. Villalar, super evlərdə yaşayanlarla 
                        qazma daxmalara köçməyə məcbur olanlar arasında müharibədə, 
                        sizcə, viruslu, nitratlı, aclıqlı, sevincsiz və savadsız 
                        adamlara qalib gəlmək olar. Eybi yox, sağ qalanların da 
                        öhdəsindən ikinci ümumdünya daşqını gələr. Yaxşı olardı, 
                        sel gəlib müharibənin fəsadlarını yuyub aparaydı. Bu dəfə, 
                        görəsən, Nuhun gəmisinə kim düşəcək?