Kafe del Mar

Azadlıq mövzusunda variasiyalar

Musiqi kütlənin ruhunu ifadə etməlidir
Sitat xalqındır

Bizdə hər şey xalqındır. Adam arasına çıxarılası musiqimiz də, qonaq-qaraya göstərəcək sənət əsərlərimiz də, hətta demonstrativ azadlığımız da. Bizdə şəxsi azadlıq anlayışı yoxdu. Şəxsiyytin azadlığı deyəndə əksəriyyəti uzaqbaşı Azadlıq meydanındakı mitinqləri dumanlı şəkildə xatırlayır. Bəzən xatırlayan kimi azadlıq sözünü dilinə gətirənin həmən dəqiqə başına qaxanc edirlər ki, kiminsə əliylə idarə edilirdiz, ay azad insanlar!
Bizdə öz evində də azad ola bilməzsən, sevdiyin, bəyəndiyin adamla xəlvət küncdə də. İstəsələr çəkərlər, göstərərlər, rüsvayi cahan edərlər. Sonra ömrü boyu azadlıqdan danışanlar da hamıya qoşulub sənin fiziki quruluşunu, imkanlarını, potensialını və üslubunu, partnyorunun görkəmini müzakirə edəcək. Heç kim sənin azadlıq dairənə soxulduğundan utanmayacaq, nə çəkənlər, nə də baxanlar.
Amma hardasa azad və xoşbəxt adamların olduğunu düşünməmək olmur. Heç olmasa Kafe del Marda günəşi hər gün yola salan insanların xoşbəxt olduğunu düşünəndə toxtaqlıq tapırsan. Bizdə də günəş var və o da Aralıq dənizindəki kimi dənizdə batır. Amma bizdə günəşi və azadlığı vəsf eləyən musiqilər yaranmır, Kafe del Marda isə yaranır. «Dəniz kənarında kafe» kimi tərcümə edələn Kafe del Mar İspaniyada, İbitsa kurortunda yerləşir və Avropanın ən dəbli istirahət yeri olmaqla bərabər azadlıq məkanıdır. Bu yerin xüsusiyyəti ondadır ki, günəş nə sağda, nə solda deyil, düz ortada gözlərinin qarşısında dənizə girir. Hər şey sahildə oturub tonqal ətrafında günəşi yola salanlardan başlamışdı. Onlar burda yığışar, günəşə «hələlik» deyib səhərəcən mahnılar oxuyardılar. Azadlığı pula çevirməyi bacaranlar 1980-ci ildə burda bar-kafe açdılar və bu bar indi dünyanın ən adlı-sanlı bar-kafelərindən biridir. 1994-cü ildən etibarən qürub edən günəşin verdiyi əhval altında yaranan musiqilər disklərə yazılmağa başlandı. Diskləri burda səslənən musiqilərdən diceylər tərtib edir.Hazırda 16 cildlik ayrı-ayrı disklər və kafenin 20 və 25 illiyinə hazırlanmış disklər topluğu buraxılıb. Göstərəsi musiqisi olanlar isə bunu ən əvvəl Kafe del Marda səsləndirmək istəyər. Statistikaya görə günəşin qürubunu burda 9 milyon adam müşahidə edib və 12 milyon disk satışı olub. Dünyanın 8 radiostansiyasında efirdə səhər 7-dən-9-a qədər ayrılmış vaxtda fəlsəfədən danışılır və Kafe del Mar muiqisi dinlənilir. İndiyədək 10 min 347 dəfə günəşi yola salıb ardıyca ürəyi istəyən musiqini dinləib, yaradıb, bölüşüblər. Bura klub mədəniyyətində böyümüş gənclərin yeridi. Təbiət, musiqi, ünsiyyət və azadlıq… Del Mar artıq janr sayılır. Ayağı altında isti qumu hiss edənlərin azıdlıq nəğməsini və mənzərələri disklərə yazıb satanlar milyonlar qazandı.
Bizdə də azadlıq gününü təbiətdə qeyd edənlər var. Tanışlarımdan biri hər il mayın 28-i Araz və Kürün qoşağında dövlətimizin qurulduğu günü günəşi qarşılamaqla qeyd edirlər. İki çayın qovuşduğu yerədə əmələ gələn adacıqda bayrağımızı yellədir, himnimizi oxuyur və samovar çayı içirlər. Amma bu il Kür daşıb azadlıq adasını da yuyub apardı və qoymadı ki, rəsmiyyətdən uzaq yerdə bayrağımız dalğalansın.
Azadlıq musiqisi mütləq hinm olmaz ki. Ruhun pərvaz edən vaxtı nəyi zümzümə edirsənsə o da sənin mahnın olur, mahiyyətini, azadlığını, ruhunu ifadə edir. Bizim özümüzün marselyezamız yoxdu, çətin ki, ola. Xalqın ruhunu isə Cəfər Cabbarlının bu mahnısı gözəl ifadə edir:
Azad bir quşdum,
Yuvamdan uçdum.
Torpağa düşdüm
Bu gənc yaşımda.
Millət isə xalq mahnılarını sevər:
Balam ey…..
Nə səs küydü sizin evdə, Gülcahan?
Toydu bizim evimizdə, Gülbadam
P. S. Ağıllı kitablar yanımda qalaqlanıb, komputerdə azadlıq mövzusunda variasiyalar edirəm, dinamikdə Kafe del Mar səslənir. Əgər azadlığı gözlədə bilirəmsə o biri işlər də gözləyər. Azadlıq mövzusu nədənsə həmişə melanxoliya oyadır. Melanxoliyada nəsə xoş bir məqam var. Qadın və kədər – nəsə oxşarlıq duyuram…