Yol
qırağında iki dilənçi oturub. Birinin görkəmindən klassik
dilənçi olması bilinir. Küçələrdə keçirdiyi illər onun
üzündə «professional» izlərini buraxıb. Yalnız işdə olarkən
onun gözləri bu qədər həlimdi və sonsuz mərhəmət saçıb
imdad diləyir. Əllərinin itaətkarcasına açılıb həyəcandan
titrəməsini o anasından və nənəsindən miras alıb. Bu üsulları
özü düşünüb tapsaydı ömrü yetməzdi. Öyrənənə qədər evdəki
colma-cocuğu acından ölərdi. O, hər gün evə çörək və kontur
pulu aparmalıydı.
-
Acından qırılan balalarım sizə qurban, çörək pulu verin.
Onlardan birini «bolnassiyada» qoyub gəlmişəm. Dərmana
pulum çatmır. Uşağa dedim ki, anan ölmüş çıxıb dilənər,
millətimiz səni darda qoymaz....(Və sair belə ruhda klassik
dilənçi repertuarından seçmələrlər. Adətən belə dilənçinin
ovcunda pul qəpikləri cingəldəməlidi ki, yağdırdığı alqışlar
ünvanına çata bilsin. Keçib gedənlər bunu yaxşı bilir!)
İkinci
dilənçiysə işini bacarmayan, necə deyrlər hələ «yaşıl»,
«dəyməmiş» personajdı. Əyninə geydiyi paltar nədənsə çin
malı deyildi. Axı o bilməliydi ki, dilənçilərin başqa
gür geyinməyə haqqı yoxdu. Peşə «etikası»nı pozaraq bir
vaxtlar «Çinar» volyuta dükanından aldığı paltarını əyninə
keçirmişdi. Yaxşı ki, sonuncu 10-15 il ərzində paltar
bozara bilmişdi. Əyin-başından əsil milli müəllimə oxşayırdı.
Aeroport alverçiləri müəllimləri iki kilometrdən, özü
də geyimindən tanıyır. Əsil məqsəd millətin satan hissəsinin
alan hissəsinə münasibəti deyil. «Tem bole» birincilər
ikincilərdən çoxdu. Bu müəlliməni dilənməyə nə məcbur
edə bilərdi. Onsuz da onların hamısı dilənçi kökündədir,
hamısı küçəyə çıxmırlar ki?
-
Televizorum xarab olub, ay rəhmdil millətim, mənə deyərmisiz
ki, Xose İqnasio o canıyanmışın qulağına nə pıçıldadı?
3 gündür heç nəyə baxa bilmirəm, ürəyim partlayacaq, o
dünyada da rahat ola bilməyəcəm. Bəs qasırğadan sonra
fazenda salamat qaldı, yoxsa onu da su yuyub apardı? Ay
Allah, mən heç bilmədim ki, Amandanın uşağının atası kimdi?!
Gəlib
gedənlərdən kimsə belə tükürpədici səhnəyə etinasız baxa
bilərmi? Hamı öz qaracünlüyünü gözləri qarşısına gətirib
serialsız keçirə biləcəyi bir neçə günü dəhşət hissiylə
düşünür. Bu yazığın işi nə olacaq? Mütləq «sveji» məlumatları
naəlac qalmışa çatdırmaq lazımdı. Müəlliməni məlumatlandırmaqla
qəlb əzablarından xilas etmək o biri dilənçiyə pul verib
uşağını cism əzabından «xilas etmək»dən daha savab işdi.
Bəlkə o dünyada əvəzi elə maraqlı seriallarla veriləcək?
Ona görə də professionalın əlinə arabir pul salan tapılırdısa,
serial dilənçisinin yanından laqeyd ötüşə bilən olmurdu:
-
Kişinin gicgahı piano çalan yerdə tinə çaxılıb bədbəxti
öldürdü. Onun ruhu Salvadora keçir ki, evinə qayıdıb arvadı
İzabeli yenidən sevsin. Qaitanonun barından qayıdanbaş
danışaram, tələsirəm.
-
Allah əvəzini versin. Allah sizi naümid qoymasın!
....
-
Özünə Santyaqo deməsinə baxma, o, Santasın özüdü. Mariya-Terezanı
azdırmaqçün, bir az da əsəbləşdirməkçün adnı dəyişib.
Yaxşı ki, o əclafın Mariya-Terezanın düşməniynən suda
necə mazaqlaşdığını görmədin.
-
Allah özü kömək olsun, sizi də mənim günümə qoymasın!
....
-
Vallah bu rahib hamısını qırıb qurtaracaq. Bircə lənətlənmiş
xaç tapılsaydı dəlisov Anastasiyanın canı qurtarardı.
-
İnşaallah! Allah sizə pis gün göstərməsin. Mərhəmətini
uzaq eləyib serialsız qoymasın!
Bu
səhnəni qıraqdan müşahidə eləyən professional dilənçi
bir əlindəki xırda pula, bir də «kolleqasının» reytinqinə
baxıb axır dözmədi:
- Bağışla,
işinə qarışıram. Necə olmasa müəllimsən, çox şeyləri
məndən yaxşı bilərsən. Amma qabağına balaca kisə qoyub
dilənsəydin çoxdan təzə televidorun pulunu çıxarmışdın.
Deyirəm bu millət müəllimini yaman sevir! Gözümnən gördüm,
yoldan keçənlərdən biri də sənnən ötüşmədi. Canım çıxsa
da balacanı oxutduracam. Bizim sənətə hörmət qalmayıb...