Zorakılıq alətini işə salmağı sevən kişilərə
ünvanlanıb
Ər redaktə olunmuş kişidir!
Epiqrafı
yazmazdan əvvəl xeyli düşündüm. Redaksiyanın bütün redaktorları
kişi olduğundan bu cümlənin redaktə olunmaq ehtimalı çox
böyük idi. Amma sonra özümə bir fikirlə toxdaxlıq verdim:
onlardan hes biri mənim redaktə olunmuş kişim olmadığından,
«məndən keçdi» deyib cümləyə əl vurmazlar. Yəqin?..
Deməkdən yoruldum, amma kişilər bizim fikir yürütməyimizi
heç sevmirlər. Elə bil bazarda neftə, qəndə, çaya olan
monopoliya kimi fikir yürütmək məsələsində də monopoliya
var. Qadın məntiqi anlamını ortaya atan kimi (Əslində
bu anlamın özünü də kişi alimlər kəşf edib. Bunu bizim
kişilərə necə anladasan?) ən tərbiyəlisi belə dişlərini
qıcıdır və müdafiə pozası alır, bu sözün ardınca nəsə
sürüşkən, qarmağa gəlməyən, mütləq kişi pozisiyasını laxlada
bilən sözün gələcəyini düşünür. Həm də ki, kişiyə lapdan
deyilmiş bir cümləyə cavab quraşdırmağa bir qədər vaxt
lazımdı. Kişilərçün biabırçı dərəcədə axmaq, amma qadın
məntiqinə görə dahiyanə fikri ortaya atmaq üçün qadına
bir, uzağı iki saniyə kifayətdi. Bax, aşağıdakı fikir
kolleksiyasından bir cümləni inanıram ki, heç bir kişi
özünə yaraşdırıb dilinə gətirməz. Çünki onlar qadın məntiqinin
məhsuludur:
- Mən feminist deyiləm, sadəcə olaraq, bir az ağıllıyam.
- Mən arıq deyiləm, səhərlər yeməyi sevmirəm, ona görə
belə görünürəm.
- Mən Venera deyiləm, çünki məndə venerik heç nə yoxdu.
- Mən gözəl olmasam da, dəhşət dərəcədə gözəgəlimliyəm.
- Mən kök deyiləm, dünən üç dəfə şam yeməyi yemişəm, ona
görə belə görünürəm.
- Mən sizdən ağıllı deyiləm, Siz məndən kütbeyinsiz.
- Mən ləçər deyiləm, bir qədər tolerantlığı gözləmədim,
vəssalam.
- Mən öz qiymətimi yaxşı bilirəm, amma heç vaxt dilimə
gətirmərəm.
- Mən frigid deyiləm, sizin keçəlinizi bəyənmirəm, neynim?
- Mən təkəbbürlü deyiləm, bir qədər vasvasıyam.
- Mən naz-qəmzəli deyiləm, belə bacarmaram!
- Mən şahzadə olmasam da, bəziləriyçün böyük hədiyyə ola
bilərəm.
- Mənim dilim zəhər deyil, amma həmişə düşündüyümü deyirəm.
- Mən səliqəsiz deyiləm, andıra qalmış şkafda əşyalarçün
yer yoxdu.
- Mən natəmiz deyiləm, bir qədər qab yumağı sevmirəm.
- Mən tənbəl də deyiləm, bir balaca yatmağı sevənəm.
- Mən pinti deyiləm, hamı bilir ki, corabı almaq onu yumaqdan
asandır. Nə bileydim ki, şokolad cibdə əriyir?!
- Mən yalan demirəm, uydururam.
- Mən ciddi deyiləm, bir qədər xəyalpərəstəm.
- Mən sizi təhqir etmirəm, sadəcə, uzun cümlələrlə danışmağı
sevirəm.
- Mən sizi həqiqətən də təhqir etmirəm, mən sizi öyrənirəm.
- Kim deyir ki, mən kişiləri sevmirəm, sizi özündən çıxarmamış
işlətmək olmur axı!
Bu ifadələri öz qulaqlarıyla eşidən kişi adəti üzrə qadından
qisas almaqçün həmən anda fiziologiyasının üstün cəhətlərini
işə salmağı düşünəcək. Qadınçün isə hər vəziyyətdən çıxış
yolu var. Məşhur lətifədəki kimi. Balıq tutmağı sevən
ər kitab oxumağı sevən arvadıyla balıq tutmağa gedibmiş.
Tilovun başında mürgü döyən ərindən bezən qadın qayığı
bir az irəli sürüb kitab oxumağa başlayır. Onu cinayət
üstündə yaxaladığını düşünən polis qayığa yaxınlaşıb soruşur:
- Sabahınız xeyir, xanım, siz burda neynirsiz?
- Kitab oxuyuram.
- Burda balıq tutmaq qadağandı, bilmirsiz?
- Mən ki, balıq tutmuram, kitab oxuyuram.
- Noolsun, sizin brakonyerlik etməkçün bütün alətləriniz
var. Sizi həbs edib şöbəyə aparmalı olacam.
- Onda mən sizi seksual təcavüzdə günahlandıracam.
- Mən sizə heç barmağımın ucuyla da toxunmamışam.
- Noolsun, sizin də bütün alətləriniz üstünüzdədi!
Burdan belə - nəsihət desəm, lap ağ olar, nəticə deyim
– çıxarmaq olar: Kitab oxuyan qadınla mübahisə eləməzlər!
Çox guman ki, o da sizin kimi düşünməyi bacarır. Sənin
gözlərini açanın ağzını yummaq böyük cəhalətdi! İmkan
verin biz də danışaq da...