Qanlı (canlı) səhnələr

Rüsvayçılığı qanla yumamışdan əvvəl düşün:
bəs sonra qanı nəylə yuyacaqsan?
Aleksandr Krasnıy

…Onu ayağından asmışdılar. O biri ayağı isə havada sallana qalmışdı. Səliqəylə soyulmuş dərisi bir qırağa atılmışdı. Əzalarının gərginliyindən, donuqluğundan bilinirdi ki, ölənəcən çapalayıb. Damcı-damcı süzülən qanı yaxınlıqdakı su kranının şırnağına qarışıb kanalizasiyaya axıb gedirdi. Kəsilmiş başı bir az aralıda atılıb. Adətən başı üzüaşağı qoyurlar və soyuq havalarda təzəcə kəsilmiş başdan isti buxar çıxır. Sonradan bu başı aparıb insanın inək üzərində qələbəsinin rəmzi kimi ət dükanının qarşısında təntənəli şəkildə yerləşdirirlər. Adətən malın donuq gözləri olur və dili bayıra çıxır.
Biz hər səhər bu səhnələri müşahidə eləməyə məcburuq, yolumuz burdan keçir. Əvəzində oğlum bilir ki, inəyin buynuzu nə boydadı və bağırsağı çox uzundu və içindəkiləri yortanda çox pis iy gəlir. Səhərlər çalışıram ki, bir az yubanım. Çünki tez gələndə lap təzəcə kəsilmiş malın çapalamağını da görürük. Qorxuram ki, uşaq sual versə cavab tapmaram. Birdən deyər ki, niyə onu kəsimişik? Deyərəm ki, əti xoşlayırıq ona görə. Təzə mal əti yemək xətrinə insanlar sallaqxananı yolun kənarında quraşdırıblar ki, hamı inəyin indicə kəsilməsini müşahidə eləsin. Sallaqxana səkinin bir küncündə, uşaq baxçasının bir addımlığındadı. Oğlumu tələsik sürüyüb apara da bilmirəm. Çünki sallaqxanaya az qala bitişik yerdə qəzet köşkü var. Oğlum orda satılan oyuncaqları gözdən keçirməmiş baralardan getmək istəmir. Amma bəzən qan görüntüsü onu oyuncaqları seyr eləməkdən də ayırır. O gözünü qandan çəkə bilmir.
…Qan qorxudur, amma qan maqnit kimi özünə çəkir. İndiyədək baxdığım və təsirləndiyim filmlərdən birisini heç unuda bilmirəm. «Çılpaq tanqo» adlanan filmdə belə bir səhnə vardı: Girov götürülmüş qadın və onu hər saniyə öldürə biləcək kişi qanlı gölməçədə tanqo oynayır. Qadını bura kişi bilərəkdən gətirib, axı qadınlar qandan qorxan olur. Sallaqxananın iri meydançası topuğacan qan içindədi, amma qadın ürək eləyib qana bulaşmış hündürdaban çəkmələrinə baxa bilmir. O, kişinin gözünün içinə baxmalıdı (girov olduğu üçün və tanqonun qaydalarına görə də). Bu səhnədən anlaşıldı ki, onlar bir-birini mənasız, axmaq, dəlicəsinə bir sevgiylə sevir.
…Bu günlərdə televizorda lipoksasiya əməliyyatına baxmışam. Dəri altındakı piy qatının çıxarılması əməliyyatı lipoksasiya adlanır. Ömrü boyu kalan yeyib-içmiş 60 yaşlı qadın sallaq qarnını «bərpa» eləmək fikrinə düşmüşdü. Ondan «Qorxmursuz ki?» soruşanda dedi: «Bu günəcən özümə vaxtım olmayıb. İşləmişəm, uşaqları böyütmüşəm. İndi təqaüdə çıxıb dünyanı gəzmək istəyirəm. Ona görə gözəl görünməm lazımdı». Əməliyyat çox da qanlı deyildi, baxmaq olurdu. Kəsik ediləndə bir balaca qan axdı, vəssalam. Sən demə piy qatı bədəndən ayrı, nəsə muxtar bir qurum kimi dəri altında özünə yer eləyir. Yediyimiz yeməklər, ət bədənimizdə qana yox, piyə çevrilir. Sonra da orda-burda yığılıb bizə gün vermir. Elə bil ki, bu qədər mal-qaranı nahaq yerə kəsirmişik. Yeyib sonra arıqlamaq barədə düşünürük. Gücümüz çatmayanda həmən qadın kimi gedib kəsdiririk, ya da gombul gəzirik. Əməliyyatdan sonra çıxarılmış dəri altında bir qarış piy yapışmış iki parçanı məcməyiyə qoydular. Torta oxşayırdı. Pasientin qızı anasının piylərinə baxmağı arzulamışdı. Baxdı və «Bu artıq mənim anam deyil» deyib hətta əl dəydi ki, çox yeyib bu günə düşməsin.
…İndi qanla işləyən batareyalar kəşf eləyiblər. Kanada alimləri qan plazmasında işləyən mikroskopik yanacaq elementləri yarada biliblər. Bu batareyalar nanotexnologiya avadanlıqlarını işlədə biləcək dərəcədə energi yaradır və onları daim dəyişmək lazım gəlməycək. Bir damçı qan tökmək kifayətdi ki, batareyalar işə düşsün. Bəlkə öz qanımızı işlətməyi öyrənəndən sonra Yerin qanını, yəni neftini sovurmaqdan əl çəkərik.
…Hərdən «qan çağırır» da deyirlər. Yəni qanın da səsi varmış? Ağlın, vicdanın səsi olduğu kimi. Qan da nəsə deyir, ağıl bir tərəfə dartır, vicdan bir tərəfə. İndi bu boyda xorun içində görüm nə ayıra bilirsən?..

 

 




 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?