Dırnaqların
dibində sədəfin olmaması ürək çatışmamazlığına işarədi
Həyat
müəmmadır. Hardan gəlib hara getdiyimizi bilmədiyimiz
kimi yaşadığımız zindanda neçə il məhbus olduğumuzu da
bilmirik. Xiromantiya (əllə fala baxma) iddia edir ki,
neçə il və necə yaşayacağımız, hansı sənətlə məşğul olacağımız,
hətta necə ailə quracağımız barədə içimizdəki narahatlığa
son qoya bilər. Sadəcə, ovcumuzdakı xətlərin dediklərinə
«qulaq kəsilmək» lazımdır.
Ürək
xətti ovucun içindən başlayıb şəhadət barmağına tərəf
yönəlir. Bu xətt qan dövranı sistemi və ürəklə birbaşa
əlaqəlidir. Enli, çox solğun və ya əksinə – qırmızı, nöqtələrlə
dolu, yaxud çoxlu kiçik ştrixlərlə kəsilmiş ürək xətti
ürək çatışmamazlığını göstərə bilər. Dırnaqların dibində
sədəfin olmaması, solğun və göyümtül dırnaq da bu diaqnoza
çıxarır.
Ürək
xətti daha çox sevib sevilmək qabliyyətindən xəbər verir.
Əgər bu xətt ağıl xəttindən qısadırsa, düz və zəif görünürsə,
belə adamda ağlın ürəyə, maddi duyğuların ali hisslərə
üstün gəldiyinə inanmaq olar. Uzun və maili ürək xətti
uzun ağıl xəttiylə birgə ürəyiaçıqlıqdan, incə, sevməyi
bacaran xarakterdən danışır. Həddən artıq uzun, şəhadət
barmağına qədər çatan ürək xətti qıçqanc və özünəvurğun
adama işarədir. Əgər ürək xətti Yupiter təpəciyinə çıxırsa,
deməli, özünəvurğunluq və təkəbbür sevgi məsələlərinə
müdaxilə edir. Ürək xəttinin Yupiter təpəsinə çatmamış
xırda xəttlərə haçalanması yumşaq, dostcanlı, ürəyi sevgiylə
dolu naturanı göstərir. Ürək xətti Yupiter təpəsində bitirsə,
deməli , qarşınızdakı adamda sevgi güclü və ideallaşdırılmış
bir hissdir. Yupiter və Saturn təpələri arasında bitən
ürək xəttinin sahibində emosionallıq orta həddədir, o,
sevgini praktiki nöqteyi nəzərdən qəbul edən və sentimentallığı
özünə yük eləməyən şəxsdir. Saturn təpəsindən başlayan
ürək xətti çox hissiyyatlı, amma həm də kobud xarakterin
göstəricisidir. Beləsi çox təmkinlidir, qapalı və ağıllı,
bəlkə həm də bic və qəddardır.
Çoxşaxəli,
budaqlanan ürək xətti cəlbedici, zirək insandan və macərayla
dolu həyatdan xəbər verir. Budaqların hərəsi bir romandır,
yuxarı yönələn xoşbəxt, aşağı yönələn isə nakam sevgi
hekayəsidir. Ürək xəttindəki qırıqlar qırılmış şəxsi
münasibətlərdir. Ovucun istənilən yerində olduğu kimi
ürək xəttindən də kvadrat ürəyiqırıqlığa, bədbəxt hadisələrə
işarədir.
Şəkil
1
1. Ürək xətti
2. Ağıl xətti
3. Ömür xətti
4. Qolbaqlar
5. Tale xətti
6. Venera xətti
7. Günəş xətti
Şəkil
2
1. Yupiter
təpəsi
2. Saturn təpəsi
3. Apollon və ya Günəş təpəsi
4. Merkuri təpəsi
5. Venera təpəsi
6. Ay təpəsi
7. Mars təpəsi
Ömür
xətti ovucun ortasından başlayıb baş barmağı dövrəyə
alan xətdir. Çox vaxt o, ağıl xətti ilə qovuşur. Ömrün
uzunluğunu adətən xəttin uzunluğu ilə ölçürlər. Amma
bu, səhv yanaşmadır. Ömür xəttinin uzunluğu fiziki qüvvənin,
sağlamlığın, həyat gücünün həddini göstərir. Qısa, nazik
ömür xətti ümumi zəifliyi, xəstəliyi və əzələ zəifliyini
bildirsə də, orqanizmin uzunömürlü və dözümlü olmasını
da istisna eləmir. Bu xarakteristikaları gücləndirmək
hərənin öz əlindədir.
Sol
və sağ əldəki ömür xəttini müqayisə edin. Sağ əlin xətti
o birinə nisbətən uzun və daha aydındısa, siz öz orqanizminizlə
düzgün rəftar edirsiz; qısadırsa sizin daha sağlam həyat
tərzinə ehtiyacınız var. Deyilənə görə, rus sərkərdəsi
Suvorovun atası oğlunun ömür xəttinə baxandan sonra onu
hərbçi eləmək fikrinə düşüb. Qısa ömür xətti və zəif orqanizminə
baxmayaraq Suvorov özünü fiziki məşqlər sayəsində möhkəmlədə
bilib və hətta ahıl yaşlarında Alp dağlarına piyada qalxıb.
Yupiter
təpəciyindən başlayan ömür xətti sahibinə həddən artıq
şöhrətpərəstlik verdiyindən o, seçdiyi məqsədə çatmaqçün
hər bir şansdan istifadə ettməyi bacaran olur. Venera
təpəsini geniş meydançaya çevirib ovucun ortasından keçən
ömür xətti ehtiraslı, alicənab və canıyanan insanı göstərir.
Belə adamlar tez evlənir, xoşbəxt ailə və çoxlu dost sahibi
olurlar. Venera təpəsinə yapışıq və ya onun üstünə çıxan
ömür xətti hisslərini möhkəm cilovda saxlayan, qarşı cinsə
münasibətdə soyuq davranan adamlarda olur.
Aydın,
təmiz, qırıqları, nöqtələri və adacıqları olmayan ömür
xətti həyat enerjisi və sağlamlıq əlamətidir. Belə adamlar
özünə əminlik hissini ömür boyu saxlaya bilirlər. Düyünlü,
elə bil bir neçə xətdən düzəlmiş , yaxud xırda ştrixlərlə
kəsilən ömür xətti əsəbiliyin, saysız-hesabsız həyacan
və narahatlığın izləridir. Ömür xəttindəki nöqtələr xəstəliyin
gücləndiyi vaxtları bildirir. Adacıqlar bu xəstəliyin
sürdüyü müddəti, həmçinin dözüm tələb edən çətin sınaq
dövrlərini göstərir. Bu müddəti təxmini hesablamaq olar.
Bununçün çeçələ barmağın orta oynağının sizi maraqlandıran
hissəyə qədər neçə dəfə yerləşə biləcəyini ölçmək lazımdır.
Ömür xəttinin əvvəli baş barmağın arasından götürülür.
Sonra alınmış nəticəni 23-ə vurmaq lazımdır. Məsələn,
tətbiq olunan xəttin uzunluğu çeçələ barmağın orta oynağının
2 mislinə bərabərdisə, deməli hadisəni 46 yaşında (3 il
o yan-bu yan ola bilər) gözləmək lazımdır. Ömür xəttinin
qırıldığı yerdə isə həyat gücünün azalmasını, xətt sonra
yenidən davam edirsə, ağır xəstəlikdən sağalmanı gözləmək
olar. Ömür xəttinin üstündəki ulduz, ya xaç işarəsi gözlənən
təhlikə və ya ciddi uğursuzluqlara işarədir.
Venera
təpəsində ömür xəttinə paralel, onu sanki müşayiət edən
iiknci xəttin olması yaxşı əlamət sayılır. Belə müşayiətçinin
olması sanki xəttin çatışmazlıqlarını o qədər də qabartmağa
qoymur.
Ağıl
xətti şəhadət və baş barmaqlar arasında başlanır. Adətən
ömür xəttiylə qovuşuq olur. Amma irəli gedən kimi ondan
aralanıb üfüqi mövqe tutur. Düz və uzun ağıl xətti sağlam
düşüncə və güclü iradəni göstərir. Çünki o, Mars təpəciyindən
keçib bu planetin keyfiyyətlərini özündə cəmləyir. Ağıl
xətti həddən artıq uzun və düz olanda simicliyə, qənaətcilliyin
əndazədən çıxmasına gətərir. Çox aşağı enib Ay təpəsinə
dönəndəsə mistisizmə gətirib çıxarır. Başqa orqanlar zəifdisə,
kamil deyilsə və Ay təpəsində böyük xaç işarəsi varsa,
onda bu mistisizm dəlilik səviyyəsində çata bilər. Əgər
ağıl xətti təpəciklərə tərəf yönəlib hansısa təpədə dayanıbsa,
onda həmin təpəciyin keyfiyyəti üstünlük qazanacaq. Merkuri
tacirlik, Günəş təpəsi şöhrət və ya var dövlət və s. əlamətidir.
Solğun
və enli ağıl xətti ağılın və ya ehtiyatlığın azlığına
dəlalət edir. Əgər xətt ovucun ortasından o yana keçmirsə,
iradənin zəifliyini, qətiyyətsizliyi və çox vaxt ağılsızlığı
da bildirir. Ağıl xəttinin Mars təpəsində bitib Saturn
təpəsiylə üzbəüz durması qısa həyata, erkən ölümə işarədir.
Zərcirvari ömür xətti ideyalarda dəqiqliyin olmadığını
göstərir.
Ağıl
xəttinin ikiləşməsi sahibinin kəllə travmaları ala biləcəyidən
danışır. Ağıl xəttində düyünlər qatillik meylindən xəbər
verir. Əgər düyünlər solğundursa, deməli qətl artıq baş
verib. Əgər qırmızıdırsa, proses yetişməkdədir. Ağıl xəttindəki
qırmızı nöqtələr sahibinin başından aldığı yaraları, ağ
nöqtələrsə elm sahəsində onun adıyla bağlanacaq tapıntıları
göstərir. Haçalardan biri irəli, o biri aşağı yönələn
ağıl xətti həqiqətə can atanlarda olur. Amma onlar aldana
biləcəkləri kimi aldada da dilirlər. Bir əldə ikiyə bölünmüş
ağıl xətti dəlilik təhlükəsindən danışır. Orta barmağın
davamı kimi nəzərdə tutulan xəyali bir xəttin ovucu kəsdiyi
hissədən o tərəfə keçməyən hər bir xətt təhlükəlidir.
Həmin xəyali xətdən o yana keçə bilməyən ağıl xətti insanlara
nifrət edən adamlarda olur. Ucu Ay təpəciyinə çıxan ağıl
xətti suda boğulmaq təhlükəsindən danışır.
Tale
(Saturn) xətti biləyin mərkəzindən Saturn təpəsinə yönələn
xəttə deyilir. Bu xətt heç də həmişə aydın görünmür. Bəzən
o, bir neçə xəttin növbələşməsindən əmələ gəlir. Aydın,
qırıqsız və ürək xəttlərini kəsərək Saturn təpəsinə çatan
tale xəttinin sahibi yağ içində böyrək kimi yaşayıb kəskin
təlatümlərdən uzaq olacaq. Aydın olmayan, pis görünən
tale xətti uğurların çətinliklə qazanılacağına işarədir.
Dolanbac, dalğavari xətti olan adamsa nə istədiyini bilmir,
başı daşdan-daşa dəyməmiş ağlı üstünə gəlmir. Əgər tale
xəttinin əvvəli və ya axırı haçalanırsa, sahibi sənətini,
maraqlarını dəyişəcək, həyatda üzərinə yeni rol götürəcək.
Tale xəttini müşayiət edən paralel xətlər də iki karyera
deməkdir.
Tale
xətti ovucun mərkəzindən başlayıb Saturn təpəsinə dırmaşan
insan əsasən öz qüvvəsinə arxalanmalı olur. Əgər xətt
Ay təpəsindən başlayırsa, deməli onun uğurlarına fantaziya
və təxəyyül kömək edir. Tale xəttinin Yupiter təpəsinə
tərəf meyllənməsi o deməkdir ki, sahibinin həyatda şöhrətpərəslik
idarə eləyir və uğur ondan yan qaçmayacaq. Venera təpəsindən
gələn və tale xəttini kəsən horizontal xətlər narahat
xasiyyəti əks etdirir. Ağıl xəttində tamamlanan tale xətti
hadisələri dəqiq müəyyən etməkdə, insanları tanımaqda
çətinlik çəkən dumanlı təfəkkürdən danışır. Tale xətti
ürək xəttində bitsə, hədsiz hissiyyatlılıq, səbatsız emosionallıq
diaqnozunu qoymaq olar. Başlanğıcını ömür xəttindən götürən
tale xətti insanın heç kimin köməyi olmadan işi irəli
apara bilmək qabliyyətini göstərir. Tale xəttindəki adacıqlar,
xaçlar, onu kəsən kiçik xətlər dəyişiklik, xəstəlik və
uğursuzluq dövrlərini əks etdirir. Onları ömür yolundakı
işarələrlə tutuşdurmaq olar. Venera və Günəş xətləri hamıda
olmur. Venera xəttinə sahib olmuş və xüsusilə Venera təpəciyi
inkişaf etmiş şəxsin sevgisi aşıb-daşan olur. O, əks cinsin
dilini də yaxşı bilir. Əldə Günəş xətti hansısa sahədə
istedada işarədir. Xətt nə qədər uzun və aydındırsa, istedad
da bir o qədər çoxdur. Sahibi öz üzərində işləyə bilsə,
düz və təmiz xətt ona yaxşı ad-san, şöhrət vəd edir. Dolanbac
Günəş xətti dünyaya ayıq baxa bilməyən, cəsarətsiz insanlarda
olur. Əgər bu xətt sol əldə aydın görünürsə, deməli, siz
hələ də istedadınızı ifadə edə bilməmisiz. Amma işə başlamaq
olar, hələ gec deyil.
Biləkdəki
qırışlar- «qolbaqlar» vasitəsilə də ömür illərini hesablayırlar.
Biləyi başdan-başa halqalayan «qolbağın» hərəsi təxminən
30 il hesab olunur. Toplamağı sizdən…