Araqçının hardadı, Tello?..

Çoxdandı özümə araqçın almaq fikrindəyəm. Şəhərə gələn kimi özümü qaçırıb hərdən «Bakının Arbatında» min bir bəhanəylə gəzişirəm, onun-bunun qiymətiylə maraqlanıram. Əslində gözüm araqçındadı. Bilmirəm hansını seçim. Təkəldüz naxışlı, qızılı işləməli və muncuqlu araqçınların içində çaş-baş qalmışam. Yaxşı, tutaq ki, seçə bildim, onu geyib hara gedə bilərəm ki? Problem araqçınla qurtarmır, çünki enli toqqalı kəmərlərə və qurama çantalara da gözüm düşüb. Düzdü qızıl kəmərə gücüm çatmaz, amma gümüş, bəd ayaqda melxiorla üzlənmiş mis kəmərə imkan çatdıra bilərəm. Təsəvvür elədim ki, bir neçə aylıq qazancımı bir yerə qoyub bütün arzularımı gerçəkləşdirə bildim. Sevincimdən uça-uça evə gəldim. Altdan geyinib üstdən qıfıllanarıq hamısını üstümə taxdım. Evin bütün güzgülərində əksimi qoydum. Bəs sonra? Yenə də hamısını cütləyib nənəmin sandığına yığmaqdan başqa neynəyəcəm ki? Yeri gəlmişkən bu sandığı da atam bu yaxınlarda mənə verdi ki, bağda, qarajda tozlanıb qalmış kəm-köhnədən birdəfəlik gözümü çəkim. Soruşarsız ki, bəyəm araqçınla qurama çanta, üstəlik milli kəmər sənə yaraşmazdı? Yaraşar, beş də artıq. Amma gündəlik həyatda, özü də bizim qaçhaqaçla mən xanımlıq eləyə bilərəmmi? Təsəvvür eləyin, toyda, yaxud konsertdə araqçınlı, sürmeyi, zoğalı, yaxud firuzeyi rəngdə kəlağayılı birisi içəri girir. Dekolteli, britelkalı necə deyərlər bayır paltarında qadınını yanına salıb adam arasına çıxaran kişilərin hamısının gözü onda olacaq, arvadının dodaqaltı fınxırtısına, qınayan baxışlarına baxmayaraq. Bəs niyə biz elə geyinmirik ki?...
Bu günlərdə şəhərimişə səfər edən yapon rəssamı məni bu düşüncələrə qərq olmağa məcbur elədi. Bu qadın rəssamın adını deyə bilməyəm, dilim sınar. Oğluyla birgə İçərişəhərdəki Müasir Sənətlər Mərkəsində orijinalı gətirmək bahadı deyə çəkdiklərinin foto slaydlarını təqdim elədi. Bir neçə kadrdan sonra başa düşdüm ki, bizim orta rəssamımız bu səviyyədə rəsmi Əzimzadə adına rəssamlıq uçilişində, istedadlılarımız isə lap məktəbdə rəsm dərnəyində çəkib, bəlkə də artıq tullayıb. Onu da anladım ki, onlar bizə rəsmlərini yox, özlərini göstərməyə gəliblər. Xanımın ilk sözü bu oldu ki, «Mən milli geyimimiz olan kimanodayam». İlahi, onlar bu düyməsiz xalatı geyinməyi öyrənməyə 6 ay sərf eləyirlər, yoxsa o qızı heç kim almaz. Rəssamın oğluysa ona söz verilən kimi tələsik özünü oytaya atıb, təbiətən iri ağzını qulaqlarının dibində yerləşdirib fəxrlə samuray paltarında olduğunu bəyan elədi. Mənim qaynanam bilsəydi çıldağ eləməkçün pambıqdan olan göy əskini məndən yox, göy geyimli samuraydan istəyərdi. Narahat olmayın, naxışı-zadı yoxuydi. Tənbəllik eləmədi, samurayıların taxta qılıncını burnumuzun altında oyan-bu yana yellətdi. O, deyəsən Koroğludan xəbərsizdi. Bu hərəkətlərin hərəsinin bir şey anlatmasını hətta biz də başa düşdük. Gör buna nə qədər ömür sərf eləyib?.. Sonra zər-xara naxışlı ipək parçayla örtülmüş futlyardan yapon fleytasını bəh-bəhlə çıxarıb onun çox qədim olduğunu uzun-uzadı deyəndən sonra hələ bir xaric notlarla milli musiqisini də çaldı. Qurban olasan bizim neyin iniltisinə…
Gündoğandan gəlmiş rəssam sən demə bütün dünyanı gəzibmiş. Hər ölkədən bir rəsm və qucaq dolu təssürat aparırmış. Rəsmlərin şərhində o Vyetnamda olarkən yerlilərin hələ də öz milli geyimində gəzməsini xüsusi vurğuladı. Biz həmin o həsirVyetnam papağını qırt düşmüş toyuğun altına qoymağa layiq bilərdik. İranda bu xanımın başına çarşab abıb «palaza bürüyüb, elnən sürüyüblər». Yəqin ki, bu xanım təqdimatdan sonra öz oğluyla birgə Qız qalası ətrafındakı əntiq dükanlarına baş çəkəcək. Ordakı tikmələri, qab-qaşığı, xalçaları, milli geyimləri gözəndən sonra çənəsi düşəcək. Bilmirəm bir şey ola biləcəkmi? Çünki belə dükanlarda Şəki ipəyindən sadə kəlağayı 100 manata satılır. Sonra Qız qalasına dırmaşıb Bakıya baxanda ürəyi şişəcək və mütləq buraları çəkmək istəyəcək. Evə qayıdandan sonra çəkdiyi şəklin slaydını hardasa Vyetnam və İran arasında yerləşdirib belə şərh edəcək: «Onların çox gözəl şəhəri və ağlasığmaz gözəllikdə milli geyimləri var, amma onlar bu paltarları geyib özləri kimi olmaq istəmirlər».
Şükür məsləhətinə, Allah bir xalqa Qarabağ kimi torpaqlar, bələkdən istedadlı insanlar, tayı olmayan gözəlliklər, bərəkət verir, başqa bir xalqa isə bir qarış adada cənnət qurmaq bacarığı, səbr, dözüm və özününkünü qoruya bilmək əzmi verir. Oralarda milyon dənə gül tökən albalı ağacı fərli başlı meyvə də vermir, onlarsa buna xüsusi ad qoyub milli fəxrə döndərirlər. Yaponiyada meyvə verməyən albalı ağacını çiçəklərini rəsmlərdə ön planda çəkib paltardan tutmuş xonçalara, balışüzünə qədər hər yerə çəkirlər. Burda meyvəni yeyib tumunu rayon torpağını demirəm, Abşeronun şit qumuna atırsan, gələn il həmən yerdə boyhaboy ağac ucalır. Bizdəysə üç çiçəyə beş meyvə verən ağacın meyvəsindən ürəyini sərinlədən rəssamın albalı ağacı çəkdiyini görmüsüz? Ona görə də əsrlərlə bir qarışa görə qırğına gedən yaponlar 15 ildən artıq Qarabağı almaqçün barmağımızı bir-birinə vurmamağı anlaya bilməz.
Biz böyuk xalqıq, çünki Bakıda yaponla yaponca, ingilislə ingiliscə danışa bilən böyük ürəyimiz var. Bunu anlamaqçün yapon rəssamla yaponca danışan, yerindəcə tərgüməçilik edən, sözləri «semiçka» kimi çırtlayan tələbələri görmək bəs eləyir. Biz hər gəlib gedənin cızma-qarasına səbrlə baxıb xaric çalğısını da sözsüz dinləyəcəyik. Hələ bir yola salanda imkan çatdırıb ala bilmədiyini qonağın kimanosunun qatlarına gülə-gülə dürtüşdürəcəyik. Axı onlara hər şey belə çətinliklə başa gəlir. Bizimçün Allah yetirər…
P.S Amma araqçın almaq arzumdan çətin ki, əl çəkə biləm. Onu geyməyə yer tapmasam belə…

«Bizim Yol» qəzeti
04.05.07