Ay Allah, bu
istilər nə vaxt bitər?! İydən beynimiz çatladı ki!..
Deyərsiz ki, yenə şikayət, yenə zarımaq. Hə? Qadının
bundan başqa əlindən nə gələr ki? O qədər incə mövzudur
ki, bilmirəm, hansı tərəfdən yanaşım ki, sonra adımı
respublikada kişilərin birinci düşməni, yaxud ondan
da pis – feminist adlandırmasınlar. Görüm bir mövzuya
dolanbac yollarla yanaşa bilirəmmi?
Bir vaxtlar dayımın kitabxanasında «1001 gecə» nağıllarının
çoxcildliyinə həsrətlə baxırdım. Yaşım çatmadığına görə
onları oxumaq üçün mənə vermirdilər. Əvəzində «Sirlər
adası», «Kapitan Nemo» kimi kitablar təklif olunsa da,
gözüm əlçatmaz arzumdaydı: tünd göy fonda sarı ay işığı,
tağlı pəngərə və qədim şəhərin yatmış şəkli olan qalın
cildlər. Necə oldusa, böyüklərin gözündən qaçırıb kitabların
birini əldə elədim. Orda baş barmağı kəsilmiş cavan
oğlan haqqında nağıl vardı. Süfrəyə dəvət edilmiş bu
cavan yeməkdən qabaq əlini 60 dəfə yuyub süfrəyə oturur.
Yeməkdən sonra da əllərini 60 dəfə sabunla yuyur, sonra
gül suyu və müşk ənbərlə də ətirləyir. «Nə üçün bu hala
gəlibsən?» soruşanlara bu cavan oğlan danışır ki, sən
demə, gözəl və varlı bir qadın onu evinə dəvət edibmiş.
Yeyib-içib, səadətdən başı dumanlanıb, yatağa girmək
məqamında birdən qadının üzü dönüb. «Yeməkdən sonra
əllərini yumamış mənimlə yatağa girməyə cəsarət eləmisən?»
çığıraraq bu oğlanı eşşək qədər döydürüb. Yarımcan hala
gələndən sonra ürəyi soyumayıb onun baş barmağını da
kəsdirib ki, ömürlük yadından çıxmasın. O vaxtkı uşaq
ağlımla qadını çox qınamışdım.Yəni kişinin başa salmağın
ayrı yolu yoxdurmu? Bir dəfə deyəydi, qanmasaydı, sonra
cəzalandırardı da. İndi fikirləşirəm ki, o vaxt uşaq
olmuşam. Bilməmişəm ki, şərqli kişisini başa salmağın
ayrı yolu yoxdu. Olsaydı, bu barədə nağıllar qoşulmazdı.
Bilirəm, deyənlər tapılacaq ki, kişidən iy gələr də!
Əsl kişi obrazının üstündə hələ bir siqaret, tər və
bəzən araq iyindən ibarət əlavə möhür də olmalıdı. Bəlkə
də? Kişinin mamont ovlayıb gətirdiyi dövrlərdə tər iyi
həm də qalibiyyət qoxusuydu. Çiynində ət parçası, gözlərində
qığılcımlar olan kişini mağaradakı arvadı qoxu qarışıq
sevinclə qarşılardı. İndikilərin gözündəki qığılcım
sönüb, çiynindəik ət parçası çoxdan yoxa çıxıb. Amma
bircə tər iyi qalıb, o da qalibiyyətdən çox uzaq. Hər
şeyi başa düşürəm, uşaqların boğazından kəsib dezodorantmı
alacaq? At kimi, eşşək kimi işləyən fəhlənin adam kimi
ətiri niyə olsun ki? İşləyəndən sonra evə ağ adamlarda
olduğu kimi çimibmi gəlir? Amma siz özünüz deyin, bəyəm
adamdan da it iyi gələr?
Vallah, billah, mən xalxın kişisini iynəmirəm. Mən ictimai
nəqliyyatdan istifadə eləməyə məcburam. Durub yad kişiyə
necə anladım ki, adam iy verməz. Tərləmisən, bir eyib,
pəncərənin qabağında yel çəkən yerdə oturmaqnan bizə
niyə zülm verirsən? Məşhur lətifədəki deyilən kimi,
yumaq lazımdır e..., havaya vermək yox. Əlbəttə, qoxu
üstündə kişiləri kəsib-tökə də bilmərik. Mağarada ət
gözləyən qadınlar bunu mənə bağışlamaz. Neynək, gərək
havaların soyumağını gözləyək. Bayaqdan elə onu demək
istəyirəm ki, bircə bu istilər bitsəydi! Humanitar yardım
paylayan ictimai təşkilatların nəzərinə: «Qoxularla
mübarizə» adı altında ölkənin kişi əhalisinə dezodorant
və antipersperantların paylanması kimi humanitar aksiya
keçirilərsə, şəxsən mən ayaqyalın və başıaçıq bu aksiyaya
qoşulub kargüzər, qovluq paylayan kimi olsa belə, ora-bura
qaçmağa, təmənnasız işləməyə ikiəlli razı olaram. Təki
nəticəsi göz qabağında olsun, daha doğrusu, qoxusu burnumuza
gəlsin.