Hərdən gündəlik qayğıları üstümdən tullayıb oynamaq
istəyirəm. Kompüter və problemlər qarşısında əyilmiş
kürəyimi dikəldib əl-qolumu açıb, sümüklərimi dingildətsəm,
nə olardı? Nə dərəcədə gözəl oynamalıyam ki, ürəklənib
adam arasına çıxım? Rəqs eləməyi öyrədənimiz olsaydı!..
Bilirəm, siz də oyrənmək istərdiz. Vaxt hardandı? Atalar
demiş: «Səhər naxıra, axşam axura». Amma diqqətimizi
itiləyib ətrafa baxaq, axı burda hər şey hərəkətdə,
rəqsdədir.
Başımızda çarlston oynayan kağız və qəzet qırıntılarının
davranışı ürəyimcə deyil. Zibil olmaq taleyi ilə barışa
bilməyib hələ də keçmiş günlərin havasını oynayan qəzet
qırığı zəhlətökən rəqsini insanın sifətində oynamaq
istəyir. Elə bilir, onu yerdən qaldırıb hələ bir oxuyacaqlar
da! Oyunuvu oyna, heç köşklərdə satılanda da qara qəpiyə
dəyməzdin.
Bu günlərdə damımızdakı antena bir göbək rəqsi vururdu
ki, lap paxıllığım tutdu. Qol-qanadına ilişmiş əskiləri
elə pərgarcasına yellədirdi ki, üzükdən keçən nazik
ipək yaylıqla «yaşmaqlanan» oriyental rəqqasənin ustalığı
onun yanında sönük görünürdü. Hayıf, bu boyda sənət
qarşısında «darbalağına» puldan-zaddan basan olmadı.
Payız olsaydı, ağacların «Strip-dens»inə baxardıq. Küləyin
diqtəsiynən soyunan ağaclar üstündəkiləri çılpaqlaşanacan
atacaq. Düzdü də, yatmağa gedəndə soyunarlar. Soyunandan
sonra tökdüyü yarpaqların rəqsinə məhəl qoymağa hal
nə gəzir? Yarpaqlarsa qol-boyun olub «Yallı» gedəcək.
Gələn yaza qədər kimdi onları süpürən?
Qonşu tində ehtiraslı karton qırığı vardı. Çox forsluydu,
deyəsən, üstündəki xarici yazısıyla fəxr eləyirdi. Hər
yoldan keçənlə «Tanqo» oynamaq istəyəndə onu hərarətlə
qucaqlayıb qopmaq bilmirdi. Sanki bilirdi ki, «Tanqo»da
oynayanlar bir-birinin gözünün içinə baxmalı, yanıb-yaxılmalıdılar.
Sonuncu dəfə onu alovla «Tanqo» oynayarkən görüblər.
Plastik qabların «Rok-n-rol»undansa lap bayılıram. Xarici
etiketli qablar əcnəbi rəqslər oynayanda bizim istehsalçının
sığalını hələ də unutmamış qablar prinsipial olaraq
«Nəlbəki» rəqsi oynayır. İçinə yığılmış qum və xırda
daşları ehmallıca cingildədərək ustufca diyirlənir,
enli küçələrimizdə ağayana, xanım-xatın bir rəqs oynayrılar.
Günbəgün artan tikintilərdən qopan qum dənəcikləri elə
bil incəlik və məharətini insanlara göstərməklə acıq
verərək qu kimi süzürlər. Asfaltı görünməyən küçələrimizdə
gah topalanıb, gah da sərələnib incə, nəfis krujeva
yaradırlar. Onlar deyəsən, «Vağzalı»nı lap çox oynayıblar.
Yoxsa günü-gündən belə artmazdılar.
Şəhərin ağır cayıllarıyçün bir «Tərəkəmə»!.. Onlar küləyin
dediyiynən oturub-duran zibil deyil ha. Üst-üstə qalanıb
illərlə çəkisini artıran bir qalaq möhtərəm zibil colma-cocuq
kimi «Qaytağı» atmaz ki! Ağır olan batman gələr.
Bilmirəm, insanlar balet oynamağa bu qədər vaxt və enerji
sərf eləyir? Odu da, 40 yaşında pensioner olub qalırlar.
Şəhərin elit zibilləri gözəl tərtibatlı, rəngarəng tamaşaları
çox rahatlıqla ortaya gətirirlər. Tamaşaların amfiteatrı,
parteri, hətta eyvanlardan özünü küçəyə atan solistləri
də var. Burada nə kostyumçu-dizayner, nə də rəssam əməyi
lazım gəlir. Hər şey supermarketlərdəki kimi çox parlaq
və «şık»dı. Kütləvi səhnələr onlarda daha yaxşı alınır.
Küçələrimizdəki zibil orqiyaları «1001 gecə» baletinin
uğurunu kölgədə qoya bilər.
«Uzundərə» açmayaq. Küləklər şəhərindəyik, burda hər
şey o istəyən kimidi. Ritmi verən odur. Yazına-qışına
baxmaz, öz bildiyini eləyər. Amma çox qınamayın, küçələrimizi
süpürən də özüdü, zibilləri oynadan da, yığışdırıb yol
qırağına yığan da.. Kef eləyin, zibillər, onsuz da bu
yaxında şəhəri yığşdırmaq fikrimiz yoxdu.
Zibillər, halaya gəlin e, halaya.. «Ha yordu, yordu,
yordu, Görək kim kimi yordu?!»