Qəmli nağıl

Biri vardı, biri yox. Bir Qırmızıyanaq vardı. Anası ilə birlikdə onlar meşənin kənarındakı tökülmüş evdə yaşayırdılar. Şəhərdəki evlərinin kammunal xərclərini ödəyə bildmədiklərinə görə onu satıb bura gəlmişdilər və özlərini inandırmışdılar ki, təmiz havada sağlam, asudə həyat yaşayacaqlar. Onlar növbəylə quyudan su çəkir, odun daşıyır, bişirməyə nəsə tapanda ocaq qalayıb hazırlayır və yəqin ki, həyatlarından da çox razı idilər. Amma sağlamlıq hardasa yolda azıb gəlib çıxmasa da onlar gözləməkdə idilər. Adətən gözləmə saatları da yataqda keçirdi.
Yayın sonlarında ana başını balışdan güclə ayırıb zəif səslə Qırmızıyanağı səslədi. Səsləməyə ayrı adamı yoxuydu. Axı əri 10 ildi ki, onu atmışdı. Xəstə arvad kimin nəyinə lazımdı ki? İndi o, şəhərdə yeyib, içir, gəzir, bir dənə də qadını gözdən buraxmır və beyninin dumanı keçəndə ailəsi yadına düşərsə bu fikirləri də yenicə süzülmüş badədə boğub batırırdı. Ana dərdə dözməyib yatağa düşmüşdü. O, elə bilirdi ki, kəndə köçəndə birlikdə xoşbəxt yaşayacaqlar. Ata odun doğrayıb gətirəcək. Onlar ailəliklə ocağın başına toplaşıb bir-birinə sığınacaq və gələcəyi heç düşünməyəcəklər. İndi bütün ümidlər daşa dəyəndən sonra həkimlər onda bir qucaq xəstəlik aşkarlamışdı: poleomielit, yaddaşın itməsi, ekstrasistolyasiya ilə növbələşən taxikardiya, xroniki qastrid, ensefalopatik sindromla yanaşı qoturluq.
Qırmızıyanaq anasına yaxınlaşdı.
- Qızım, nənənin yanana getmək lazımdı- deyə ana pıçıldadı.- Ona kökələr apar, qoy sevinsin. Axı ömrünə bir şey qalmayıb…
Nənə isə meşənin içində yaşayırdı. Neçə vaxtdı ki, ətrafdakı turizim mərkəzinin müdiri qarının ölməyini gözləyirdi ki, həyətini hasara alıb torpağına qatsın. Nənənin canı sağ olanda evinin özəlləşməsi üçün o qədər ayaq döymüşdü, amma məneələrin hamısını dəf edə bilmədiyindən torpağın «kupça»sını yalnız yuxularında nəvəsinə vəsiyyət edə bilərdi. Arvadın canı sulu olanda o, Opera və Balet Teatrında xadimə işləyirdi və özünü intellektual sayırdı. Axı zalın bağlı qapılarının arasında süzülən musiqini hər dəfə eşidəndə səviyyəsini artırır və adətən süpürgəni səslənən musiqinin taktında tərpədirdi. Süpürgəçilər arasında hər adam bu səviyyəyə çata bilməzdi. Bir dəfə isə tale onun üzünə güldü, yoxsa irişdi. O qocalıqdan bunu artıq xatırlamırdı. Ona qəfil ölmüş balerinanı əvəz eləmək şansı düşmüşdü. İşləməkdən sümükləri çıxdığından onu adi balerinadan ayırmaq olmazdı. Amma talenin zarafatı sərt olur. Nənə xoşbəxtliyin 7-ci qatında olub «ya Allah» demək əvəzinə «pa de de» və «pa de trua» pıçıldayıb (bu termini o məşq zalını süpürəndə eşitmişdi) sanki qanad çaldı. Amma yerə enmək əvəzinə orkestr çalasına çaxılıb ayağını, əllərini, boynunu və onurğasını, azmış kimi hələ bir dişlərini də sındırdı. O vaxtdan ayağa qalxmayan nənə ildə bir dəfə yanına gələn nəvəsini görəndə həmişə gülümsəyərdi. Qırmızıyanaq həmişəki kimi içinə «Qedion Rixter» firmasının məhsulu ilə doldurulmuş kökələr gətirmişdi. Nənə yeyə, və kökələri əlinə ala bilməsə də saralmış dabanlarıyla sevindiyindən Ştrausun «Meşə valsı»nın ritmlərini döyəcləyərdi.
Bu il də Qırmızıyanaq kökələri zəmbilə yığıb əl ağacına dirsəklənərək ayağını çəkə-çəkə yola düzəldi. Onu uşaqlıqdan Qırmızıyanaq deyrdilər, əsil adını hamı unutmuşdu. Körpəliyindən dəhşətli səpgilər üzünü nə hala salmışdısa, uşağı incitməmək, ürəyini sındırmamaq üçün hamı onu əzizləmə tonunda Qırmızıyanaq çağırardı. İndi o, zəmbili epilepsiya, raxit, səs qallüsinasiyaları və aortanın anevrizmi kimi xəstəlik buketini gəzdirdiyi çiyinlərinə yüklədi. Əlbəttə ki, bu nağılda da meşədə onun qarşısına qurd çıxmalıydı. Qurd meşənin cərrahı statusunu alan gün qızıl dişlər qoydurduğundan sərrast dişləyir və heç kimi incitmədən həmən öldürürdü. Amma onun da ömrünə az qalmışdı. O, bunu bilirdi və xəstəliyinin adını çəkməyə kimsəyə icazə vermirdi. O, ayaqlarını sürüyüb Qırmızıyanağın qabağını kəsdi. Tər-qan içində xırıldayan qız məsum təbəssümlə canavarın üzünü işıqlandırdı.
- Nənənin yanına?
- Aha.
- Artıq gecdi, səni yeyə…. Canavar sözünü bitirə bilmədi və halsızlıqdan ağaca söykənərək yavaş-yavaş sürüşüb yerə sərildi. Bu səhnənin təsirindənmi, yoxsa qorxudan Qırmızıyanağın canı boğazından necə süzülüb çıxdısa heç özü bunu hiss eləmədi. Gözəl həyatının sonuncu kadrlarında yanlarından ötüb keçən dovşanı sönməkdə olan beyni yaddaşına yazdı. Dovşanın mədə xorası və ciyərinin serrozundan əziyyət çəkdiyini görməmək mümkün deyildi. Dovşan gördüyü səhnəni gəlib nənəyə danışanda yaxşı ki, o heç nə eşitmirdi. Valsın intonasiyalarını mərsiyə ritminə dəyişsəydi nənənin ürəyi dözməzdi…