Yadındamı, ötən günlər?

 

Optimist düşünür ki, biz dünyaların ən yaxşısında yaşayırıq.
Pissimist qorxur ki, bu həqiqətən də belədir.

- Yaddaş satıram, yaddaş! Ay müştəri, gəl bəri. Əsil milli yaddaşdı e. Nəyi istəyirsən, unudursan, istəmirsən xatırla ömür boyu. Fikriniz iki günlük xatirələrə getməsin. Onların nə qiyməti var ki? Yaddaş deyirəm e, yaddaş.
- Neçəyə verirsən?
- Sən bir yaddaşa bax, özün qiymət ver. Belə yaddaşı hardan taparsan, a rəhmətliyin oğlu. Qorxma da bir əl vur. Aaaa, kişi yaddaşa əl vurmaqdan da qorxur. Bilirəm, yaddaş da vərdiş istəyir. Bax, əsil yaddaş əl vuranda dağılmaz. Kim desə ki, içində eşələndim, yaddaşım yox oldu, bil ki, onunku əsil deyilmiş. Geydirmə maldır, lap çin malı kimi.
- Boyat deyil ki?
- Qurban olum, yaddaş nə qədər boyat olsa yaxşıdı da. Gündə bir tarix yazılır, min cür söz deyilir. Elə bilirsən yaddaşlara hopa bilir? Bir yaddaşında eşələn, əgər orda dünənin bu günün hadisələrindən başqa bir şey tapılmasa, deməli fərli deyil. Təzəsini almaq lazımdı. Birdən fikir eləyərsən a, yox, bunu sözgəlişi deyirəm. Yaddaşına nə olub, maaşşallah-namxuda. Belə qısa yaddaş da indi dəbdi. Oğlanlar var ki, saçını lap dibindən qırxdırır ki, boynunu arxasındakı qatları yaxşı görünsün. Öz aramızdı, dərinliyinə getsən hamı elə sənin günündədi. Corabında deşiyini gizləmək xətrinə ayaqqabını çıxarmayan qonaq kimi hamı kandardan içəri keçmir. Bir balaca al, beyninə yerləşdir. Qorxma, darlıq eləməz. Söz verirəm, əgər yaddışı qafanda gəzdirə bilməsən geri götürəcəm. Defisit maldı, elə bilirsən yerdə qalacaq. Alacaqlar, mütləq alacaqlar.
- Bəs yaddaşı nəylə ölçüb verəcəksən? Misqalla, zamanla, ya hansı dəyərlə?
- Sənə necə sərf eləyir, elə. Mən alış-veriş bilən xalqın nümayəndəsiyəm. Bilirəm ki, müştəri həmişə haqlıdı. Saxlama müddəti də üstündədi. Aksiz markası da alıb yapışdırmışam. Vaxtı-vaxtında vergisini də ödəyirəm. Qanuni maldı. Apar, dəyərini özün bilməsən də uşaqların biləcək. Hələ bir sənə rəhmət də oxuyacaqlar ki, atamız bizə yaddaş qoyub gedib. Elə bilirsən hər kişi uşaqlarına yaddaş verə bilir, ay-hay. Bir ətrafına bax, qoltuğunda, beynində, lap sandığında yaddaş saxlayan taparsan. Bilirsən niyə? Hamı qorxur, bəli, bəli, yaddaşı saxlamaqdan qorxur. Bilirsən, bu yaddaş bir az qəliz məsələdi. Bir də gördün hakimiyyət dəyişdi, aləm qarışdı bir-birinə. Hər təzə gələn də ən birinci yaddaşdan yapışır. Tarixi dəyişmək, milyonları qırmaq, millətləri didərgin salmaq da yaddaşı təmizləməkdən asandı.
- Yaxşı, bir balaca mənimçün bük. Düzün desəm, axırıncı dəfə yaddaşımı neynəmişəm, xatırlamıram. Gərək evdə «zapas» olsun da.
- Əlbəttə, sənə qurban, lap sevindirdin məni. Səndən nə gizlədim, işlərim o qədər də yaxşı getmir. Bu millət yaddaş-zad fırramır. Deyir elə olsun ki, əlimdə tuta bilim, banka qoya bilim. Sənə hansınnan verim, xariciləri istədiyindən yoxsa, yerli maldan. Xaricilərinki bizim şəraitdə işləmir, yalan niyə deyim. Alınsaydı özləri yeni yaddaşı havayıca beynimizə soxardılar. Çalışdılar, amma alınmadı. Deyim ki, əl çəkmirlər e, ha deyirəm ki, millət yad yaddaşı bəyənməz, deyirlər ki, «hələ baxarıq». Hə, sağlıqnan işlət, xeyirli olsun. Elə bildim ki, yenə də uşaqlarıma bu gün çörək əvəzinə boyat yaddaş yedirəcəm. İllər uzunudur onlara yaddaşdan başqa bir şey verə bilmirəm. Atam da, babam da bizi bu yolnan ayağa qaldırıb. Millətə sata bilmədiklərini bizə yediriblər.
- Sağol, bazar olsun.
- Gülə-gülə… Hə, belə getsə sənətimi dəyişməli olacam. Yoxsa uşaqlarım acından qırılacaq. Bazarımı bağlayıblar. Məktəblərdə camaata havayı yaddaş verirlər, götürmürlər. Gəlib məndən baha-baha almayacaqlar ki. Axır vaxtlar millətin damarını tuta bilmirəm nəsə. Deyəsən xarici yaddaşdan çox yeyiblər çaşıblar. Gərək bir qonşumla məsləhətləşim. O, yuxarılarda oturub millətin gələcəyini satır. Fikir vermişəm, yaxşı dolanır. Qapısında maşını, süpücüsü, katibəsi… Gör-götür dünyasıdır da, gərək öyrənəm. O gün mənə dedi ki, bu yaxınlarda uşaqlarının gələcəyini satmışam, özü də su qiymətinə. Gözümdən qaçmayıb, müştərilərinin əksəriyyəti də xaricilərdi. Belə çətin malnan işləyə bilir, mənsə bircə yaddaşın əlində avara qalmışam. Mən nə biləydim ki, millət yaddaşı sevmir. Keçərdim qürur, mənlik satmağa, amma bir az ehtiyat eləyirəm. Babalarımın ruhu məni rahat qoymaz. Bir də ki, insan artıq milli qürur və mənliyilə doğulur. Elə yaddaş alveri yaxşıdı. Yaddaş satmaq bizdə famil biznesidir. Alırsan, satırsan, olmasa da keçinirsən. Elə olmasaydı qırılardıq ki…