Əl-əl verin, arvadlar!
Bəşəriyyətin ən gözəl hissəsinin öz-özünə müraciəti
Yumor hissi
olmayanlar bunu heç oxumasa yaxşıdı
Əziz bacılar! Analar, qızlar, arvadlar, hətta məşuqələr və intelegent
xanımlar. Əzizlərim, Vətən dardadı! Biz uçurumun qırağından yuvarlanmaya
doğru gedirik. Şok xəbərdən ora-bura qaçıb çığıraraq günahkar axtarmağa
başlamayın. Uzun illər, hətta əsrlər boyu biz çox axmaq olmuşuq. Ona
görə də bizə qadın yox, arvad kimi müraciət ediblər. «Arvada qulaq as,
əksini elə», «Arvadın ağlı dabanında olar» və bu qəbildən olan təhqiramiz
məsəlləri həqiqət kimi qəbul eləmişik. Ağ atlı oğlan haqqında, quyunun
dibindəki 40-cı otaqdan qızı qurtaran Məlikməmməd haqqında nağıllarla
qulaqlarımız elə dolub ki, gözləmə prosesində kişilərin nə Ağ atlı oğlana,
nə də Məlikməmədə oxşamadığını görməmişik. Marşrutda nəinki oturan yerdə
, hətta ayaq üstə də yatmağı bacaran, «ho» eləsə siqaret, tərpənəndə
tər iyindən beynini çatladan kişidir? Mədəsi quruldayanda şimşək kimi
gurultusu blokdan eşidilən, doyandan sonra televizor qarşısında mürgüləyən
də kişidir?
Qazıntılar sübut edir ki, ölkədə kişi olub. Onlardan ən yaxşıları 41-45-də
qalanları Qarabağ döyüşlərində həlak olub. Yerdə qalanların ən yaxşısını
ola bilər kosmosa göndərməkçün gizləyiblər. Kütləvi məzarlıqlar aşkarlananda
hamı əmin oldu ki, ölkədə kişi varıydı! Hə, yadımdan çıxmışdı, bir azını
da Rusiyaya dürtüşdürmüşük. Orda rusların artımla problemləri vardı.
Qadın həmrəyliyi xəttiylə, dedik ki, arendaya verərik. Əclaf rus qadınları
yenə də bizi aldatdı. Bir vaxt ən münbit torpaqlarımızda kələm əkirdik
ki, rusun süfrəsində vitamini olsun. Aramız dəyəni vitamin qarışıq kişilərimizi
ələ keçirdilər. Neynək, vaxt gələr kişisiz qurduğumuz ev-eşikdə tökdüyümüz
göz yaşları onlara qənim olar. Biz burda sement, beton qarışdırıb divara
yapmaqnan və tikilən uca evlərçün uşaq istehsal eləməklə məşğul olduğumuz
vaxt onlar orda kef çəkir? Bizimçün qalanları kimlərdi, cəlin baxaq.
Ya qara fəhlə, ya da deputat – hər ikisinə baxanda adamın ürəyi bulanır.
Deputat ola bilməyənlər yalnız bu arzuyla yaşayır.
Qızlar! Bilin, Vətəni kişilər satıb. Nefti də, meşələri də, torpaqları
da... Onlar bizim gülüşümüzü əlimizdən alıblar. Bu gün arvad bir üç
yaşında olanda, bir də səksəndən yuxarı olanda gülür. Çünki ya hələ
heç nə qanmır, ya da artıq heç nə başa düşmür. Onlar hansı cəsarətlə
bizimlə fəxr eləyə bilir? Əlbəttə, biz oxumuşuq, işləyirik, irəli gedirik,
inkişaf edirik ki, bizi bəlkə adam saydılar, QADIN dedilər. Bizlərdən
bəziləri uğurlu ailə qurub. Onlar hamımızın əvəzinə mədəni həyat yaşaya
bilər. Yerdə qalan qadınlar mütləq ağır yerini qaldırıb işə başlamalıdı.
Gəlin Azərbaycan arvadlar birliyi, yox daha yaxşısı cəbhəsi yaradaq.
Onların qarşısındı ultimatum qoyaq: ya onlar bizə hakimiyyəti verir,
ya da biz onlara heç nə vermirik! Bu üsul qədim Yunanıstanda böyük siyasi
effek vermişdi. Kişilərlə kontakta girmək və canlı valyuta cəlb eləmək
məqsədilə xüsusi hazırlıqlı dəstələr də yaradılmalıdı. Kim deyir ki,
alınmaz, arvadın axmaqlığı üzündə yazılıb? Pul sayanda üzündəki dərin
fəlsəfi ifadəyə filosoflar da həsəd aparar.
Qoy bilsinlər! Bir az da ləngitsələr elm kişisiz ötüşməyin yollarını
kəşf edəcək. Həmin üsulla nəsil artıranda artıq nə tər, nə də siqaret
qoxusu olacaq. Cəlin əl-ələ verək və bu yolu «Arvaddan qadına doğru»
adlandırarıq. Biz mütləq qalib gələcəyik.! Zirək qadınlar, kağız parçası
tapıb tələsik qeyd edin, olmasa önlüyün iç tərəfinə də yazmaq olar:
«Sabah səhər isterika, günorta şoppinq, axşama partiya tapşırığı!»