Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar

O dünyadan reportaj


Yaxud hamılıqla yeriniz behiştlik…

Deyirəm, adamın dili də başına bəla olarmış! Dünən redaksiyamızda eşitdiyim, yeri gəlmişkən, çox korrekt şəkildə soruşulmuş: «Haralardasan, niyə görünmürsən?» sualına dilim dinc durmayıb: «O dünyadan reportaj hazırlayıram» dedim. Dalıycan viruslarla, xəstəliklərlə, gündəlik məişətlə birhəftəlik gərgin mübarizədən, o dünyanı görüb qayıtmağımdan bir dastan söz danışdım. Dilim-dilim olasan, dilim! Reputasiyama ciddi zərər gətirməməkçün gərək o dünyalardan da yazım.
Yaddaşımın dolanbaclarında, küçələrimizdən xeyli təmiz künc-bucaqlarında eşələnib, hətta tin başında sallağı oturub o dünya haqqında bildiklərimi yada salmağa çalışıram. Klinik ölüm keçirmişlərin danışdıqlarını həmən «brak» sayıb yararsız material kimi yaddaşımın səkisindən silirəm. Tunelin sonunda işıq, gül–çiçəkli yamacda klassik musiqi səsləri, ölənlərlə remiks görüşlər… Xeyr, bu mənnik deyil. Bu boyda yalan yaza bilmərəm. Oxuyub öyrəndiklərimdən qarmağa sala biləcəyim bir fikir o oldu:
Deyirlər, o dünyada hər şey yaşamımızdan çox fərqlidi. Hər şey tərsinə olmalıdı! Bunu da başbilənlərimiz deyir…
Yəni bu dünyanın kasıbları, məzlumları, əzilənləri o dünyada padşah kimi yaşayacaq, hətta onu incidənlərdən də bac ala biləcək. Sizi də gülmək tutdu? Elə bilirsiz ki, hələ də nağıl oxuyuram. Əslində, nağılların o dünyası daha keşməkeşli, zülmlü, imtahanlıdı. Bu dünyaya qayıtmaqçün o dünyanı təpəgözlərdən, küpəgirən qarılardan, cadugərlərdən təmizləyib, hələ bir 40-cı otağın sirrini açıb, tayı-bərabəri olmayan gözəli xilas eləyib, Simurq quşunun belinə qalxıb, yəni bir sözlə, o dünyanın zir-zibilini silib-süpürüb ordan çıxa bilərsən. Odu da, oralara düşənlər bir də geri qayıtmır!..
O dünyanın darvazalarına çatanda heyfsiləndim ki, özümnən fırçadan, rəngdən nəsə götürməmişəm. Yanımda olsaydı, darvazanın bu tayından bir neçə buta çəkərdim ki, bizimkilər buranı da özününkü bilsin. O dünyanın kandarındaca ikili buta, hamilə buta, küsəyən butanı görən ermənilər buralardan qaçacaq. Onlar elə bilir ki, azərbaycanlılar real həyatda kabab yeyib, kef eləyib, gecə-gündüz mahnı deyib rəqs elədiyindən onları burda fərli bir şey gözləyə bilməz. Axı onlar hardan bilsin ki, biz gecə-gündüz, hətta şou əhlinə hayıl-mayıl olanda da Qarabağ dərdindən çatlayırıq. Özümüzə zülm verib pul qazanırıq ki, müəllimlərə rüşvət verə bilək, uşaqlarımıza zülm verib dərs öyrətməsinlər. Azad, xoşbəxt vətənin razı vətəndaşlarının rolunu oynamaqdan çətin bir rol bilirsizsə, sizə Nobel mükafatı düşər.
Deyim ki, oralarda şou əhli də gözümə dəymədi. Ulduzlarımızın astral kopiyasını orda görmək ümidiylə qır qazanının yerini soruşanda mənə güldülər. Sən demə, toy əzabları, milləti yola vermək, əyləndirmək, şad-xürrəm günündə, lap yeri gəlsə, seçki kampaniyasında cəhənnəm əzabı çəkdiyindən onların yeri indidən behiştdə bronlaşdırılıb. Uzaqgörən və dərrakəli xalqım indidən o dünyasını qazanırmış, mən bunu da oralarda bildim. Yoxsa ki, özünə hörmət edən millət marşrutdakı belə təhqirlərə dözər? Yoxsa elə bilirsiz, palçıq içində yaşamağı özünə rəva bilən tapılar? Hansı xalqın nəinki öz şalvarını, hətta öz uşaqlarının gələcəyini də bir parça çörəyə satmağa bu boyda ürəyi tapılar? Hamı bilir ki, bu dünya fanidir. O dünyamızı qazanaq, o dünyamızı…
O dünyada cəhənnəmin yerini də soruşdum, dedilər get, heç olmasa bir gün yaxşı yaşa ki, burda sənə cəhənnəmi göstərə bilək. Ona görə də cəhənnəmi görməmiş o dünyadan yazdığım reportajı yararsız sayıram. Oraları gəzib geri qayıtmaqda israrlı olsam da, redaksiyada mənə tərs baxışlarla baxıb: «O dünyadan gələn üçün heç də pis görünmürsən» dedilər. Yəni camaat burda informasiya cəbhəsində vuruşarkən mən fit çala-çala o dünyalarda dolaşıb kef eləmişəm?.. Təcrübəli səyyah kimi gördüklərimi bölüşəndən sonra gərək qayıdıb ardını yaşayım. Necə deyərlər, o dünyalığımı qazanım gərək!..