İnsanın xasiyyətini
onun vərdişləri, maraqları, yeməyi, üstünlük verdiyi meyvələrlə
müəyyən etmək olur. Bunların sırasına avtomobilə olan
marağı da əlavə etmək olar. Sahib olduğu, yaxud yiyələnmək
istədiyi avtomobilin bir çox parametrləri insanın bəzi
xüsusiyyətlərini ortalığa çıxarır. Bu parametrlər əsasən
avtomobilin ölçüsü, rəngi, forması, ötürücü qutusunun
mexaniki və ya avtomat olmasıdır.
İri avtomobil yiyələri özünü əhəmiyyətli, kiçik
avtomobil yiyələri isə əhəmiyyətsiz fiqur sayır
Əgər insan böyük avtomobil arzusundadırsa, deməli, o,
şəxsiyyət kimi genişlənmək, olduğundan daha da böyük görsənmək
və özünün nə dərəcədə əhəmiyyətli fiqur olduğunu göstərmək
istəyir. Bu da bir çox halda onun özünü reallaşdıra bilməməsinin,
bəzi planlarının həyata keçməməsinin göstəricisidir. Bəzi
şəxslər isə kiçik ölçülü avtomobilə üstünlük verir. Bu
həmin adamların özlərinə aşağı qiymət verməsinin göstəricisidir.
Rənglər nəyə dəlalət edir?
Avtomobilin rəngi də əhəmiyyətsiz deyil. Avtomobil sahibinin
seçdiyi rəng onun həyatda nələri əldə etmək istədiyini,
yaxud da nələri itirdiyini göstərir. Avtomobilinə rəng
seçənlər məhz bu yolla başqa sahələrdə əldə etmədiklərinin
yerini doldurmaq istəyir. Qırmızı rəng instinktivliyə
işarə edir. Bu rəngdə avtomobil seçənlər daha çox hərəkət
etməyi, özlərini göstərməyi sevir. Sarı rəng avtomobilə
üstünlük verənlər hökmranlıq etmək arzusunda olan insanlardı.
Yaşıl rəng sakitliyə işarə edir. Tünd yaşıl rəngdə avtomobillərinin
sahiblərində emosiyalar və hisslər gizli qalıb. Mavi rəngdə
avtomobilləri, adətən, ünsiyyəti xoşlayan adamlar seçir.
Göy ağıl rəngi hesab edilir. Bu rəngdə avtomobilləri seçənlər
dünyanı emosiyalar və hisslərlə deyil, ağılla qavrayırlar.
Bənövşəyi rəng avtomobillərə yaradıcı və zərif insanlar
üstünlük verir. Onlar hamı üçün açıq insanlardı və dünyanı
əsasən intuisiya vasitəsi ilə qavrayırlar. Ağ birləşdirici
rəngdir. Bu rəngi seçənlərdə, demək olar ki, bütün meyllər
var. Bundan başqa, ağ rəngli avtomobil sahibləri təmizlik
tərəfdarıdırlar. Qara və boz rəngi nəzərə çarpmağı, çox
görünməyi xoşlamayan sürücülər seçir. Bununla yanaşı onlar
vəziyyətə nəzarət etməyə də can atırlar. Psixoloqlar onları
kölgə fiqurları adlandırır.
Konservatorlar köhnə, gənclər sürətli, qadınlar
isə təhlükəsiz avtomobil seçir
Avtomobilin forması da onun sahibi haqqında bir çox şey
deyə bilər. Bəzilər bir neçə on illik bundan əvvəl dəbdə
olan kələ-kötür formalı avtomobilləri xoşlayır. Bu, onu
göstərir ki, belə avtomobilin sahibi on illər bundan əvvəl
formalaşan prinsip və əqidələri rəhbər tutur. Belə sürücülər
yenilikləri çətinliklə qəbul edirlər. Onlar başdan-ayağa
qədər konservatordular. Müasir dizayna üstünlük verən
sürücülər zamanı daha yaxşı hiss edir, istənilən vəziyyətlə
rahat vidalaşa bilir, dəyişikliyə meyilli olurlar. Təbii
ki, bu xüsusiyyət daha çox gənc nəslə xasdır. Bəzi sürücülər
avtomobilin xarici görünüşündə heç bir dəyişiklik etməsələr
də, salonun bəzədilməsinə əhəmiyyət verirlər. Bu, ilk
növbədə onların komforta can atdıqlarının göstəricisidir.
Avtomobilə göstərilən diqqət insanın psixotipi barədə
fikir söyləməyə imkan verir. Köhnə avtomobilləri bərpa
etməyi sevən sürücülər isə bir növ öz keçmişlərini bərpa
etməyə çalışır. Bu da həyata nəzarət etməyin bir yoludur:
əgər insan nəyisə öz əlləri ilə bərpa edə bilirsə, bu,
ona hadisələri idarə etmək üçün inam verir.
Sürət ötrücüsünün də rolu var
Avtomobilin hətta ən xırda detalı onun sahibinin xasiyyətini,
cinsini və vərdişlərini göstərə bilər. Məsələn, gənc vaxtlarında
hamı sürətli yaşamaq istəyir və buna görə də yüksək sürətli
avtomobillərə üstünlük verir. Yaşlaşdıqca isə daha çox
yaşamağa can atırlar və öz təhlükəsizlikləri barədə düşünürlər.
Qadınlar da avtomobil seçərkən daha çox onun necə qorunmasına
və təhlükəsizliyinə əhəmiyyət verirlər. Universal avtomobilləri
isə işgüzar və təsərrüvatçı adamlar alır. Avtomobilin
sürət qutusu da bəzi xüsusiyyətlərdən xəbər verir. Öz
həyatını tam idarə etmək istəyənlər və hərəkətə meylli
insanlar standart mexaniki otürücü qutusuna üstünlük verirlər.
Böyük komfort sevənlər və şəraitə arxalananlar isə avtomat
sürət ötürücüsü qutusuna üstünlük verirlər. Bununla onu
demək olur ki, avtomobil həvəskarları öz xasiyyətlərini
ətrafdakılardan nə qədər gizlətməyə çalışsalar da, onların
avtomobilləri bütün sirləri açacaq.
Qadınlar əvvəl avtomobili, sonra sahibini seçir
Qadınlar hər zaman avtomobilə fikir verir. Bunu istənilən
kişi təsdiq edə bilər. Bütün zamanlarda kişinin atının
səliqəsi onun cəngavərliyinin göstəricisi olub. «S-Class
Mersedes», yeddinci seriya BMW sahibləri müstəqil, tam
təmin olunmuş, yaxşı zövqlü, işgüzar adam hesab edilir.
Əgər bu avtomobillər qara rəngdədirlərsə, deməli, sahibinin
həm də böyük potensialı var. Köhnə «Mersedes»in sahibi
isə, çox güman ki, orijinallıq etməyi sevən ziyalıdır.
Adətən, bu avtomobil sahiblərinin başqa bir maşınının
olması ehtimalı da böyükdür. «Cip» avtomobillərini isə
yalnız yüngül, mobil və ehtiyatlı şəxslər seçir. Bu adamlar
sanballı şəxslər olmasa da, hər zaman VİP kateqoriyasına
can atırlar. «Gelandewagen» avtomobillərini daha çox idmançılar,
kriminal keçmişi olan, yaxşı zövqü ilə seçilməyən və adətən,
xəyanətkar olan şəxlər seçir. Qırmızı «Ferrari» sahibi
olan kişilər isə savadsızlığı ilə fərqlənir. Əgər bu avtomobil
qara rəngdədirsə, qadınların fikrincə, belə kişilərin,
həqiqətən də, başla bağlı problemi var. Həmin kateqoriyaya
sarı damadama salonu olan BMW-nin sahiblərini də aid etmək
olar. Təcrübə göstərir ki, belə avtomobil sahiblərindən
uzaq durmaq lazımdır. Onlarla ciddi münasibətlər qurmaq
olmaz. Avtomobilin xarici görünüşü də sahibi haqqında
fikir deməyə əsas verir. Təmiz və səliqəli avtomobilin
sahibləri özünə həddən artıq diqqət yetirən, səliqəsiz
avtomobillərin sahibləri isə tənbəl, eqoist, hamıya qarşı
çıxan şəxslərdi.
Fizzə