Eşq
olsun arsızlığa!
Yaşamağın yolları, yaxud bəzi sınanmış tezislər...
Bir ili də belə yola verdik. Cibimizin dibində ilişib
qalan xırda pullaracan xərclədik. Var-yoxumuzu süfrəyə
düzüb bir qədər həzz alandan sonra hamısını yedik, içdik,
üstəlik padşah piyada gedən yerə normadan artıq yolumuz
düşdü. Hə, köhnə ili birtəhər yola verdiyimizi zənn edib
oxuyub- oynayanımız da oldu, fəlsəfi düşüncələrə dalanımız,
hələ bir divanda mürgləyənimiz də.
Elə bil evdə qalan qotur qızı birtəhər birisinə ərə verib
başından eləyən valideynlər kimi dərindən nəfəs aldıq
ki, bu il də belə getdi! İrəlidə gələn il əjdaha kimi
ağzını açıb durub. Başından cəmi bir həftə xərcləmişik.
İndi bir il ağıllı olmalıyıq, üstəlik ağıllı olduğumuzu
başqalarına da sübut eləməliyik. İlaxırı özümüzə icazə
verdiyimiz azadlıqları (mən Azadlıq meydanında xalqın
səhərəcən kef çəkib pullarımızı göyə sovurmasını xatırlatmıram,
əsla!) yığışdırıb qıfıllı sandığa qoyub ağzını ən azı
gələn Yeni il bayramına qədər gizlətməliyik. Bu qədər
yeməkmi olar, gülməkmi olar, gəzməkmi olar?! Bəs başıbəlalı
xalqın obrazı necə olsun?!
Başına döndüyüm qar hamısını nə təhər burnumuzdan gətirdisə
«malades» deməkdən başqa bir istəyim qalmadı. Çörəyi gündəlik
çıxanlar gedib birtəhər başına əlac qılsın, neynəyək?
Qaragünlüyünü qabağına alıb «ay Allah, bu gün uşaqlara
yeməyə nə verəcəm?» deyib timsah kimi göz yaşları axıdan
aeroport satıcıları, meyvə satanlar jurnalist tayfasından
bilmirəm niyə ibrət götürmür? «Qəzet çıxmasa, qonorar
olmayacaq!» deyib şivən qoparmırıq ki? Köhnə ili necə
yola verdiz, həmən səbrlə qarın bir-iki günlük dəcəlliyinə
də birtəhər dözün. Gənub günəşi bu «padşahı» da tezliklə
taxtdan salacaq. Bir az dözün, amma barmağınızı tərpətməyin
ha...
Bax, qar ki əridi (əriməyib nə qayıracaq?) bütün kanalizasiya
sistemi daşacaq. Küçələr lehmə, palçıq içində üzəcək,
ayaqqabılarımıza yapışıb evlərimizi bərbad günə qoyacaq,
istəsəz lap yeməklə birgə qarnımıza da düşəcək. Maşını
olan vətəndaşlar piyadaların üstünə kirli su sıçradıb
xeyli kef eləyəcək. Təbiətcə pinti olanlar «məndən nəylə
fərqlənirsən?» deyib səliqəliləri o qədər lağa qoyub güləcək
ki, lap qarınları cırılacaq. Uşaqlarımız və xüsusilə də
sevən gənclərimiz qrammatikanı qəzetlərdən yox, maşın
şüşələrindəki yazılardan öyrənəcək. Belə sevgi mesajına
heç kontur da lazım deyil. Sevdiyin qızın qonşusunun maşınına
nəsə yazırsan, o da bu yazıyla düz bir il qızın gözünü
mazol eləyir. Amma nəbadə həyatınızda nəyisə dəyişəsiniz!
Küçələri süpürüb, zibilləri yığasınız. Çünki insanın çölü
içiylə harmoniyada olmalıdı, eləmi?
Hamı bilir ki, arsızların günü fikirçil adamlardan yaxşı
keçir. Bu aksiomadır, sübuta ehtiyacı yoxdur. Odur ki,
mənə ayrılmış bu sütunda xalqı depressiyadan çıxarmağın
yollarını diktə eləyən bəzi tezisləri işıqlandırmaq istərdim.
Bəyənməsəz də çox qınamayın. Axı xalqım o qədər axmaq
nitqləri yola verib ki:
Əhlikef olmaq və sabahı düşünmədən rahat yaşamaq lazımdı.
«Hər şeyə və hamıya tüpürüm» şüarını ən azı çarpayının
başından asın.
İstədiyini eləmək ləzzətini heç nəyə qurban vermək olmaz!
İstəmədiyin sənin arzun deyil axı...
İmkan düşən kimi rahat işini işsizliyə, avaraçılığa dəyişməlisən.
«Nə qədər pis olsan, sənə o qədər yaxşı olacaq» prinsipini
əlində bayraq kimi yellədib hər qarşına çıxanın gözünə
soxursan.
Heç kimi sevmirsən, abırsızcasına yalan danışırsan, heç
nəyi ürəyinə yaxın buraxmırsan.
Heç vaxt heç yerə tələsmirsən, hər şey özü yoluna düşəcək...
Bax, bu qar da əriyib yox olacaq. Lap özünü öldürsə, uzağı
martacan dayana bilər, artıq yox. Palçıq da toza çevrilib
küləklə sovrulacaq. Çox zarısan başqa millətlər çörək
də tapıb ağzına dürtəcək ki, səsini eşitməsin. İstəsən,
lap gəlib buralarda da yaşaya bilərlər. Bilirəm, buna
da öyrəncəlisən. Bir dənə artıb-törəmək adətindən əl çəkmirsən
də...