Biz oxuyub oynayan millətik. Biz Qərb, ya Şərq küləyinin
gətirdiyi yenilikləri tezcənə özümüzküləşdirə bilən millətik.
Simfonik musiqi, caz-muğam yaratdığımız azartla azərbaycanca
rep deyirik, xarici ritmləri dingildəyirik, göbək atırıq,
yeri gəlsə striptiz də oynayarıq. Niyə də olmasın?
Striptizçi o şəxsə deyilir ki, oynay-oynaya var-yoxunu
soyunub onu hərisliklə marıtlayanın üstünə tullayır. Var-yox
isə çox qəliz məsələdi. Çünki söyəndə ilk öncə adamın
var-yoxunu söyürlər. Belə canfəşanlıq əvəzində striptizçinin
cibinə 5-10 manat pul gəlir. Striptiz bir elə çətin şey
deyil. Utanmaq olmasa oynamağa nə var ki. Yad mədəniyyətdir
deyib, dodaq büzüb eləməyin. Bizim uzunəsrlik striptiz
oynamaq təcrübəmiz var.
Ən vacib ilk ştrix- Striptizçini adi rəqqasədən ayıran
əlamət onun nikelli, hamar və parıldayan borudan yapışmasıdır.
Elə bil əlini üzən kimi düz-dünya başına dolanacaq, davam
gətirməyib yerə çökəcək. Bizim neft borularından yapışdığımız
hərisliklə o, bu borunun o yan, bu yanına o qədər keçir
ki, həmin hərəkəti şvabrayla da təkrar eləsəydi hamı biləcək
ki, ürəyindən nə keçirmiş. Bu millətin neft boruları olmasaydı
vermək, bölüşmək kimi insani və anadangəlmə instinktti
reallaşmamış qalardı. Biz borumuzdan əl çəkə bilmərik.
Yalnız onunla yollar, körpülər tikəcəyik, məktəblər, evlər
salacağıq, azad, firavan olacağıq. Əlimizdə neft borusuyla
oynamağa bir gör e…, nə vaxtdan başlamışıq. Əli pulnan
oynayan nə qədər adam bizə çəpik çalıb.
Növbəti jest – Striptiz rəqsinin duzu, istiotu ondadır
ki, əynindən çıxardığını, yaxşı olar ki, bir-iki dəfə
başın üstə fırlayıb (yəni «Qadam-balam getsin» deyib,
ya da başa duz, üzərrik çevirən kimi) tolazlayırsan. Haramı
düşdü, sonrası nə oldu – nə fərqi? Guya olmasaydı dolanmazdım?
Bir az çılpaq qalmaq eyibdimi? Zəngəzuru, Qarabağı başımıza
dolandırıb tolazladıq, getdi Ermənistana düşdü. Rəssam
və musiqiçiləri Türkiyə tərəfə atmışıq. Türklər bizim
«artığımızı» yerdən qaldırıb süfrəsinin başında oturtmaqdan
utanmaz. Sağlam, cavan kişiləri Rusiyada axtarın, gözəl
qadınları Dubayda. Özünə hörmət eləyən, biliyindən arxayın
adamlar Amerikada, Avropadadı. Heç kim yerdə qalmayıb.
«Qan yaddaşı», «səs yaddaşı», «babların irsi» adlananlar
alt paltarın bədəndə buraxdığı iz kimi çox çəkməz, keçib
gedər.
Daha bir çox vacib ştrix - Əgər striptizçiyə pul verən
olmasa onun bu boyda həngamə qoparmağı gülünc olardı.
Millətə sponsorluq eləyənlərə indi investor deyirlər.
Pul verən əskinasları striptizçinin əlinə verəsi olsa,
yaxud ondan da pis, kassaya köçürməli olsa əlini heç cibinə
salmaz. Pul mütləq tumanbağıya, ya da daha pikant yerlərə
dürtülməlidi. Pul verənin marağı da bundadı.
Sonuncu jest – İnvestorlarımız bizimlə o qədər doğmalaşıb
ki, bəzən bir-biriylə itələşirlər ki, əlini cibinə kim
salacaq. Lap dilimizi də, ləhcəmizi də bilirlər. Striptizin
sonunda çılpaq rəqqas pul verənin hüzurunda durmalıdı
ki, başına dolandırıb tolazladıqlarının haqqını ala bilsin.
- Bəri gəl, görüm, bir az da… Bıy, başıma xeyir, əynində
bir şey qalmayıb ki?! Pulu hara dürtüşdürəjiyik, qadası?!