Qalx ayağa, ey İnsan!
Bəsdir diz üstə durdun!
Yenə də gözünü qapının deyişindən çəkə bilmirsən?!..
Yazının başlığında erotik məqam axtaranların ümidlərini
bəri başdan qırmalı olacam. Cavabında «İnternetdə bütün
çılpaq şəkillər «Nü» rubrikası altında verilir. Bunu yeniyetmələr
də bilir ki...» eşitməkdən də qorxmuram. Çünki bu «nü»
həmin «nü»dən deyil.
Əslində «nü» çılpaqları abıra salıb bir növ geyindirmək
cəhdidir. Yenə də belə məsələlərdə həmişəki kimi fransızların
başı daha yaxşı işləyir. Görün necə gözəl səslənir: «Nü...».
Xahiş eləyirəm, bu sözü «Nu poqodi» cizgi filmindəki «Nu,
nu, nu» ilə səhv salmayasız. «Nü» sözündə təcavüz yoxdu.
Çılpaqlığa belə nəfis ad verəndə elə bil geyinmiş olur.
Məsələn, çılpaq qadınların rəsmindən, yaxud fotolarından
ibarət sərgiyçün necə deyəsən ki, filankəs lüt arvadların
şəklini çəkdiyi bəs deyil, hələ bir göstərir də. Bir də
var ki, deyirsən: «Filan rəssam «nü» üslubundakı işlərini
sərgiləyəcək». Bax bu, başqa məsələ. Gözəl, hətta abırlı
səslənir. Bunu lap qəzetdə də yazmaq olar, heç kim də
səni erotik zir-zibili qəzet səhifələrinə çıxarmaqda suçlamaz.
Əslində çılpaqlıq həmişə erotik olmur ki. Məsələn, körpələrin
çılpaq şəkillərinə heç «nü» də demək olmur. Onlar «nü»dən
də qəşəngdi. Axtarsan, dünyanın ən abırlı insanlarının
albomunda heç olmasa bir dənə çılpaq şəkli var. Həmin
şəkillərə baxanların dodaqları o saat qulağının dibinə
qaçır, şirin, dadlı xatirələr adamı başına alıb aparır.
Bəzi çox kompleksli insanlar belə şəkilləri gizlətməyə
də çalışır. Xüsusilə də ictimai statusu qalxdıqca düşünür
ki, «nü» fotoları karyerasına əngəl törədə bilər. Çox
hayıf ki, bizdə paparatsi əl-qol atmayıb. Bunu mən qəzetçi
kimi yox, oxucu kimi deyirəm. Məsələn, özünü boğub oturan
deputatların «nü» fotolarına baxıb «Uti, uti» deyib toppuş
buxağını qaşıyaraq o qədər xoş hisslər keçirərlim ki...
Çünki bilirəm ki, sonradan bu buxaq özünü dartmaqdan,
popuşu isə kresloda oturmaqdan nə günə düşəcək...
Bax, bu abzasda qadın çılpaqlığından yazsam, yenə də məni
kişipərəstlikdə ittiham edəcəklər: «Heç qadın da çılpaqlıqdan
yazar? Qadın həmrəyliyi necə olsun?» və s. Cavabında «nü»
üslubunu porno saytlarda axtaran oxucularıma Modilyaninin
«nü» üslubunda olan rəsmlərini yada salacam. Görməyənlərlə
təəssüratımı bölüşə də bilərəm. Elə bilərsiz Modilyanini
lövhələrini canlı görmüşəm. Məndə o bəxt hardaydı. Reproduksiyalarına
baxmışam. Təsəvvür edin: İri zal, divarlarda bir-iki metrlik
kətan lövhələr. Hamısında fon qıpqırmızıdır (qırmızı fanarlar
yanan kvartalların mənfi reputasiyasını nəzərə alıb bu
rəngi mütləq reabilitasiya eləməyə ehtiyac var). Bütün
lövhələrdə qırmızı fonda çılpaq qadın rəsmləri. Bütün
lövhələr gözəllikdən çığırır, bağırır, müəllifin naturaya
olan sevgisindən danışır, amma bir qram da porno təəssüratı
yoxdu. Bunu hamı sevir və heç olmasa ömründə bir dəfə
yaşamaq istəyir. Bax buna NÜ deyərlər... «Nü» öz tamaşaçısını
qadın və kişiyə ayırmır.
Başqa bir çılpaqlıq növü var ki, onu nə qadınlar, nə də
kişilər sevir. Həqiqət çılpaq olanda adamın gözünü deşir.
Həqiqəti mütləq geyindirmək lazımdı. Rəngləmək, bəzəmək,
abıra salmaq, ticarətçilərin sözüylə desək, ona «tovarnıy
vid», yəni gözəgəlimli görkəm vermək lazımdı. Xüsusi qablaşdırması
olmasa, çılpaq həqiqət piştaxtalarda tökülüb qalar, alan
olmaz. Çünki həqiqət özü çılpaq olanda həyatımızın dekorasiyasını
söküb dağıdır, əziyyətlə quraşdırdığımız səadət ilğımını
bir saniyəyə heçə döndərir. Həqiqəti tapdalayanlar onu
onsuz da nə çılpaq, nə də bəzənmiş formada eşitmək istəməz.
Ruhən şikəstlər, zəiflər həqiqətin çılpaqlığına dözə bilməz,
məhv olar. Bax bu, artıq NÜ deyil. Bu çılpaq doğulmuş
həqiqətdir. Öz eybini əncir yarpağıyla örtməyi öyrənmiş
insanlar həqiqəti hələ ki, qəbul eləyə bilməyiblər. Həqiqəti
çılpaq görmək istəməyənlər hələ də onu geyindirə biləcək
kütürye tapmayıblar.
Yəqin, mənimlə razılaşarsız, «nü» nədisə gözəl bir şeydi.
Nə vaxt soyunacağını, nə vaxt bürünüb geyənəcəyini də
hər kəs özü bilir. Amma birdən çox geyinənin beynindən
yüngülləşmək istəyi keçsə, soyunması uzun çəkər, məncə.
Siz qəbul eləməsəz də olar, bu, mənim şüarımdı: «Həmişə
NÜ-yə hazır ol!».
Bu pionersayağı şüarın cavabını bilirsiz də?!.