Bura şəhərdir?!

- Ana, hara gedirik? De də, nolar!
- Şəhərə gedirik, balası.
- Şəhərdə kimlər olur? Niyə biz də şəhərdə yaşamırıq?
- Adamlar, xalalar, əmilər, balaca bəbələr…
- Mən bəbələrlə oynaram, ana?
- Gözəlim, yağış dayansa, oynarsan. Sonra səni yelləncəyə mindirərəm.
- Onda bizim evin yanı da şəhərdi. Orda bəbələr də var, yelləncək də.
- Yox, biz şəhərdən uzaq yaşayırıq. Şəhərin küçələri təmiz, işıqlı olur. Hətta gecələr küçələrdə gəzişmək də olar. Yolları enlidir, rəngarəng mağazaları adama xoş gəlir. Şəhərdə çoxlu maşınlar olur.
- Ana, tez çataq da şəhərə. Bura bəyəm, şəhər deyil?
- Hələ yox.
- Bəs bu qədər maşınlar hara gedir? Onlar da şəhərə gedib yelləncəyə minmək istəyir?
- Kimisi işə, kimisi evə tələsir. Onların da yelləncəyə aparası balaları var.
- Bəs o əmilər neynir?
- Onlar körpü tikir ki, yollar tıxaç olmasın.
- Mən bilirəm tıxac nədir? Tüklü ayını ayaqyoluya tullayanda usta əmi dedi ki, tıxac olub. Düz axşamasan əlləşdi, sonra ayını çıxara bildi.
- Bir az səbr eləyək, bizim də canımız tıxaclardan qurtular.
- Bəs sonra? Onda adamlar heç yerə gecikməyəcək?
- O qədər rahat olacaq ki, hamı Bakının yollarını görməyə gələcək.
- Ana, adamlar şəhər çimməyə gəlir?
- Niyə soruşursan? Hamamda çimərlər, şəhərdə yox.
- Orda 3 əmi dizəcən su çalasında bəyəm balıq tutur? Maşınlar da yanlarından ötüb onları fontan kimi sulayır. Yol qırağında duran adamlar də yəqin çimməyə gəliblər. Yaş olanda heç dinmilər.
- Eybi yox, yağış dayanar, yollar quruyar. Şəhərdə sənə əsil fontan göstərəcəm.
- Fontanda çiməcəm?
- Balası, fontanda çimməzlər. Onu gözəllikçün tikiblər.
- Mən yayda fontanda çimən uşaqlar görmüşəm axı. Niyə mən də çimməyim ki?!
-…
- Yəqin su gəlməyəndə şəhərdə yaşayanlar fontandan su daşıyır.
- Şəhərdə su gəlir. O bizim qəsəbədir, torpaq rəngində suyu bir kilometrlikdən daşıyırıq.
- Ona görə hamı şəhərə gəlmək istəyir? Bizim avtobus da doludur, yollardakı maşınlar da. Ana, hamı yelləncəyə minsə mənə yer qalmaz ki…
- Şəhər böyükdü, yer tapılar.
- Şəhərdə evləri taxtadan tikirlər? Ağacları da yəqin onunçün kəsiblər.
- Yox, bu ağaclar hündür binalar tikən əmilərə mane olur, ona görə kəsiblər.
- Bəs uşaqlar ağaca dırmaşmaq istəsə neynəsin? Şəhərdə ağaclarda nə bitir, ana?
- Burda meyvəni bazardan alırlar.
- Ana, ora bax xala hündürdaban ayaqqabıda necə rahat gəzir! Bəs onun dabanı asfaltın çatlarında ilişib qalmır?
- Şəhərdə yaşamağa görə rahatlığını qurban vermək də olar.
- Şəhəri nə vaxt tikib qurtaracaqlar?
- Onu çoxdan artıq tikiblər.
- Onda niyə təzdən sökürlər? Hə, bildim. Sökürlər ki, yenidən tiksinlər və sonra yenə də söksünlər. Ana, gəlib bizim evimizi də sökərlər birdən.
- Hələ yox, şəhəri söküb qurtarmamış bizə dəyməzlər.
- Bura artıq şəhərdir?
- Deyəsən çatdıq.
- Ana, şəhəri kim incidib? Çox qəmgin şəhərdi.
- Şəhərlər insanlardan incisəydi Bakı çoxdan bizdən üz döndərərdi.
- Bəlkə burda ölənlər çox olur deyə hamı qara geyinib?
- Qara rəng çirki götürmür ona görə. Bu boyda palçığın qabağında başqa rənglər davam gətirməz.
- Gəl gedək evə. Burda yelləncəkləri də zəncirləyiblər. Mənim ağacdan asdığım yelləncək bundan yaxşıdı.
- Bəs fontan görmək istəmirsən?
- Yox. Evimizin böyründəki su borusundan fışqıran fontanında çimərəm. Tıxac da istəmirəm, hündür evlər də.
- Bura şəhərdir, balası! Axı sən şəhəri görməyi arzulayırdın.
- Burda adamlar gülmür, ana. Hamı hirslidir və harasa tələsir. Bayaq avtobusda qolumu əziblər, ağrayır. Ana, onlar niyə hisrlidir? Yəqin onlar da şəhərdə yaşamaq istəyir...