Yaxud işguzar banketinq və sauninqin əsasları
Orta əsrlərdə insanlar nədənsə düşünürdü ki, yer kürəsi
4 fil üzərində dayanıb. «Yer dəyirmidir və Günəş ətrafında
dolanır» deyən Gordano Brunonu da nahaqdan yandırdılar.
Orta əsrlərdə insanlar çox sadəlövhmüş. Onlar hələ bilmirdilər
ki, dünya pul üzərində dayanıb, planetimiz isə pulun
başına dolanır. Əl-ələ vermiş, bir-birinə dayaq olan
pulluların zəncirindən qırılanlar həyatın qıraqlarından
sürüşüb kasıblıq okeanına düşürlər. Ayaqda duranlar
yaşadıqca onlar rəzalət içində çapalayırlar.
Mən də tərs kimi ən dəyərsiz və hörmətdən düşmüş iki
peşəynən məşğul oluram. Pulsuzluğu heç vecimə də almayıb
«Vətənə borcumu qaytarıram» deyərək həftənin 1-2 gününü
məktəbdə məhv eləyirəm. Qalan günlərdə isə yazıram.
Jurnalistlik eləyirəm deməyə dilim gəlmədi. Çünki heç
kimin xirtdəyindən yapışmıram, faktları gözünə soxub
divara dirəmirəm, əvəzində heç kim də məni tutmur, döymur
və həbs eləmir. Daha bəsdir!!! Pulsuzluqdan bezmişəm!
BiznesMƏN olmaq istəyirəm…Biznes ledi olmaq istəsəm,
məni feminizmdə suçlayacaqlar. Yeni peşənin əsaslarını
dərindən öyrənib mən də «Pulsuzluqla mübarizə» adı altında
bir layihə yazmışam. İndi siz layihənin tezisləriylə
tanış olub görün qrand almaq uğrunda savaşa mən də qoşula
bilərəm, ya yox. Tam ciddi deyirəm ha…
Biznes seminarların mövzuları:
1. Müştəri hər şeydən əvvəl axmaqdır. Servisin əsasları.
(Bu punkta müştərinin üzərinə çığırmağın, göz süzdürməyin,
məhsulun tarixini soruşanların basıb gözünü çıxarmağın
vasitə kimi elmi əsaslandırılması verilib. Yerli mağaza
və marketlərdə artıq sınaqdan çıxmış üsulların vəsait
kimi gürüntüsü və səsləndirilməsi tam təsnifat şəklində
əlavə edilmişdir.)
2. Ümimi heyətin sərxoş vəziyyətdə idarə edilməsinin
effektivliyi. (Sərxoş adam söz vecinə almaz. Araz aşığından,
Kür topuğundan. Gəlib-gedən yoxlamaları da pulnan, yeyib-içməknən
yola verirsən, gedir.)
3. İşguzar danışıqlar: banket və saunanı səbrlə gözləməyin
prinsipləri. Effektiv banketinq və sauninq. (Sonu banketlə,
saunayla bitməyən danışıqdan nə çıxar? Stol arxasında
yola gəlməyənlərin ürəyinin buzu banketdə, lap tərslərində
isə saunada əriyir.)
4. Satışın artımının planlaşması. (Bu mövzunun təqdimatında
qadınlarla gülümsəmək və göz-qaş oynatmaq dərsləri də
keçiriləcək. Axı bütün iş yerlərində qadınlar tələb
edilir.)
5. Sənədlərin axtarışı və tapılması və zərərsizləşdirilməsi
sahəsində operativ strateji planların tərtibi. (Kağızlar
yerbəyer olsa, gələn yoxlama pozuntunu o saat tapacaq.
Bax onda yeyib içmək, banket, lap sauna da köməyə gəlməz.
Sənədlər bütün prosedurlardan keçəndən sonra tapılmalıdır.
)
6. İş münasibətlərində sabunun rolu. (Lap dissertasiya
mövzusudur. Sabun prinsiplərini tanımayanın pulu olmaz
heç vaxt!)
7. Korporativ tədbirlərin idarə edilməsi. Araq dalıyca
nümayəndə göndərilməsi. Kababtirovka.
8. İdarəçilik disputlarının əsasları: a) qurşaqdan aşağı
idarə eləmək olurmu; b) uzanmış vəziyyətdə idarə etmək
etik normalara zidd deyil ki; c) üç idarəçi birinin
üstünə düşübsə, bu haqsızlıqdırmı.
9. Korporativ tədbirdən sonra işguzar qadın imicinin
bərpası.
10. Katibə nələri qulağında sırğa eləməlidir.
11. Əmək nizamının əsasları. Personalın gətirdiyi dəlillər
əsasında normal əməyin anormal əməkdən 10 fərqli cəhəti.
12. Ləbbeh deməyin əsasları. (Düzdür, bu əsasları bizim
millət anasının südüylə birgə qavrayır. Amma hər necə
olsa da, professional təhsil ayrı şeydir. Seminarlarda
yalnız Azərbaycan tarixindən seçmələr dərs vəsaiti kimi
işlədiləcək. )
13. Protokol sir-sifətin tökülməsi danışıqlar zamanı
labüd vasitə kimi. (Qaş-qabağın tökə bilməyənin hörməti
olmaz el arasında. Üzündən zəhrimar yağdırmağın xüsusi
treninq dərslərini artıq bu sahədə böyük təcrübəsi olan
nüfuzlu şəxslər aparacaq.)
Nəyə gülürsüz? Yuxarıdakı prinsiplərlə biznes quranların
cibləri doludur artıq. Deyirsiz məndə alınmaz? Nolar,
alınmasa da problem deyil. Dövlətçiliyin əsaslarını
öyrənərəm. Mənə nə var, təki yazıb oxumaq olsun. Görürsüz,
adətkarlıq nə pis şeydi…