Xalqın fobiyalarının, yəni qorxularının iziylə
- Yat, yat.... yuxuya get! Bu gününü unut, keçmişə
qayıt! Qorxularının mənbəyini tapmayınca ayılma, ayılma...
- ....
- Pasient, nə görürsüz? 20-ci əsrin sonunda nələri
yaşadın?
- Boşluqdu, heç nə görmürəm.
- Bir az da geri gayıt. Pasient, niyə titrəməyə başladın?
Sizi belə qorxudan nədir?
- Xocalı!.. Şuşa, Laçın!.. Xocavənd, Kəlbəcər, Ağdərə!..
- Bir az təmkinli olun.
- Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Ağdərə, Zəngilan!..
Hamısı getdi. Var-yoxumu dalıma şələlədilər! Çöllərə
düşdüm.
- Acılı günlərdən bir az geri qaçın - keçmişə doğru.
- A-zad-lıq! A-zad-lıq! Otur, dur! Kim oturmasa, ermənidi!
Ermənilərə ölüm! Qarabağ bizimdi!
- Bu qədər həyəcanlansaz, Sizə ziyan olar. Meydandan
əvvəlki dövrdə nə var?
- Heç nə yoxdu. Mən kimliyimi dəqiq bilmirəm. Tı çto,
azsektor? Na azibijanskom ya ne rozqovarivayu. Çuşka
çto li?
- Bu dövrü unutmaq da olar. Dünya müharibəsindən əvvəl
nələr görürsüz? Rənginiz niyə ağardı? Yenəmi qorxursuz?
- Bu şotkabığ, gürcü ləhcəsiylə danışan kişidən hamı
qorxur. Çox qorxuram. Qara gödəkcəli adamlar gecəynən
evdən aparanda qalanlarçün qorxurdum. Onları pərdə
dalından izləyəndə də səsimi içimə salıb boğulmuşdum.
Vallah, donosu da, nahaq tutulanların hökmü altında
imzanı da qorxudan atmışam.
- Bəs daha əvvəl?
- İngilislərin tapdağı, erməni qırğını!.. Axı Məmmədəmin
Rəsulzadə dövləti qurub əlimə verəndə niyə qanmadım?
«Ruslar gəlməsə, dolana bilmərəm» deyib başıma daş
saldım.
- İndi hönkürməyin nə xeyri? Ürəyini ovutmağa sənətdən-zaddan
bir şey yoxmu?
- Hə, hamı «Leyli və Məcnun»a baxmağa gedir. Şuşada
bulaq başında Xanın səsi ucalır: «Şuşanın dağları,
başı dumanlı»....
- Pasient, yenə də fikrindən bulaq başında kabab yemək
keçir?
- Arazı ayırdı-laaaar...
Qan ilə doyurdu-laaaar...
Mən səndən ayrılmazdım!
Zülm ilə ayırdı-laaaar...
- Şeir deməli dövrandı?
- Əti dırnaqdan, ananı baladan, o tayı bu taydan necə
ayırmaq olar? Parçalandım, iki tikə oldum, susduruldum...
- Pasient, bir az da geri, şanlı keçmişə doğru qayıdın.
- Həmişə ayaq altında qalmışam. Hər gələn üstümdən
keçib, sinəmdə çapıqlarını qoyub.
- Bəs Şah İsmayıl Xətai dövrü necə? Yəni Babəkin,
Koroğlunun dövranı olmayıb? Bunlar ki, əfsanə deyil?!
- Məni rahat buraxın! Əl çəkin məndən! Nə istəyirsiniz,
hər şeyimi vermişəm. Xalçalarım dünya muzeylərində,
sənətkarlarım qürbətdə, neftim, sərvətlərin ciblərdə.
Daha nə istəyirsiniz?!
- Belə getsə, seansı kəsməli olacağıq.
- Mən özüm kimi olmaq istəyirəm! Öz taleyimi özüm
yaşamaq istəyirəm! Tariximi də özüm yazmaq istəyirəm!
Bezdim belə yaşamaqdan, dizin-dizin sürünməkdən. Mənə
bir udum AZADLIQ verin! Bir parça çörəyə görə diz
bükmək mənim taleyim deyil! Nə qədər hədər yerə qan
tökmək olar axı?..
- Pasient, sakit olun. Üç rəqəminə çatanda çırtıq
çalan kimi oyanacaqsız. Bir, iki, üç... Oyandız? Nə
yaxşı ki, salamatsız. Artıq qorxmağa başlamışdım.
Bir baxın, hər şey əvvəlki kimidir. Cəmi 20 faiz torpaqlar
işğal altındadı. Qaçqınları da birtəhər yerləşdirmişik.
Məktəblərdə, universitetlərdə uşaqlar oxumaq, müəllimlər
dərs demək istəmir. Məmurların yenə də rüşvətlə dolanır.
Görürsənmi, qorxmalı heç nə yoxdu. Körpülər tikirik,
yollar salırıq, şadlıq evləri boyhaboy ucalır. Bir
ucdan toy eləyir, nəsil artırırıq. Müharibə haqqında
söhbətlərə bir o qədər inanma, bir növ siyasətdi də...
- Doktor, yenəmi qan töküləcək?..