«Ümidlə
yuxu siam əkizləridir- biri öləndə o biri də yaşamır»
Yusif
Səmədoğlu
Yüz il öncə
yayda ailəsiylə birgə yaşayan Ziqmund Freyd müasirlərinin
seksual həyatı və düşüncələrində inqilab eləyən elmi
işini tamamladı. Elə həmin gündən «Freyd yüzilliyi»
start götürdü. Gələcək kitab çox sadə, amma bazar tələblərinə
uyğun adlanırdı: «Yuxu yozmaları». Cəmi 600 nüsxə çıxmasına
baxmayaraq bu kitabı 8 il ərzində satıb qurtara bilmirdilər.
Çünki yeni yuxuyozmalarını almaq istəyən xanımlar kitabı
vərəqlədikdə dəhşət hissiylə onu tullayıb gedir, «gecə
simvolları»nın izahını öz gizli arzularıyla bağlamaq
istəmirdilər. Onlar hardan biləydilər ki, cəmi 15-16
il sonra yüzlərlə cavan qız məşhur professor Freydin
məruzələrində belə mətni konspektləşdirəcək: «Ağ alt
paltarı və parçalar yuxuda qadının simvoludur. Bütün
geyimlər çılpaqlığa, bədən formalarına, başmaq və ayaqabılar
isə qadın cinsi orqanlarına işarədir». Bəs Freydini
kəşfi nədən ibarətiydi? Hər bir şüurun yaxınlığında
mütləq şüuraltı, təhtəlşüur var. Freyd baba məhz bunu
100 il öncə öz psixoanaliz üsuluyla tapa bilib.
Yuxu
simvolları
Freyd
babanın analizinə görə yuxuda ev insanın özüdür. Kişi
hamar divarlı, qadınsa çıxıntılı eyvanlı evdir. İmperator,
kral və başqa vəzifəli şəxslər valideyni bildirir. Uşaqlar,
qardaş və bacılar yuxuya girirsə, onlar kiçik heyvanların,
parazitlərin, taxtabitilərin simvoludur. Suyla əlaqədar
hər bir şey doğuşla, harasa (xüsusilə dəmir yoluyla) getmək
ölümlə əlaqədardır. Bütün qeyri-müəyyənliklər, tərəddüdlü
eyhamlar hamısı ölümə, geyim, xüsusilə hərbi geyim çılpaqlığa
işarədir. Çubuqlar, çətirlər, bir sözlə bütün uzunsov
predmetlər, bıçaqlar, qılınclar, oxlar, tüfənglər, pistoletlər,
su kranı, fontanlar, sallanan çıraqlar, hətta dırnaqyonan,
çəkic və s. alətlər, hava şarları, sürünənlər, balıqlar,
şlyapalar, paltolar, mexanizmlər – kişi başlanğıcından
danışır. Qadın başlanğıcının əlamətləri isə mağaralar,
şaxtalar, yeşiklər, otaqlar, qapılar, darvazalar, ilbiz,
ağız, kilsə, şaftalı və bütün meyvələr, qayalıq, meşə
və su mənzərəsi, qiymətli zinət əşlarıdır. Hər bir ritmik
hərəkət (məsələn, rəqs, at çapma, hündürə qalxma) təqiblə
bağlı həyəcan, sənətkarlıq işləri, silahla hədələmə intim
münasibətlərlə bağlıdır. Arzular, ehtiraslarsa yuxuda
real və qeyri- real vəhşi heyvanlara çevrilir. Əgər yuxunuza
vəzifəli şəxs, yaxud prezident özü giribsə, narahat olmayın,
siz atanızı yad etmisiniz. Deyəsən, doğma ocağa çoxdandır
ki, baş çəkmirsiz.
Yüzdə
bir qram kokain və hər şey «okey»…
Son
vaxtlar mütəxəssislər arasında Freydin analiz elədiyi
yuxuların kokain qalyüsinasiyası olması barədə ciddi söhbətlər
gedir. Karyerasının lap əvvəində Freyd Bovariya əsgərləri
üzərində aparılmış təcrübələrdən xəbər tutur. Onlara dözümlülüyü
artırmaq üçün kiçik dozalarda kokain verlirdilər. Cavan
alim bu təcrübəni öz üzərində aparmaq istəyir. İlk dəfə
lap əldən düşənə kimi işlədikdən sonra yüzdə bir qram
kokaini suya qatıb içir və səhərədək işini ruh yüksəkliyilə
davam eləyir. Həmən dozanı bir neçə dəfə qəbul etdikdən
sonra «Mən sağlam adamın normal eyforiyasına bənzər şənlik
əldə edə bilirəm» yazmışdı. Dərd ondadır ki, bu nəticələri
o özü kənardan müşahidəsiz qələmə almışdı. Kokaini o özü
qəbul edir, bacısı Rozaya təklif eləyir, hətta nişanlısı
Martaya da göndərir. Sonra o, mədə pozuntuları, qanazlığı,
siflis, alkoqolizm, impotensiyanı narkotiklə müalicə eləməyi
rəva görən elmi işini nəşr eləyir. Və o, inanırdı ki,
kokain morfi aludəçilərni ixilas eləyə bilər. Freydin
bu «dərman»dan asılılığının dərəcəsini indi təyin etmək
çətindir. O, dozasını heç vaxt aşmayıb. Amma elədiyi psixoanalizin
narkotik təsiri altında gəldiyi nəticələrə söykənməsi
nə dərəcədə doğrudur? Bunu heç kim bilmir.
Freyd
o qədər günahsızın azadlığını əlindən alıb…
Bu
gün Freyd avropalı ata və atalıqların ən zalım düşməninə
çevrilib. İndi qorxu, depressiya və əsəb pozuntusunu uşaqlıqda
baş vermiş və artıq unudulmuş seksual təcavüzlə əlaqələndirmək
psixoloqların arasında dəbdir. Nəticədə psixoanalitiklərin
qadın pasientləri «xorla» ata tərəfindən necə zorlandıqlarını
«yada salmağa» başladılar. Amma sonra atalığını yalandan
şərləyib barmaqlıqlar arasına göndərən neçə-neçə yalançı
qızların işinin üstü açıldı. İndi Avropada yelləncəkdən
yıxılmış uşağı qaldırmamışdan əvvəl yad «əmi», sinifdə
fərqlənmiş uşağın başını sığallamamışdan əvvəl müəllim
xeyli fikirləşməlidir. Çünki bu ittihamların əksəriyəti
Freyd nəzəriyyəsi əsasında qurulub.
Freyd
babanın qəbul otağı
Freyd
hesab eləyir ki, bədii ədəbiyyatda yuxuları düz yozmurlar.
Müəllifə necə rahatdısa, eləcə də yuxunun yozulması əsərin
dramaturgiyasına uyğunlaşdırılır. Qəhrəmanın yuxusu əsərdən
kənarda danışılarsa tamam başqa şeylər, şüuraltının öyrənilməmiş
qatları üzə çıxa bilər. Beləliklə, birinci pasient: Səməd
Vurğunun «Vaqif» dramından İbrahim xanı yuxusunu danışır:
Gördüm
dəniz olub bu Cıdır düzü,
Elə
öil dəniz ki, büsbütün qandı,
Onun
dörd tərəfi qara dumandı.
Bu
dənizdə üzür qayıqlar,
Get-gedə
sıxlaşır, bu qayalıqlar.
Elə
bil sıxırlar məni dörd yerdən…
Bir
qayıq yaxınlaşdı birdən-
Zəncirli
bir kəmənd atdılar mənə.
Həmin
kəmənd keçdi düz boğazıma
Məni
çəkə-çəkə hey apardılar.
Gördüm
qayıqdadı o qoca Eldar
Hirsindən
alışıb-yanırdı gözü.
O
məni dənizə basıb dedi, xan,
Buyur,
doyunca iç tökdüyün qandan.
Hər
birimiz əsərdəki Şeyx kimi dəniz aydınlıqdı, qan qovuşuqdu
deyərdik. Freyd isə başqa cür yozardı: get-gedə sıxlaşan,
onu dörd yerdən sıxan qayalıqlar qadına işarədir. Dənizdə
yırğalanan qayıqlar isə cinsi aktın simvoludur. Ola bilər,
bu kişinin şorgözlüyü yuxuda da onu rahat qoymur. (Görəsən,
Vaqifin arvadı Xuramanı yoldan çıxarmasına işarədi, ya
yox?) Zəncirli kəməndin onu çəkib aparması tutduğu yolun
sürüşkənliyindəndir. Qoçaq Eldarla yuxudakı insidenti
onun mazoxist təbiətini aşkarlayır. Çünki gün ərində insan
reallaşdıra bilmədiyini yuxuda həyata keçirir. Silahla
hədələmə də cinsi ehtirasdandır. Bu kişi gecə-cündüz «o
barədə» düşünür.
İkinci
pasient: «Dədə Qorqud» dastanındakı Salur Qazanı Qıpçaq
Məliyin adamları tor atıb tutandan sonra o, arabada ayılır
və yuxusunu danışır: «Yuxuda görürəm ki, beşikdə yırğalanıram.
Siz də mamlı-matan dayələrsiz, başıma yığışmısız».
Yozması:
Beşiyin yırğalanması həyat simvolu və cinsi koitus rəmzidir.
Dayə isə ana əvəzidir. Ola bilər, Salur Qazan şüuraltı
qatlarında Edip kompleksi (anaya qarşı seksual arzu) özünə
yer eləyib.
Üçüncü
pasient: Elə bu dəm Zülfüqar kişinin nəvəsi Moşu («Qətl
günü», Yusif Səmədoğlu) özünü içəri dürtdü.
-
Zülfüqar bavamın halı özündə döyül, deyir, bu gecə mən
öləcəm. Yuxuda Peykanlının uryadnikini görüb.
Salatının
səsi də ona qatışdı: «Ay onu görüm, cəhənnəmin odunda
yanıb-yanıb tüstüyə dönsün. Aya, gorbagor oğlu, gorbagor,
kişini dəli eləyib dana».
Peykanlının
uryadniki Zülfüqar babanın yuxudaca eşiyə səsləyir və
suyu çəkilmiş Kürün qırağına çəkir və özüylə aparır.
«Qətl
günü»nün qəhrəmanı yuxularını arvadına danışmır. Bilir
ki, yenə deyəcək «psixsən». Yuxuda ölüləri görmək psixlikdi?
O, çox vaxt yuxularında yanan ağ işıq görür. Sonra zəif
işığın rəngi dəyişir, o sarı, bozumtul, qırmızı duman
arasında tək-tənha qalır. Və əsərin sonunda söz verir
ki, arvadının yuxusuna girib daha ağlamayacaq, göz yaşlarından
içməyəcək.
Yozması:
Suyla əlaqədar hər şey doğuşa işarədir. Kürün suyu çəkilirsə,
həyat da bitir. Ağ rəngli işıq qadın simvoludur, ağ rəngin
sonrakı dəyişmələri sönən kişiliyin işarəsidi. Arvadının
göz yaşını (yəni doğulacaq uşaqları) içirsə, deməli, daha
nəsil davam etdirməyin qeyri-mümkünlüyünü o özü də başa
düşür.
Hə,
nəticəsi ürəkaçan olmadı: şorgözlük, mazoxizm, Edip kompleksi,
cinsi zəiflik. Görən daha nə qaldı? Odu ki, yeddi gün
, yeddi gecə yatan Koroğlu, nə badə yuxularını Freydə
danışasan a…
Məşhurların
yuxusu
Yuli
Sezarın arvadı Kalpumiya görür ki, onun ərini öldürüblər.
Səhəri gün Sezar Senata getməyə hazırlaşında yuxusunu
ona danışır və ayaqlarına düşüb evdə qalmasını xahiş eləyir.
Bu səhnənin şahidi olan Brut xanımın zəifliyinə gülməyə
başlayır. Sonra Sezarı özüylə aparıb Senatda başqa qiyamçılarla
birgə öldürür.
Midiya
çarı Astiak yuxuda görür ki, qızının bətnindən bir ağac
çıxır. Bu ağac öz kölgəsiylə bütün Asiyanı örtür. Car
maqlarla məsləhətləşir. Onlar yuxunu belə yozur ki, qızı
bir oğlan doğacaq, bu oğlan bütün Asiyanıın hakimi olacaq.
Həqiqətən, Astiakın qızı Kiri doğur. Kir nəinki qonşu
dövlətləri, elə Astiakın da hakim olduğu torpaqları, yəni
Midiyanı itstila eləyir.
Jak Klimonun
əliylə öldürülmüş Kral 3-cü Henrix ölümündən bir neçə
gün əvvəl yuxuda görür ki, şəhərkənarı heyvanxananın
pələng və şirləri qəfəsdən çıxıb onu parçalayır. O,
yuxusunun mənasını yozmayaraq şir və pələngləri öldürməyi
əmr eləyir. Bir neçə gündən sonra özü qatilin əliylə
öldürülür. Yuxuda düşmən simvolu olan vəhşi heyvanlar
əbəs yerə həlak olur.
Gülnarə
Rəfiq